- Dil, Manşet

Sovet Azərbaycanında dövlət dili müzakirələri və qarşıdurmalar

Sov.İKP MK-nın partiya orqanları ilə iş şöbəsinin müdiri Yevgeni Qromov və həmin şöbənin təlimatçısı Konstantin Lebedev Sov.İKP MK-yazırdılar ki, Azərbaycan Ali Soveti dövlət dili haqqında qanunu qəbul etdikdən sonra onu bütün müttəfiq respublikalara göndəribdir. Bundan sonra bir sıra respublikalar, xüsusilə Pribaltika respublikalarında rəhbərliklərdə təmsil olunan bəzi adamlar öz respublikalarında buna bənzər qanunlar qəbul etmək haqqında danışmağa başlayıblar. Latviya Ali Sovetinin sədri Karl Ozalın Azərbaycandakı təcrübəyə istinad edərək Respublika KP MK katibliyində çıxış edib və dövlət dili haqqında konstitusiyaya xüsusi maddə əlavə edilməsi məsələsini qaldırıb.

Lakin Latviya KP MK bürosundakı müzakirələrdə bir neçə büro üzvü buna etiraz etdiyinə görə qərar qəbul edilməyib. Qromov və Lebedev göstərirdilər ki, məsələni Sov.İKP MK ilə  məsləhətləşməməkdə Azərbaycan KP MK və respublika Ali Soveti səhv hərəkət edib. Onlar təklif edirdilər ki, İmam Mustafayev, Sadıq Rəhimov və Mirzə İbrahimovun iştirakı ilə bu məsələyə Sov.İKP MK-da yenidən baxılmalıdır. Mirzə İbrahimovun Azərbaycan Ali Sovetinin sessiyasındakı çıxışının dövlət dili haqqındakı hissəsi rus dilinə tərcümə edilib məruzəyə əlavə edilmiş və Sov.İKP MK katibi Mixail Suslova göndərilmişdi.

Dil haqqında yeni qanunun nazirliklərdə, idarə və müəssisələrdə tətbiqi qeyri-azərbaycanlıların ciddi müqaviməti ilə qarşılaşsa da, Ali Sovetin Rəyasət Heyətinin sədri kimi Mirzə İbrahimov qanunun tətbiqinə əməli xarakter verməkdə, müxtəlif bəhanələr adı altında göstərilən müqaviməti qırmaqda qərarlı idi. Dövlət dilinin tətbiqi ilə bağlı maliyyə nazirliyində bəhanə gətirirdilər ki, guya bu sistemdə Azərbaycan dilini işlətmək çətindir. Bir sıra yerlərdə iclasların hansı dildə aparılması, adamların hansı dildə çıxış etməsi gərgin mübahisələrə səbəb olurdu.

Məsələn, instrumental ansamblın iclasına sədrlik edən iclası rusca açdığı üçün ansamblın azərbaycanlı üzvləri ondan tələb etmişdilər ki, azərbaycanca danışmaq lazımdır. Bu mübahisə hətta dərinləşib dava-dalaşa çevrilmişdi. Yaxud institutların birində milliyyətcə erməni olan əməkdaş iclasda rusca danışmağa başlayanda, onu tribunadan qovmuşdular ki, ya azərbaycanca danış, ya da tribunadan düş aşağı. Hətta Elmlər Akademiyasının partiya konfransında rus dilində danışan Mərkəzi Komitənin ideoloji işlər üzrə katibi Abdulla Bayramovun çıxışı dayandırılmış və o, Azərbaycan dilində danışmağa məcbur edilmişdi. Belə faktların sayı getdikcə çoxalırdı. Bir sıra nazirliklər belə faktlardan Azərbaycan dilinin tətbiqini yubatmaq məqsədi ilə süni şəkildə istifadə edirdilər.

Mirzə İbrahimov 1956-cı ilin dekabr ayının 29-da “Respublikanın bəzi nazirliklərində Azərbaycan dilinin işlədilməsi haqqında” məsələni Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin müzakirəsinə çıxartdı. Qeyd etmək lazımdır ki, Rəyasət Heyətinin qərarı ilə o, hələ noyabr ayının əvvəllərində kənd təsərrüfatı, maliyyə və mədəniyyət nazirliklərinə dövlət dili haqqında qanunun yerinə yetirilməsinin vəziyyətini yoxlamaq üçün komissiyalar göndərmişdi. Dekabr ayının birinci yarısında komissiyalar yoxlamaları başa çatdırıb Mirzə İbrahimovun adına məlumatlar hazırlamışdılar.

Kənd təsərrüfatı nazirliyini yoxlayan komissiya müəyyən etmişdi ki, nazirliyin Baş MTS və mexanizasiya idarəsində 42 nəfərdən yalnız 9 nəfəri Azərbaycan dilini bilir. Qalanları isə bütün kargüzarlıq və yazışma işlərini rus dilində aparırlar. Kənd təsərrüfatının material, texniki təchizat idarəsinin 36 nəfər işçisindən ancaq 6 nəfəri Azərbaycan dilini bilir. Maliyyə nazirliyində vəziyyət daha ağır idi.  Nazirlikdə işləyən 156 nəfər əsas işçidən 78 nəfəri, 22 nəfər idarə, şöbə rəisləri və rəis müavinlərindən 7 nəfəri, respublikanın yerli maliyyə orqanlarında işləyənlərin 78,4 faizi Azərbaycan dilini bilmirdi. Komissiya müəyyən etmişdi ki, Mədəniyyət nazirliyinin 1956-cı ilin oktyabr ayının 1-dən noyabr ayının 12-dək verdiyi 102 əmrin ancaq üçü Azərbaycan dilində yazılmışdır. Məlumatda nazirlikdə verilmiş əmrlərdən biri nümunə gətirilərək deyilirdi: “Məgər Ağstafa rayonu mədəniyyət şöbəsi müdirinin işdən azad edilməsi və onun əvəzinə başqa bir yoldaşın təyin edilməsi haqqındakı əmri Azərbaycan dilində yazmaq olmazdımı?”

Bu məlumatlarla tanış olduqdan sonra Mirzə İbrahimov 1956-cı ilin dekabr ayının 29-da “Respublikanın bəzi nazirliklərində Azərbaycan dilinin işlədilməsi haqqında” məsələni müzakirə etmək üçün Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin iclasını təyin etdi. Lakin həmin gün öncədən razılaşdırılmasına baxmayaraq, Azərbaycan KP MK-nın birinci katibi İmam Mustafayev iclasa gəlmədi. Ali Soveti Rəyasət Heyətinin katibi Səftər Cəfərov Mirzə İbrahimovun tapşırığı ilə onu axtarıb tapsa da, Rəyasət Heyətinin iclasının iştirakçılarının onu gözlədiyini xatırlatsa da yenicə Moskvadan qayıtmış İmam Mustafayev xəstə olduğunu dedi və iclasın onsuz keçirilməsini xahiş etdi.

Əslində İmam Mustafayev xəstə deyildi və iclasa gəlməməyinin səbəbi də daha ciddi məsələ ilə bağlı idi. Belə ki o, 1956-cı il dekabr ayının 20–24-də Moskvada keçirilən Sov.İKP MK-nın plenumunda iştirak edərkən MK-nın müttəfiq respublikalar üzrə partiya orqanları ilə iş şöbəsi müdirinin birinci müavini İvan Şikin İmam Mustafayevi yanına çağıraraq Azərbaycan Ali Sovetinin sessiyasında qəbul olunmuş dövlət dili haqqında qanunla və onun tətbiqi ilə bağlı MK aparatına çoxlu şikayətin gəldiyini bildirmişdi. Eyni zamanda İvan Şikin Mustafayevə tapşırmışdı ki, Bakıya qayıtdıqdan sonra ən qısa zamanda dövlət dili haqqında məsələni Azərbaycan KP MK bürosunun müzakirəsinə çıxarsın. (Bax: İvan Şikinin İmam Mustafayevə tövsiyələri. Dekabr 1956., ARPİİSSA, f. 1, s. 44, i. 50, v. 87.)

İvan Şikin dövlət dili haqqında məsələ ilə bağlı respublikadan gələn ərizə və şikayətlərin kütləvi xarakter aldığını bildirmiş və Mustafayevi həmin şikayətlərlə tanış etmişdi. İmam Mustafayev xəstəlik bəhanəsi ilə Rəyasət Heyətinin iclasına gəlməsə də, lakin İvan Şikinin məsləhəti üzrə dövlət dili məsələsi ilə bağlı MK-nın büro iclasını keçirməyə tələsmədi və bu məsələnin müzakirəsini 1957-ci il mart ayının 16-na qədər yubatdı.

İmam Mustafayevin iştirak etməməyinə baxmayaraq Mirzə İbrahimov dekabr ayının 29-da Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin əvvəlcədən planlaşdırılmış iclasını keçirtdi və “Respublikanın bəzi nazirliklərində Azərbaycan dilinin işlədilməsi haqqında” məsələni təqdim etmək üçün sözü Rəyasət Heyətinin katibi Səftər Cəfərova verdi. Cəfərov üç nazirlikdə keçirilən yoxlamaların nəticələri barədə iclas iştirakçılarına geniş məlumat verdi.

Yoxlama aparılmış nazirliklərin rəhbər işçiləri iclasa dəvət edildiyindən ilk sözü kənd təsərrüfatı naziri Mirhəsən Seyidov aldı. O, dedi: “Kənd təsərrüfatı nazirliyinin aparat işçilərinin yalnız 125 nəfəri azərbaycanlıdır. Şübhəsiz, o biri yoldaşlar da Azərbaycan dilini bilir, amma məktub yazmağa acizdirlər. Bu adamların hamısına birdən-birə Azərbaycan dilini öyrətmək o qədər də asan deyil. Pis olmaz ki, başqa millətlər, hansılar ki, Azərbaycan dilini bilmirlər, onlar üçün dərnəklər təşkil edilsin, müəllimlər bu işə cəlb olunsunlar. Çünki bu yoldaşları biz heç bir yerə göndərə bilmirik”.

Mədəniyyət naziri Məmməd Qurbanov nazirlik sistemindəki iclaslarda bəzi adamların rusca danışmalarına imkan verilmədiyindən şikayət etdikdə Mirzə İbrahimov onun sözünü kəsib bildirdi ki, dövlət dili haqqında qanuna əməl etmək lazımdır, əgər iclasların Azərbaycan dilində keçirilməsi sənin xoşuna gəlmirsə, hara istəsən gedə bilərsən.

Maliyyə naziri Rza Sadıxov Mirzə İbrahimova dedi ki, “Kommunist” qəzetində sizin məqaləniz çıxandan sonra azərbaycanlı yoldaşlar belə söz deyirlər: əgər bu rus yoldaşlar və başqa millətlər Azərbaycan dilini öyrənib, kargüzarlıq işini Azərbaycan dilində aparacaqlarsa, bunları saxlayaq. Əgər Azərbaycan dilində aparmayacaqlarsa, bunları təmizləmək lazımdır. Əlbəttə, o yoldaşlar 3–6 ay ərzində Azərbaycan dilini öyrənə bilməyəcəklər. Odur ki, bununla əlaqədar olaraq bizdə bir çox çətinliklər vardır. Biz bunu bu gün həll edə bilməyəcəyik. Bizdə 156 nəfər işçidən 78 nəfəri azərbaycanlı yoldaşlardır. Elə etməliyik ki, narazılıq olmadan işləri həyata keçirə bilək. Elə olmasın ki, arada başqa cür söhbətlər olsun”.

Naxçıvan MSSR Ali Sovetinin sədri Hüseyn Məmmədov öz çıxışında dövlət dili haqqında qanunun Naxçıvanda yerinə yetirilməsi ilə bağlı məsələlərə toxunduqdan sonra dedi ki, Ermənistan bizə yaxındır. Biz onlarla ara-sıra münasibətlərdə oluruq, tez-tez ora gedirik, onlardan da bizə gəlirlər. Məktub alırıq, məktub göndəririk. Kiçik və böyüklüyündən asılı olmayaraq hansı idarəyə getsəniz, görərsiniz ki, erməni dili tətbiq olunur. Gürcüstanda da belədir. Hüseyn Məmmədov qeyri-rəsmi olaraq adamlar arasında belə söhbətlərin yayıldığına da toxundu ki, dövlət dili haqqında qanun qəbul edildikdən sonra bəziləri belə düşünür ki, ruslar və ermənilər Azərbaycandan getməlidirlər. Belə hallar qanunun düzgün başa düşülməməyindən irəli gəlir.

İclasa sədrlik edən Mirzə İbrahimov çıxışlarda qaldırılan məsələləri ümumiləşdirərək yekun sözü söylədi. O, dedi: “Bu məsələyə biz prinsipial cəhətdən baxanda, mənə belə gəlir ki, istər burda oturan yoldaşlar, istərsə də başqaları – heç kəs buna etiraz etmir. Heç kəs demir ki, bu, lazım deyil, yaxud zərərli tədbirdir. Bəziləri deyir, bu məsələ narazılığa səbəb olur. Əlbəttə, biz yaxşı bilirdik ki, asan işə əl atmırıq. Razılıq olmadan, partiya orqanlarının razılığı olmadan biz bir addım da atmamışıq. Bu məsələni MK-nın bürosunda qoymuşuq, müzakirə zamanı demişlər, etiraz yoxdur, doğru məsələdir, Moskva ilə razılaşmaq lazımdır. Mən sessiyaya gedəndə Moskvada Voroşilov ilə bu barədə danışmışam. O da demişdir düzgün məsələdir, nə üçün bu vaxta qədər bunu etməmisiniz.”

Mirzə İbrahimov bildirdi ki, burada bizim anlayışımıza görə pis bir şey yoxdur. Çıxışlar da göstərdi ki, məsələ heç bir etiraza səbəb olmur. Ancaq bu işi nə üsul ilə, hansı yol ilə həyata keçirmək məsələsi bizim qarşımızda durur. Məsələn, yoldaş Vitali Səmədov bir-iki fakt gətirdi. Deyir, institutda filankəslər belə deyir. Əgər biz istəyiriksə işimizi düz aparaq, gəlin hər iki tərəfdən o danışıqları nəzərə alaq. Məsələn, deyirsiniz ki, xəstəlik kağızını azərbaycanca yazırlar. Bəs necə olmuşdur ki, 20 il azərbaycanlıların xəstəlik kağızını rus dilində yazıb əlinə vermişlər. Bu düzgün deyil. Onlar da insandır. Onların getməyə yeri yoxdur. Bəs onları qeyri-bərabər vəziyyətə salmaq olarmı? Xəstəxanada iki azərbaycanlı şəfqət bacısı azərbaycanca danışır, həkim deyir ki, sizin “qır-qırdan” ibarət olan anlaşılmaz diliniz mənə aydın deyil.

Mirzə İbrahimov Azərbaycan dilində məktəb qurtaranların işə qəbul edilməməyinin çox ciddi sosial problemlərə gətirib çıxardığına toxunaraq bildirdi ki, Kirovabadın özündə minlərlə, yüzlərlə gənc işsizlik ucbatından alver edir, xuliqanlığa qurşanırlar. Belə çıxır ki, cinayətkarlıq azərbaycanlıların milli təbiətidir. Ancaq onlar onilliyi qurtarırlar, azərbaycanca oxuduqlarına görə onları işə götürmürlər. Kağız aparmağa belə götürmürlər. Belə halları mütləq düşünmək lazımdır. Başa salmaq lazımdır ki, əgər ki, siz doğrudan da kommunistsinizsə, beynəlmiləlçilərsinizsə, milli respublikada yaşadığınızı heç bir dəqiqə yaddan çıxarmamalısınız və siz kömək etməlisiniz ki, bu camaatı irəli çəkək.

Kommunist cəmiyyət razı olarmı dəstənin biri qabağa getsin, o biri geridə qalsın? Onlara da işləmək və onları idarələrə cəlb etmək lazımdır. Necə ola bilər ki, “Azenerji” sistemində azərbaycanlıların sayı cəmisi 23 nəfərdir. Heç olmasa respublikada azərbaycanlıları qeyri-azərbaycanlıların tənasübü üzrə götürmək lazımdır. Bunlara göz yummaq düzgün deyildir. Baxın Azərbaycanda əhalinin çoxluğunu azərbaycanlılar təşkil etsə də, pensiya alanlar içərisində onlar hamıdan azlıqda qalırlar. Pensiya üçün 20-25 il iş stajı lazımdır…

Professor Cəmil Həsənlinin araşdırması