- Köşə

“Getmək…” təsirsiz feildir?

Firidun AĞAZADƏ

(ikinci yazı)

Keçən yazıda “Getmək nədir, gəlmək nə?” sualları üzərində düşüncələrimi yazdım, bir afət şirin bir mahnı misrası ilə yazdı ki, “…Gedib yenə gələrəm”, yəni ki, “Tökmə gözün yaşını”. Söz apardı məni. Dürlü-dürlü “getmək”lər varmış… Belə yozdum ki, yəni, gedib ki, yenə gəlsin, gəlməyə gedib və xeyli təskinlik tapdım.

Dilçilər yazmış ki, “getmək” təsirsiz feildir. Guya da.., amma ondan təsirlisi yox ki! Hələ təsriflənsə, neçə zamanda, neçə halda, neçə şəxsin dilində neçə şəklə düşüb neçə hədəfə vurar… Kim deyir ki, təsirsizdir?

Digəri yazdı ki, yaddan çıxarmayım, “Gedəni saxlamazlar”. Heç demə, “gəl-get” bir yerdə olanda hətta “dağlar tazə bar eylər”miş:  “Dumangəl get bu dağlardan, (Dağlar tazə bar eyləsin).

Demişdik, Ay da gedir, Günəş də gedir… Birisi yazmış ki, “Gün keçir, ay keçir, il yaman gedir…”. Acısı bu ki, yaman gedir. Bir az asta getsə nolar? Amma adama deyəndə ki: “… sən tanrı, Dolan, gəl bizə sarı. Gedərsən yola sallam, Qalarsan, qadan allam…”, gedən o dünyadan qayıdıb gələr.  “…Ay gedir günbatana, Gözləyirəm yolunu, Dolan gəl günbatana” – indi bildik ki, qız günbatana niyə aşiq imiş (“Mən aşiq günbatana”), yəni, istər ki, məhbubu o səmtə gələ. Əgər Ay günbatana getməsəymiş, o da gələ bilməzmiş. Bundan da aydın ta necə demək olar: “Get, ay batandan sonra gəl…”. Getmək-gəlmək belə olur da. Amma yaxşı ki, o “Günbatan” “İçərişəhər” metrosunun çıxışı deyil… əğyar da adamı görə, qızın anasına xəbər yetirə.

Bizim ellər də gedər, özü də ağır-ağır: “Ağır-ağır gedən ellər bizimdir” – yazmış birisi. Hərdən dünyaya asi olub deyərik: “Dünya, sənin vəfan buymuş? Gələnin də belə, gedənin də belə..!” Necə ki, birisi demiş: “Ondan inciyənin beləsi belə!”. Biri də qeyzlə belə demiş: “Di get, ağzın tökülsün!”

Biri sallanıb gəlir, biri də sallanıb gedir: “Sallanıban gələn dilbər… Yaxan düymələ, düymələ…”. “Sallana-sallana gedən Salatın, Gəl belə sallanma, göz dəyər sənə”. Bu “sallanmaq” nə qəmzədisə yaman şirin şeydi. Amma sallanıb getməsə guya göz dəyməzmiş Salatına. Nə bilim, vallah! Və ya “Həştərxana gedən gəmi ləng olur” – deyə Lütfiyar İmanov oxumuş. Gəmi niyə ləng getsin ki? Ya təkcə Həştərxana gedən gəmilər ləng gedir? Üzüyuxarı üzürlər, ona görə? Birisi “Gələnəgedənə yoldaş” olur, birisi də “Getmə gözümdən, gedərəm özümdən” deyir. Bunlar “getmək-gəlmək” deyil də nədir? Birisi belə fəryad etmiş: “Gedin, deyin Xan Çobana, Gəlməsin bu il Muğana”. Birisi “Gedim bir az ağlayım!” deyir, çünki getməsə, yaşınmasa, ağlaya bilməz. Çünki əsl ağlamaq xəlvətdə olur. Gözümüzdən heç nə yayınmır, “gələn”i bu cür oynadarıq: “Bulaq üstə gələn gözəl, Oyna, incə bel oynasın…”. “Gedən”i bu sayaq əzizlərik: “Ay gedən oğlan, hil olum boynuna…”. Belə bir tənə də var: “Gəlməyi bir ayıb, getməyi – iki…”.

Hər şey gəlməkdə-getməkdə. Vaqifin yadına sənəmlər düşüb, amma “Getməyin binası hayıf ki, yoxdur” deyə gah dizinə çırpır, gah ürəyinə. Məşədi İbad isə əlacsız qalıb: “Gedin, gedin, qazıya deyin…” deyə iltimas edir. Atalar yaxşı bilmiş ki, “Bəzi insanlar gəlincə.., bəzi insanlar da gedincə – gözəl” olur. Nahaq deməyiblər ki: “Kələklə gələn küləklə gedər”. Eləcə də, “Südlə gələn sümüklə gedər”. “Abır-həya”nın da ayaqları varmış, yoxsa niyə desinlər: “Abır-həyam getdi”? Biri deyir: “Tırkaya getməyin”, biri də: “A quşlarım, getməyin, Məni qəmgin etməyin…”. Bir psixoloq yazır ki, “”Ərə getməyin 49 qaydası” var. Qarımış qız 49-unun da üstündən xətt çəkib yazmış: “Heç ərə getməmək ən yaxşı qaydadır”.

Qadına “Gəl” deyənlər çoxdur, amma “Get!” deyənlər də az deyil: “Bilirəm bən səni, get! Hər sözün əfsanə imiş. …Get, gülüm, get, gözəlim! Başqa bir aşiq ara, bul! Duydum artıq sənin eşqindəki məna nə imiş!. Bivəfasən, mələk olsan belə uymam daha, get! Kim ki uymuş sana, könlüm kibi divanə imiş. Yetişir, get! Bəni qəhr eyləmə, tərsa qızı, get!…” – Hüseyn Cavid sonda lap qəzəblənmiş. Birisi on ikinci əsrdə “Hər nəfəs çəkdim, hədər getdi, o saət sənsiz!” – deyir, çünki eşqin sərzənişindən tərəddüddədir: “Ayağım get desə də, başım getmə deyirdi…”.

Hər şey getmək-gəlmək üstündə. “Su gələraxargedər” demək üçün gərək əvvəlcə “Əzizim, axar, gedər” deyəsən. “Getməy”in şirin bir tövrünü Bamsı Beyrək demiş: “Beyrək gedəli Bambam təpə başına çıxdınmı, qız?” Biri də lap bu günlərdə yazmış ki: “Sən gedəli, gözlərimin nəmini Nə istilər, nə küləklər qurutmur”. İnşallah, qurudar. Bayatımız belə söylər: “…Mən gedərgi qonağam, Bir şirin dilə bəndəm”.

Dilçilik elmi deyir ki, getmək  və  gəlmək  feilləri semantik tutum  etibarı  ilə  biri-birinin tam eynidir (müəyyən xarakterli hərəkət + istiqamət).  Bunlar  yalnız  ifadə  olunan hərəkətlərin istiqamətləri arasındakı fərqə görə biri-birindən fərqlənir. “Getmək” feilinin inkarında, həm də ayrı bir şəkildə gözəl bir sözümüz var: “getmənəm”. “Xoruzgöz oğlan gərək, Dul kişiyə getmənəm!” Hacı Qara: “Başburt lazım deyil, Kərəməli. Elə olsa, mən getmənəm!”. Biri də demiş ki: “Mən gedərəm o oğlana, onun pulu çox olsun”. “Getmək-gəlmək” havası üstündə bir gözəl mahnımız dəxi var: “Küçələrə su səpmişəm, Yar gələndə toz olmasın. Elə gəlsin, elə getsin, Aramızda söz olmasın”. Sevgilər – getmək-gəlmək üstündə bitər. Daha iki məsəl: “Gəlmişdi saqqal dalınca, bığı da qoydu, getdi”. “Güldürən yanına getmə, ağladan yanına get”. Bu da “uğunub getmək” – gərək bir uğunub gedən adam tapım, görüm, “uğunub” necə və hara “gedirlər”. Məchur adlı Şirvan şairi “getmək”dən “getdilər” düzəltmiş. Özü də necə: “Vamiqi-qərqi-bəla, Fərhadi-şeyda getdilər, Vərqəvü Gülşa ilə Məcnuni-rüsva getdilər, Dözməyib ol fırqətə Şirinü Leyla getdilər, Bir dəxi dövran dönüb Yusif, Züleyxa getdilər, Qoydular Məchuru tək, məzlumi tənha, getdilər”.

Məsəl var, deyərlər: “…Axar çaya getsə, qurudar”.  Görən, kimmiş o bədayaq? Bu nə getmək? “Asta gedən yorulmaz” – əsrimiz sürət və digital əsridir, necə asta gedək? “Yel ilə gələn, sel ilə gedər” – sınanmış “get-gəl”dir. “Alıb vermək – görüş qaydası, gedib gəlmək – elçi qaydası”. Ata-baba yoludu, neynək?.. Elçiliyə bir neçə dəfə gedərlər, pandemiya imkan versə. Bir də var Əzrail əlində “oppalara getmək”. Allah göstərməsin! Mirzə Ələkbər Sabirdə uşaq da dərsə gedir, buz da əriyib çaya gedir: “Dərsə gedən bir uşaq… …Axıb çaya gedərsən!” Şairin bir tipi də belə deyir: “Bəcəhənnəm ki, gedirsən, səni xud mən nedirəm?” Xəlil Rza belə qəzəblənirdi: “Mən onsuz da əbədiyəm, cahangirlər – gəldi-gedər”. Şəhid anası belə ağı çəkər: “…Balam getdi, gəlmədi, Yağılar kəsdi yolu”.

Rübabə xanımın səsi qulaqlarımızda: “Sənin ala gözlərin, Canım ala gözlərin, Qorxuram birdən öləm, Yada qala gözlərin. Getmə, getmə, gəl, gözəl yar!” Yaxşı ki, axırda “getmə, gəl” deyir. Amma həmişə “get, gəl” demirlər, Rüstəm bəy belə demiş: “Nə vaxt mən səni qoca kişiyə ərə versəm, getmə!” Bəs, bu necə “getmək”di: “İlanın yarpızdan zəhləsi gedər”. Necə?.. “Zəhlə”nin ayağı-zadı var ki, getsin də? Hərdən “buralardan çıxıb getmək” lazım gəlir: “Verməzlər aman bizə, Çıxaq gedək buralardan…”.

“Gəlmək-getmək” bir dünya işidir, onçün dünyaya üz tutub: “Kimlər gəldi, kimlər getdi bu dünyadan, bu dünyadan? Arif olan nakam getməz bu dünyadan, bu dünyadan” – deyə sormuşlar. Sonra da deyirlər ki, “Bu yerlərin üç yolu var, üçü də, balam, getməli”, indi gəl yolunu seç.  “Türkün tökülən qanları bihudə gedərmi?” – deyən Məhəmməd Hadi inanıb ki, bihudə getməz. Necə ki, getmədi. Koroğlu belə gərdiş eylər: “…Başlamamış mən savaşı, Tök malını, get, bəzirgan!” Ürəyin getməsi, ürəkgetmə – tələbəlik illərində evində kirayə qaldığım qarının ürəyi tez-tez gedirdi. Hələ bunlar bir yana qalsın, necə yəni, “proses gedir, təmir gedir? “Proses, təmir” kimdir (və ya nədir) və hara gedir? Prezidentin məmurlara xəbərdarlığı: (Manşetlə) “Təmizləmə prosesi gedir və gedəcək”. Getsə yaxşıdı.

“Getmək-gəlmək” neçə tövrdür: bunun “getməgi” var, “getməgə” var, “getgil” var, “getməgil” var… “…Yəni, cahillik köyünə getməgil, Özünü duzəx içinə atmagil”. Yunus Əmrə belə söyləmiş: “Bənüm bunda qərarum yoq, bən bunda getməgə gəldüm, Bəzirganam, mətaum çoq, alana satmağa gəldüm”. “Dünyayə çoq gəlüb getdüm, ərənlər ətəgin tutdum…”. “Allah buyruğın dutğıl, namazını qılub getgil…”. “Getmək” “getginən-getməginən” olanda: “Var getginən İstanbula, Uruma”. “…Ömrüm-günüm imdadə gəlib, getməginən. Bax ki, könlüm necə fəryadə gəlib, getməginən”.

Füzulidə “getmək-gəlmək”: “Mən bəla bəzmində şəməm, оl pəriçöhrə bir оd, Getsə sönnəm, gər yaxın gəlsə, verər yüz iztirab”. Aşiqlərin nə dediyini bilmək olurmu? Gah “get” deyər, gah “getmə”: “Gəl Füzulinin gözündən qanlı yaş tək getmə kim, Gül camalından uzaq əfzun оlur dərdü-səri”. “Gedərkən sən, bu cismimdə оlan tabü təvan getdi…”. Əlbəttə, gedər, adamın teşti-tabağı da sınar. “Bu, Məcnunun zəncirə özün müqəyyəd etdiyidir və bəhanə ilə Leyli tərəfə getdiyidir”, yəni, zəncirdə olmasaydı, Leyli tərəfə gedə bilməzdi. “Mən getməli oldum, indi xoş qal!” “Getdikcə hüsnün eylə ziyadə nigarımın, Gəldikcə dərdinə betər et mübtəla məni!” “Çün sən həm onu qoyub gedirsən, Onda məni əyləyib nedirsən?” “Əskik olmaz ğəmimiz bunca ki, bizdən qəm alıb, Hər gələn qəmli gedər, şad gəlib yanimizə”. “Dövran üzərindədir zəmanə, Əlbəttə, gələn gedər, cəhanə…”. Yəni, zəmanə dövr edir (gedir).

“Getməy”in bir “gedəlim” şəkli var, ahəngi çox lətif. XIV əsrdə Qazi Bürhanəddin demiş: “…Qan ilə dəstəmaz alıb, Yürü, namaza gedəlim!” Türkmanlar belə demiş: “Haydı, bəylər, savaşmağa gedəlim!” Yunus Əmrənin dilində “getmək” ruhanu bir məqamdadır: “Həsrət ilə ölməyəlim, Gəl, dosta gedəlim, könül”. Görək, Pir Sultan şah qapısına necə xitab etmiş: “Açılın, qapılar, şaha gedəlim!” Günümüzün bir şairi də yazmış ki: “Yeri, könül, yeri, Qarsa gedəlim…”. “…Qandan qorxan qoy almasın, Biz dəstəmaza gedəlim!” – yəqin, dəstəmaz alanda “gedək” yox, “gedəlim” demək daha qüdsidir.  Bu da Qaracaoğlan: “Ölüm, ardıma düşüb də gəlmə, Var get, ölüm, bir zaman da yenə gəl! Anamı, atamı dün aldın, yetər, Var get, ölüm, bir zaman da yenə gəl”. “Getməy”in daha bir lətif şəkli: “Başım alıb hanki yerə gedəyim?..”

Və nəhayət, “getməy”in tapmacaları var: Hay gedər,  Huy gedər, Bircə qarış yol gedər (Qapı). Ha gedir leylək, Hu gedir leylək, İldə bir qarış Yol  gedir leylək (Nənni-beşik). Gedər,  gedər izi yox,  Qayıdar gələr, tozu yox (kölgə). Hacılar haca gedər, Cəhd edər gecə gedər, Bir yumurta içində, Qırx-əlli cücə gedər (nar). Hazar hazara gedər, Mehdi bazara gedər, Anası üç yaşında, Oğlu bazara gedər (üzüm).