Qahirədəki Misir Böyük Muzeyində start götürən beynəlxalq incəsənət tədbiri çərçivəsində “Artoday” fondu tərəfindən IV “Empower Her Art” (EHAF) forumu keçirilib, həmçinin Azərbaycan stendinin açılışı baş tutub.
AZƏRTAC xəbər verir ki, forumda “Artoday” fondunun təsisçisi və icraçı direktoru rəhbəri Şirin Bədr, Misir Böyük Muzeyinin direktoru Əhməd Qanim çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.
Şirin Bədr qeyd edib ki, bu sərgi fərqli ölkələri, mədəniyyətləri və xalqları yaxınlaşdıran vacib bir təşəbbüsdür. Onun sözlərinə görə, 2016-cı ildə fəaliyyətə başlamış “Artoday” özünəməxsus baxışa sahib sənət qurumudur, eyni zamanda, Yaxın Şərq regionunda önəmli mövqeyə malikdir. Təşkilatın əsas məqsədi həm yerli, həm də beynəlxalq səviyyədə incəsənətin inkişafına dəstək verməkdir. O bildirib ki, istəkləri coğrafi sərhədləri aşaraq sənət adamlarını bir araya gətirən vahid bir mühit yaratmaqdır.
Sərgi müxtəlif ölkələrdən rəssamları bir araya gətirən müstəsna sənət platforması sayılır və mədəniyyətlər, xalqlar arasında körpü rolunu oynayır. Qeyd olunub ki, dördüncü dəfə təşkil olunan tədbirin əsas mövzusu cəmiyyət üçün aktual bir məsələyə – qadınların rolunun artırılmasına həsr edilib.
Bundan başqa, forum çərçivəsində panel müzakirəsi baş tutub. Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov çıxış edərək Azərbaycan tarixində qadınların rolundan bəhs edib. O, Tomris və Xurşidbanu Natəvan kimi görkəmli qadın şəxsiyyətlərin fəaliyyətindən danışıb. Bildirilib ki, qadınlar həm keçmişdə, həm də bu gün dövlət və ictimai həyatın bütün sahələrində təmsil olunur və aparıcı rol oynayırlar. Həmçinin xatırladılıb ki, Azərbaycan 1918-ci ildə Şərqdə ilk dəfə olaraq qadınlara seçmək və seçilmək hüququ verib.
Stend Azərbaycan səfirliyi və “SOCAR Trading” şirkətinin dəstəyi ilə təşkil olunub. Açılış mərasimində Misirin bir sıra nazirləri, səfirlər, yerli və beynəlxalq tanınmış mədəniyyət xadimləri iştirak ediblər. Azərbaycan stendi ziyarətçilərin xüsusi marağına səbəb olub, burada çoxsaylı xatirə şəkilləri çəkdirilib.
Forum çərçivəsində, həmçinin azərbaycanlı rəssamlar Billurə Ələkbərli, Leyla Quliyeva, Jalə Əziz, Nisə Zərgərli, Elnarə Nəsirli, Ülviyə Axundova və Zəhra Poluxovanın əl işləri nümayiş etdirilir. Rəssam Leyla Quliyeva “Art Today” təşkilatı tərəfindən tədbirin rəmzini əks etdirən xüsusi hədiyyə ilə mükafatlandırılıb.
Sərgi mayın 5-dək davam edəcək.









