Könül BÜNYADZADƏ
fəlsəfə elmləri doktoru
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olunanda eşitdiyim təbriklər arasında biri məni əməllicə düşündürmüşdü: “O təhsil ocağının divarları, dəhlizləri də insanı tərbiyə edir. Özün şahid olacan”. Oldum da. İlk günlərdən diqqətimi bir müəllim cəlb eləmişdi – gözəl, başında ağ kəlağayı, mehriban bir xanım. Lap Anam kimi. Kim olduğunu soruşdum. Fars dili müəllimi Hacı Əsmət xanım Məmmədova dedilər. Yuxarı kurslarda bizə fars dili öyrədəcəkmiş.
Belə mələksima, mehriban xanımın bizə dərs deyəcəyini öyrənib yaman sevinmişdim, səbirsizlənmişdim, hətta gedib öncədən fars dili kitabı da almışdım. Təəssüf ki, fars dili müəllimimiz başqası oldu, mənim bütün həvəsim də elə ilk dərsdən müəllimin dərs yerinə xarici səfərlərlə bağlı xatirələri kimi duman kimi yox oldu uçdu. Amma Əsmət xanıma olan heyranlığım, marağım daha da artdı.
Hacı xanım yaxından tanıdığım ilk qadın alimdir və təbii ki, mənim bu barədə təsəvvürümün formalaşmasında ciddi rol oynadı. Eşitdiyimə görə, bir vaxtlar bu istedadlı gənc tələbə qızı Universitetdə saxlamaq, bir pedaqoq, alim kimi yetişdirmək təşəbbüskarı məhz mərhum professor şərqşünas Rəhim Sultanov olub. Bir vaxtlar öz müəllimindən gördüyü belə bir təmənnasız yaxşılığı sonralar Əsmət xanım öz tələbələrinə göstərib. Nə gözəl. Deməli, yalnız qanla, genlərlə deyil, aldığı xeyirxahlıq dərsləri də nəsildən-nəsilə ötürülə bilirmiş. Tələbələri Əsmət xanım haqqında yalnız pedaqoq kimi yox, həm də ana kimi danışırlar. Hiss olunur ki, onun göstərdiyi qayğı, diqqət, səmimiyyət sanki əmanət verilib və bu tələbələr həmin əmanəti – aldıqları o müsbət, qurucu enerjini mütləq öz ətraflarına paylayacaqlar. Yəqin Hüseyn Cavid belə hallar üçün deyib ki,
Qadın gülərsə,
bu ıssız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət
qadınla yüksələcək.
Antik dövrdə Diotima Sokratı öyrədirdi ki, sevgi – gözəlliyə can atmaq deyil, dünyaya gözəllik gətirməkdir. Onu da əlavə edir ki, sevgini bədən istəyəndə dünyaya övlad gətirirlər, bu, mənəvi bir hamiləlik olanda isə ortaya gözəl düşüncələr, kəşflər çıxır. “Bunların valideyni bütün yaradıcı kəslər və o ustalar olur ki, onlar nə isə kəşf etmiş olurlar”. İlk baxışda belə anlaşılır ki, qadın seçim qarşısındadır: ya ailə və onun timsalında nəsil, övlad, ya da sevgi və onun timsalında mənəvi kamillik, müdriklik. Bu fikirlə qarşılaşanda istər-istəməz hər ikisinin bir şəxsdə mümkün olub olmamasını düşündüm və yadıma düşən tək-tək qadınlardan biri də Əsmət xanım oldu. Axı o, həm alim kimi özünü təsdiqləyə bilib, neçə kitabın, tədqiqat əsərinin müəllifidir, daha çətini isə pedaqoq adını şərəflə qoruyub, ucaldıb, həm də Ana kimi. Əsmət xanım Bakı kəndlərində böyüyüb oxuyub – qız uşağının təhsil almaq üçün şəraitin çox sərt olduğu məkanda. Nəinki oxumuşdu, sonralar elə Bakı kəndlərindən birindən də Millət vəkilliyinə namizəd olmuş, tam 10 il onların yüksək tribunadan səsi olmağı bacarmışdı. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən isə, həyat elə gətirmişdi ki, mən Əsmət xanımın qızı ilə tələbə yoldaşı idim və onun vasitəsilə həm də çoxunun Millət vəkili, Universitet müəllimi kimi tanıdığı şəxsi həm də ev xanımı kimi tanıya bilirdim. Tanıdıqca öz heyranlığıma daha çox haqq qazandırırdım. Vətən, cəmiyyət üçün dörd layiqli övlad yetişdirmək, oğullarını öz əlləri ilə cəbhəyə yola salmaq hər Anaya nəsib olmur.
Şahidi olduğum ən yeni tarixin hadisələrini də düşündükcə belə qənaətə gəlirəm ki, Azərbaycanın sevən və onun üçün övlad yetişdirən hər Ana Vətəninin taleyini də yaşamalı olub. Və məhz Azərbaycanın özünə bənzəyən Analar Vətənimiz kimi sınmır, alnıaçıq, beli dik dura bilir. Bəzən dövrün, zəmanənin sərt üzü insanı elə dəyişir ki, özünün də xəbəri olmur. Əslində, hər insan matrisadır və şərtlərin tələbi ilə müəyyən keyfiyyəti önə keçir və bir də görürsən ki, dünənə qədər çox mehriban insan kimi tanıdığın biri bu gün qarşında vəzifəsi naminə ən rəhimsiz addım atan biridir. Yaxud orta məktəbdə ən çəlimsiz, sakit oğlan uşağı sabah Vətən uğrunda gedən döyüşdə tankın üstünə əliyalın yeriyib yoldaşlarını xilas edən qəhrəmana çevrilir. Bəli, insan mürəkkəb varlıqdır, ancaq onun ilk yaradılışdan Allah tərəfindən verilmiş bir nurlu nüvəsi var ki, heç bir şərait, sərt tələb onu dəyişə bilmir və həmin nur bütün keyfiyyətlərinin pozulmasının qarşısını alır, yaxud ali niyyətinin yolunu daha da işıqlandırır. Bir insanda baş verən dəyişiklikləri isə onun özündən qabaq ətrafı görüb sezə bilir. Universiteti bitirəndən sonra mən ara-sıra Əsmət xanım haqqında məlumatlar öyrənirdim. Yaşadığı dərdlərdən də xəbər tuturdum, bəlalardan da. Bütün bunlara baxmayaraq, bu illər ərzində Əsmət xanımın məhz təsvir etdiyim Analardan biri olduğunu bilmək məni çox xoşbəxt edirdi. Hörmət etdiyim, heyranı olduğum bir şəxsin mənə heç bir peşmanlıq, təəssüf hissi yaşatmadığına görə.
İllər sonra Əsmət xanımla təkrar görüşdük. Universitet dəhlizlərində yox, adi bir ev şəraitində. Ancaq qəribədir qarşımda yenə də həmin şax qamətli, gülərüzlü, gözləri ilə həmsöhbətini nəvazişlə qucaqlayan, mehriban səsli Xanım durmuşdu. İllər əsməmişdi Əsmət xanımın şəxsiyyəti üzərindən və mən yenə heyran-heyran ona tamaşa elədim.
Müəllimlər iki cür olur. Bir var auditoriyada sənə nə isə öyrədən, bilavasitə ünsiyyətdə olan, bir də var sadəcə şəxsiyyəti, varlığı ilə sənə örnək olan. Yəqin ki, Əsmət xanımı ikinci növ müəllimlərimdən hesab edə bilərəm. Ən qəribəsi odur ki, yenə də onunla görüşəndə içimdə fars dilini öyrənmək həvəsi yarandı, tələbə olmaq və məhz Əsmət xanımdan bu dilin gözəlliklərini öyrənmək istədim. Ona tamaşa edə-edə onu da düşündüm ki, onun içindəki həmin ilahi nur, ilahi nüvə necə qüvvətlidir ki, onu illərin sınaqları qarşısında belə mətin, şax saxlaya bilib.
Öyrəndim ki, Əsmət xanımın doğum günü, yubileyi imiş. Neçə yaşının tamam olduğunu öyrəndim və həmən unutdum. İllərin, şərtlərin önündə aciz qaldığı bir Xanımın neçə yaşı olduğunun bir önəmi qalırmı?! Vətənə bənzəyən bir Ananın yubileyində hansı rəqəmin yazılmağının bir əhəmiyyəti varmı?! Düşünürəm, yox.