- Köşə

Onu sevəndə “Ana Torpaq” olur…

Könül BÜNYADZADƏ

Allah insanı torpaqdan yaratdı. Bu torpağın məkanı, rəngi barədə rəylər çoxdur, müxtəlifdir. Bir şey şübhəsizdir: insanın torpaqdan yaranması. Sonra bu bədənə Özündən bir ruh üfürdü. Burada da müxtəlif rəylər var, amma bir şey dəqiqdir: torpaq bədəndə ilahi bir nəfəs var.

Torpaq udduğu canları unutduracaq qədər soyuq, ayıbları örtəcək qədər abırlı, bağrında bitkilərin kökünün böyüməsini, gövdəsinin üzə çıxacağını, günlərlə, illərlə onun dik durmasını gözləyəcək qədər səbirlidir. Torpağın məziyyəti çox, ona verilən təriflərin, təsvirlərin sayı ondan da çox. Onu sevəndə “Ana Torpaq” olur, nifrət edəndə – “qara torpaq”.

Mən yalnız torpaqdan deyil, torpaqdan yaranıb, torpağa bənzəyən insandan da danışmaq istəyirəm.

Bir var quru torpaq, boş qumlu səhra, susuzluqdan çat-çat olmuş boz çöllər. Maddi dünyanın malı-mülkü yolunda insanlığını unudub bir canlı kimi ömür sürən insan kimi. Bir də var içində min bir həyat qaynayan yaşıl çəmən, sıx meşə. Hətta səhranın ortasındakı kiçik bir oazis də sonsuz səhradan gözəl görünür. Niyə? Çünki həyat var, ruh var. Yaradıcı insan kimi. Hər kəlməsi bir dünya, hər nəfəsi bir dua olan, Allahın verdiyi nəfəslə “torpağına” can verib, ruhunun nuru ilə “qaranlığını” işıqlandıran insan.

İlk baxışda çiçəklərin, ağacların “kifir” tərəfi – kökü torpağın altında qalır, onun gözəlliyinə xələl gətirmir. Gözəlliyi torpağın altında yox, üstündə axtarmaq bir aksiomdur. Amma torpaq çiçəyin özü ilə müqayisə olunmayacaq qədər eybəcər tərəfini qəbul edir və onun vasitəsilə bu çiçəyi qidalandırır, ömrünü uzadır. İnsanın bədəni də ruhunun yanında öz gözəlliyi ilə qürurlana bilməz. Amma bədən insanın bu dünya ilə bağıdır. Onsuz ruha insan deməzlər, onsuz ruh bir çox zövqdən xəbərsiz qalar. Sonlu bədənin yanında ruh sonsuzluğun dəyərini də heç anlamaz.

Torpaq nələrə şahid olmur, İlahi! Ona səpilən eyni toxumlardan birinin cücərib, digərinin ömrünün yarıda qırılmasını və “qardaşının” boy atıb yaşıllaşmasına həsrətlə tamaşa etməsini; şax bir ağacın kökünü xəlvətcə gəmirib onu qurudan siçovulun namərdliyini; toxumun əzabla cücərib boy atsa da, qarşısını kəsən daş parçasını dəlib keçə bilməyib ümidsiz-ümidsiz öz çürüməyini qəbul etməsini görüb “udan” torpaqdır!

İnsanın da içində doğulan neçə-neçə arzular arasında, bəlkə də, ən çox bəslədiyi, ümid etdiyi bir arzusu ya gecikir, ya tələsir və “cücərmədən” yox olur; içində boy atan paxıllıq, qəzəb, yaltaqlıq hissi insanı ucaldan, saflaşdıran sevgi, ədalət, gözəllik hissini gəmirir və bir gün İnsan yıxılır, yerində heyvan – canlı qalır. İnsanın qurduğu ideallar, planlar uyğunsuz şəraitə düşəndə əzaba çevrilir və “ürək” bütün bunları udmaq məcburiyyətindədir.

Torpaq kimi, bədən də arzuların gömüldüyü məkandır!

Amma torpaq gözəl şeylərə də şahid olur! Quruyub qabar bağlayanda göydən düşən damcıların həsrətlə onları gözləyən toxumlara, köklərə qovuşmasına, onlara həyat verməsinə; lap dərinlikdən süzülə-süzülə gələn, özünə yol açan bulağın bir qayanın, bir dağın dibindən vurub üzə çıxmasına; qaranlıqla vuruşa-vuruşa gün üzünə çıxmağa çalışan zərif bir çiçəyin əzminə; qoca bir kötüyün dibindən göyərib qalxmış pöhrələrin həyat eşqinə ilk şahid olan torpaqdır!

Bəs insan! Tam ümidsiz bir anında ən kiçik yardımdan yapışması, “ipin ucundan tutub yumaq” yaratması; ilahidən gələn bir nur şimşək kimi içinə qapamış bir qaranlığı işıqlandırması ilə yeni bir nəfəsinin açılması, yeni bir idrak qatının kəşf olunması; ideyasının, arzusunun verdiyi əzmlə hər çətinliyə sinə gərməsi, məqsədinə çatanda qatlaşdığı bütün əzabları sevincindən unutması; öz qocalmış vücudunun yanında böyüyən gələcək nəslinin cavan vücudu ilə qürur duyması insana da xasdır!

Torpağa düzgün qulluq edəndə necə bağlı-bəhərli olursa, doğru niyyət də bədənə eləcə “qulluq” edir, onu mübarək edir.

Torpağın qatında yatan xəzinəni “canlandırmaq” onun öz ixtiyarında, iqtidarında deyil. Torpaq bir vasitədir, qabdır, alətdir, keçiddir. Bədən də “özündən bixəbərdir”, hansı isə niyyətin, iradənin hökmü ilə nə buyurulursa, “göydən nə yağırsa, onu da qəbul edir”. Ancaq bir var su torpağın ancaq üst qatını isladır, bir də var torpaq doyur və cana gəlir, həyat verir. Bir var bədən, sadəcə, mövcuddur, bir də var bütünlüklə ruhunun əmrinə müntəzirdir.

Torpaq başlanğıc və sonun birləşdiyi nöqtədir – torpaqdan yaranan torpağa dönür. Sönən doğulan üçün başlanğıc olur və torpaq buna vasitəçilik edir… bədən kimi. Bəlkə də, məhz bu məqamda bədən ruhdan bir addım öndədir, yaxud arxadadır. Kim bilir… Torpaqdan bir ovuc götürəndə o, götürüldüyü yerin keyfiyyətlərini özündə saxlayır, ötürür. Bədən də ondan “ayrılan” bədənə öz keyfiyyətlərini vermək iqtidarındadır. Amma ruh bildiklərini özündən sonrakı ruha ötürə bilmir, çünki onun nəyi bilməsi, necə bilməsi Allahın ixtiyarındadır.

Torpaq qədər zərbə dəyən yoxdur… Amma o, həyat gücünü itirmir, “ona” üz tutan hər toxumu cücərtməyə çalışır. İnsanın da gücü bədəninə çatır… amma o, Torpağın özü deyil, sadəcə, ondan bir ovuc olduğu üçün səbri də bir ovucdu, əzmi də.

Allah insanı necə möhtəşəm yaradıb: bədəni ulu Torpağa, ruhu sonsuz ilahi aləmə bağlı öz möhtəşəmliyini dərk etmək üçün ağıl, bu möhtəşəmliyin harmoniyasından zövq almaq üçün könül! Bunları unudan isə nə ağılı, nə könülü özündə sığdıra bilməyən bir ovuc torpaq, bir quru nəfəs olur.