- Dil, Manşet

Seyran SƏXAVƏT: “Çox qeyri-ciddi yanaşmadır”

“Özlərini intellektual, mədəni  hesab edənlər bu dildə danışmırlar, heç danışmaq da istəmirlər. Adamlar var, bu ölkədə doğulur, ad, mənsəb sahibi olur, amma bu dili bilmirlər”. “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlunun feysbuk sosial şəbəkəsində paylaşdığı statusdan götürülən cümlələr reallığı əks etdirsə də, ana dilinə qayğı və canıyananlıqdan söylənilməyib. Naşirin bu fikirləri Azərbaycan dilinin dondurma kimi isti yerə qoyub əritmək məqsədindən başqa heç nəyə xidmət etmir. Türkiyə türkcəsini dövlət dili kimi qəbul etməli olduğumuzu bildirən Şahbaz bəyə sosial şəbəkələrdə tənqidi rəylər yazılıb.

Ana dilinə həssas yanaşan, dili korlayanlarla mübarizə aparan yazıçı, şair Seyran Səxavətin onun laqeyd, hətta zərərli təklifinə münasibətini öyrəndik. Seyran müəllimin diqqətinə eyni zamanda bundan qabaq Rasim Qaracanın da eyni fikirləri söylədiyini çatdırdıq. Rasim Qaracanın dediklərindən xəbəri olmadığını bildirən yazıçı Şahbaz Xuduoğlunun təklifindən məlumatlı olduğunu söylədi:

–       Çox qeyri-ciddi yanaşma olduğuna görə fikir bildirmək istəmirdim. Görünür, bunların Azərbaycan dilini bilməkləri elə bir qədərdədir ki, onlara yaramır. Azərbaycan dili dünyanın zəngin dillərindən biridir deyəcəm, pafos kimi səslənməsin. Rusiyanın böyük yazıçılarından biri Andrey Bitovla dost idik. Moskvada SSR Yazıçılar İttifaqının Yaradıcılıq evində söhbət edirdik. Müdrik adamdır. Dedim ki, fars ədəbiyyatının da, rus ədəbiyyatının da dünyaya kimləri bəxş etdiyini bilirsiniz. Hər iki dil böyük dildi. Dillərin böyüklüyü ərazisi ilə yox, dünyaya bəxş etdiyi klassiklərin böyüklüyü ilə ölçülməlidir. Fikrimlə razılaşdı. Bildirdim ki, Azərbaycan dili sərrastlığına, hissiyyatının son dərəcə yüksək olmağına görə rus, fars dillərindən böyük dildir. Dediklərimi qəbul elədi. Amma soruşdu ki, necə sübut edə bilərsən. İzah etdim:

–       Rus dilində “krasota” (gözəllik) sözünü götürək. Söz rənglə bağlıdır. O qədər də geniş baxış dairəsi deyil. Fars dilində də “krasota” sözü gözlə bağlı deyil. “Zibai”di, əgər “çeşmayi” olsaydı, sərrast, başadüşülən olardı. Azərbaycan dilində “krasota” da “zibayi” də gözəllikdir. Birbaşa gözlə bağlıdır. Gözün əhatə dairəsi, hara rəngin əhatə dairəsi hara. Bunun inandırıcı olduğunu söylədi. Dilin dərinliyinə getmədən onu anlamaq mümkün deyil. Kitab çap etmək Azərbaycan dili ilə işləmək deyil, bu texniki məsələdir.