Görkəmli ictimai-siyasi xadim, müəllim, həkim, yazıçı, publisist və dramaturq Nəriman Nərimanovun seçilmiş əsərləri gürcü dilinə tərcümə olunub.
İlk dəfə olaraq gürcü dilinə tərcümə edilən kitab aprelin 10-da Tbilisidə M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində oxuculara təqdim olunub.
Mərasimdə Azərbaycan və Türkiyənin Gürcüstandakı səfirliklərinin məsul əməkdaşları, SOCAR-ın bu ölkədəki nümayəndəliyinin rəhbər heyətinin üzvləri, Azərbaycan və gürcü ictimaiyyətinin təmsilçiləri, yazıçı və şairlər, elm adamları iştirak ediblər.
Muzeyin elmi işçisi Leyla Əliyeva tədbiri açdıqdan sonra aprelin 7-də Gürcüstanın qərbində faciəli şəkildə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra layihənin rəhbəri və kitaba ön sözün müəllifi iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva çıxış edərək N.Nərimanovun həyat və fəaliyyəti, yaradıcılığı barədə ətraflı məlumat verib. Bildirib ki, ictimai-siyasi xadim N.Nərimanovun həyat və yaradıcılığının bir hissəsi Gürcüstanla bağlıdır. N.Nərimanov təkcə Azərbaycanda deyil, Gürcüstanda da böyük hörmətlə xatırlanır. Bu gün Marneulidə böyük ədibin adını daşıyan parkda onun abidəsi ucalır. Bir zamanlar dərs dediyi kənddə də ədibin adı əbədiləşdirilib.
A.İsayeva bildirib ki, bu gün oxuculara təqdim olunan kitabda ədibin “Nadanlıq”, “Nadir şah” pyesləri, “Bahadır və Sona” romanı iki dildə – Azərbaycan və gürcü dillərində işıq üzü görüb.
Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Eldar Bayramov, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümbətov və başqaları çıxış edərək N.Nərimanovun yaradıcılığından, dövlətçilik təcrübəsindən danışıb, ictimai-siyasi xadimin işıqlı həyat yolundan bəhs ediblər.
Bildirilib ki, N.Nərimanov ilk qələm təcrübəsi olan “Nadanlıq” əsərini Gürcüstanda yazıb. N.Nərimanov “Nadir şah” əsəri ilə Azərbaycan ədəbiyyatında ilk tarixi faciənin, “Bahadır və Sona” əsəri ilə ilk milli romanın əsasını qoyub.
Qeyd edək ki, əsərləri gürcü dilinə filoloq Oktay Kazımov tərcümə edib. (AZƏRTAC)