- Dil

Şəhla MƏCİDOVA. Mənim dilim bütövcə bir şeirmiş

İki gündür ki, sosial şəbəkələrdə bir mövzu ətrafımda müzakirə gedir. Naşir Şahbaz Xuduoğlunun məlum statusu böyük səs-küy yaratdı və etirazlar haqsız da sayılmaz. Ancaq mənim bu statusa münasibətim fərqli olacaq və mən fikrimi Şahbaz Xuduoğluna müraciətlə Azərbaycan şairlərinin şeirləri ilə bildirmək istəyirəm. Əvvəla, əksər müəlliflərlə həmfikirəm və deyilmiş fikirləri təkrar etmək istəmirəm. İkincisi, ANA DİLİmizi yorulmadan, usanmadan vəsf edən şairlərimiz bu mövzuda elə böyük bir ədəbi irsi bizə yadigar qoyub ki, onların əsərlərindən nümunə göstərməklə fikrimi daha gözəl ifadə etmiş olaram, – deyə düşünürəm.  Həm də onlar dilin tərənnümündə fərdiliyi, üslub özəlliyi ilə fərqlənmiş, eyni sevgini bir-birini təkrar etmədən, bənzərsiz şəkildə izhar etmişlər. Bu tərənnüm Azərbaycan adlı ananın südündən, isti nəfəsindən yoğrulmuş, dağlarının əzəmətindən, bulaqlarının zümzüməsindən yaranmış möhtəşəm bir dilin təqdimatıdır.

Hörmətli Şahbaz Xuduoğlu, hər şeydən əvvəl, DİL ANAdır! Maraqlı faktdır ki, millətin varlığının sübutu olan dil dünya dillərində həmin millətin adı və ya “doğma dil” birləşməsi ilə ifadə olunur. Dilimiz yeganə dildir ki, iki müqəddəs sözün – ana  və dil sözlərinin birləşməsindən yaranıb. Doğrudan da, insan ilk dəfə ana deyir, məhz ananın dilində danışır. Daha sonra fikirlər, duyğular, düşüncələr bu dillə ifadə edilir, insanlara ötürülür. Anaya həsr edilən şeirlərdə də elə bu məqam öz əksini tapıb, ananın əzəməti ilə bir tutulub. Görkəmli şairimiz Nəbi Xəzri “Ana” şeirində bu məqamı xüsusi bir təntənə ilə təqdim edir:

Səni uca tutam cahanda, ana,
Mənə arzu da sən, qanad da sənsən.
Sən özün savadsız olsan da, ana,
Mənə ilk müəllim
Həyatda sənsən!
Yazan taleyimi tiitrək əlindir.
Dilin,
Ana dilim,
Sənin dilindir!

Eyni motivi haqlı olaraq “ANA DİLİ şairi” adlandırılan Bəxtiyar Vahabzadənin “Mənim anam” şeirində də görürük. Şair ona dil öyrədən, danışmaq öyrədən, özü yazı bilməyən ananı oxucularına elə təqdim edir ki, ananın böyüklüyü onun savadını kölgədə qoyur:

Savadsızdır,
Adını da yaza bilmir
Mənim anam…
Ancaq mənə,
Say öyrədib,
Ay öyrədib,
İl öyrədib;
Ən vacibi:
Dil öyrədib.

Böyük şair hətta şeirlərinin də müəllifini məhz dili öyrədən, ona həyat verən ananın olduğunu söyləyir:

Bu dil ilə tanımışam
Həm sevinci, həm də qəmi…
Bu dil ilə yaratmışam
Hər şeirimi, hər nəğməmi.
Yox, mən heçəm, mən yalanam,
Kitab-kitab sözlərimin
Müəllifi – mənim anam!

Ana dili müqəddəsdir. Ana dilini qibləgahı hesab edən M.Aslan  “Mənim dilim – qibləgahım” şeirində onu şeir adlandıırır, ona heyranlığını belə söyləyir:

Mənim dilim bütövcə bir şeirmiş,
Hər əzası, hər boyası yerində.
Dalğaları sahilləri döyərmiş,
Müəmması inci kimi dərində .

…Salxım-salxım uyar qatıb hər sözə,
Hər kəlmənin qədərincə cinası.
Həm mənası, həm biçimi möcüzə,
Altdan-üstdən bər-bəzəyi, libası.

Dil, millət məfhumları bəzən bizə tariximizin acı səhifələrini xatırladır, ikiyə bölünmüş Azərbaycan boyda dərdimizi göynədir. Bu nisgili, ağrını Cənub mövzusunda yazıb-yaradan şairlərimiz əsərlərində ürəkağrısı ilə qeyd etmişlər. Dili olan millətin də yaşadığını B.Azəroğlu “Ana dili” şeirində çox gözəl təsvir edir. Düşmənə əsir düşmüş qəhrəmanın bütün zülmə, qəddarlığa tab gətirərək əzmlə durmasının səbəbi dilinin olmasındadır. Onun hər şeyini almaqla qorxutmaq istəyənlərə mətinlə yaşayacağını söyləyir, lakin dilini alanın qarşısında təslim olur:

Dedilər: – Gözünü ovarıq sənin,
Görə bilməzsən.
Dedi: – Yaşaram!
Dedilər: – Qolunu qırarıq sənin,
Silahın, kəsərin düşər əlindən.
Dedi: – Yaşaram!
Dedilər: – Qıçına gündə vurarıq,
Gəzə bilməzsən.
…Dedi: – Yaşaram!
Dedilər: – Nəyin var apararıq biz,
Bir də keçmişinə dönə bilməzsən.
Dedi: – Yaşaram!
Dedilər: – Dilini qopararıq biz,
Danışa bilməzsən, dinə bilməzsən.
Susdu qəhrəman.

Hələ sovet dövründə indi Kəramət kimilərinin bəyənmədiyi Rəsul Rza 1964-cü ildə “Söz ver mənə” şeirində millətini saya görə hesablayan bürokrata qəzəblə xatırladır ki,

Söz ver mənə, yoldaş sədr,
Bu nədir!
Dörd milyon saymısan məni!
Axı mənim çoxum o taydadır.
Nə dili dilimdən ayrıdır,
Nə nəğmələrinin bəstəsi.

Nəbi Xəzri ana dilinə həsr etdiyi bir şeirində dilin ixtiyar sahibinin ancaq xalq olduğunu vurğulayır:

Yox, dil əsrlərin tale səsidir,
Azərbaycan dili – büllur bir bulaq…
Dil xalqın adıdır, xalqın özüdür,
Dilin ixtiyarı xalqdadır ancaq.

Ana dili tərənnüm edilən digər bir şeirdə – O.Sarıvəllinin “Dilin var əgər” şeirində dilin məhz millətin varoluşunun birinci şərti adlandırır:

– Bəli, əlbəttə, var! Get, tarixə bax!
Xalqım var, ölkəm var, elim var mənim.
Dövlət işlərini idarə edən,
Çox güclü, qüdrətli dilim var mənim!
Bax, indi anladım, dilin var əgər,
Bil ki, varın da var, sərvətin də var.

Belə nümunələr minlərlədir Azərbaycan poeziyasında. Hər biri ANA DİLİnə məhəbbətin gözəl ifadəsi! Varlığımızın təsdiqi ANA DİLİmizə dünya boyda sevgimizi kiçik bir yazıda əks etdirmək, təbii ki, mümkün deyil. Hər birimizin qəlbində, ruhundə bu sevginin möhürü var!

Hörmətli Şahbaz Xuduoğlu, yazımı Sabir Rüstəmxanlının “SAĞ OL, ANA DİLİM!” şeirindən bir bəndlə bitirmək istəyirəm və düşünürəm ki, bu bir bənd çox mətləblərə aydınlıq gətirir:

Utansın tarixə dəllallıq edən,
Tarix qapısına açar sözlər var.
Pərdəni qaldırsan beş-on kəlmədən,
Qondarma cildlər tar-mar olar.