- Ədəbiyyat, Xəbərlər

Bir arvadlı kişi

Hekayə

Dağların qoynunda yerləşən bu balaca şəhərdə hamı bir-birini tanıyır, hörmət edirdi. Bura, bəlkə də,  ölkədə yeganə yer idi ki, şəhər içində taksi sürücüləri  “klent”dən pul almır, yalnız uzaq kəndlərə gedənlərdən haqq alırdılar. Nəslixanın evi şəhərin ayağında—RTS  dedikləri yerdə idi. Ev deyəndə ki, bu, ədəli-düdəli ev deyildi,  vaqon–ev idi.  Ancaq içəri girəndə bapbalaca mətbəxi, yataq-qonaq otağı və qalan  dəm-dəsgahı yerində, yaşamağa yararlı bir qutu idi. Nəslixan  beş-altı ay əvvəl tikdirməyə başlafığı üçmərtəbəli, beş yüz kvadratmetr sahəsi olan evin işinə yaxından nəzarət etmək üçün  vaqon-evdə qalırdı.

Vaqon-evin düz yanında “podstansiya”,  yəni rayonun yüz iyirmi üç kəndinin işıq məsələsini həll edən idarə yerləşirdi. Nəslixan işıq idarəsinin rəisinə xahiş edib oranın telefonundan evinə  xətt çəkdirmişdi:  telefonları paralel idi.  Zəng gələndə dəstəyi əvvəlcə işıq idarəsində götürürdülər. Əgər söhbət onlarlıq olmasa,  “bir də zəng vurun”-deyirdilər. İkinci zəngə artıq Nəslixanın evindən cavab verirdilər.

Bu ərəfədə rayona bir məşhur foto-müxbir təşrif gətirdi.  Həmin vaxtları  mərkəzi  qəzet və jurnalların səhifələrində verilən şəkillərin altında tez-tez: “Foto V.Tahirlinindir”—sözlərini görmək olardı.  Müxbiri  rayon qəzetindən Nəslixana təhkim etdilər ki, sən rayon Təbiəti Mühafizə Şöbəsinin inspektorusan. Bu kişini apar, görməli, maraqlı təbiət mənzərələrinin şəklini çəksin. Onsuz da tez-tez sahələrə çıxırsan. Nəslixan çar-naçar razı oldu. İşinin bu “razqar” vaxtında müxbir hərləmək heç ürəyindən deyildi.  Vahabı evinə dəvət edərək  yeyib–içdikdən  sonra qərara  aldılar ki, səhəri gün yola çıxsınlar. Bu dağ yerində  meşələri, sıldırımları gəzmək neçə gün vaxt aparacaqdı.  Şuşadan üzü bəri hərlənib çoxlu şəkillər çəkən qonaq yorulduğu üçün gecə  tez yatmaq istədiyini bildirdi. Müxbiri  telefon olan otağa ötürən Nəslixan köç-külfətini başına yığıb bəriki kiçik otağa keçdi  və müxbiri telefon barədə xəbərdar etməyi unutdu. Böyük palıd meşələrinin, başqa ağacların bol olduğu rayonda elektrik dirəklərini lazım olan məsafədən çox aralı  basdıqdıqları üçün (dirəkləri satdıqları üçün) naqillər tez-tez sıradan çıxır, qəza baş verir, kəndlərə elektrik enerjisinin verilməsində böyük fasilələr yaranırdı. Gecəyarısı bir neçə kənddə məlum vəziyyət yarandı və işıq idarəsinə zənglər gəlməyə başladı.  İdarədə növbətçi yatmışdı. Dəstəyi Nəslixanın evində Vahab götürdü:

-Alo, bura işıq idarəsidir?—soruşan kimi Vahabın yuxulu səsi eşidildi:

-Yoox, bura Nəsirxanın evidü,- dedi. (O, Nəslixanın adını Nəsirxan kimi yadda saxlamışdı).

Bir az keçmiş yenə telefon səsləndi:

-Alo işıq idarəsinnəndi?-deyə soruşdular.

-Yoox, atam-qərdeşim, bayax dedim axı, bura Nəsirxanın evidü,  Nəsirxanın.

… Səhərəyaxın, bəlkə, əllinci  dəfə gələn zəngə Vahab ağlamsınmış cavab verdi:

-Atam-qərdeşim, noolar, qoyun bir saat yatım də. Axı belə olmaz. Bu gecə nə süz yatduz,  nə də məni qoyduz  yatmağa. Siz rəhmətə gedənnərünüzün goru,  imkan verün, ölürəm yuxudan ötrü.  Yatmağ istiyirəm…

Həmin gecə podstansiyada növbətçi  qalan adam  işlədiyi müddətdə, bəlkə, ilk dəfə idi ki, bütün gecəni səhərəcən yata bilmişdi.

Sabahı gün  Nəslixan qonağı  yuxudan  güclə oyatdı.  Günorta yeməyindən sonra  yola düşdülər.  Yol uzaq olduğu və: “ həm ziyarət, həm ticarət”-deyə düşünən  Nəslixan hamının “Topal Teymur “ dediyi  iş yoldaşı Teymuru da özü ilə götürdü.  Şəhərdən çıxıb üzü dağlara doğru  səmt  alan maşını özü  sürür,  yola nərdivan salmaq üçün arada Teymurla  söhbət edir,  Vahab da pəncərədən mənzərələrə baxırdı.  Qarabağın gözü olan bu rayona birinci dəfə idi gəldiyi üçün gördüklərindən vəcdə gələn foto-müxbir:

-Alə, Şuşanı başdan-ayağa gəzib çəkmişəm. Şuşa gözəldür. Möhtəşəmdür. Ancax buralar tamam başqadur, daha gözəldür.  Böyük… Əzəmətli… Mənzərələrə bax bir. Necə ecazkardur, təkrarsızdur.  Bütün ölkəni gəzmişəm, belə yerlər görməmişəm. Buraları bilirsüz, niyə tanımır camaat? Çünki yolu yoxdur. Buralara yaxşı yol çəkilə, rahat gediş-gəliş ola ha,  dünya tökülər bura. Alə, bu ğadar çiçək, gül olar?  Ayy  daa, gözəlliyə bax..

Dörd gözlə, heyranlıqla ətrafı seyr edən Vahab öz-özünə danışır,  uşaqlar onu eşitmirmiş kimi qoşulmur, onlar üçün adiləşmiş mənzərələrə ötəri baxırdılar.  Az  sonra Nəslixan bir siqaret yandırıb damağına qoydu. Ona baxıb birini də Teymur yandırdı.  Vahab həyəcanla:

-Atam-qərdeşim, neyliyirsüz? Maşında siqaret çəkərlər?

Dostların hər ikisi təəccüblə ona baxdılar. Teymur:

-Müəllim , pəncərə açıxdı  dana , noolajax?—dedi.

– Yoo, noolsun açığdu? Burdan çıxana qədər nəfəsimə dolur. Söndürün siqaretlərü,- deyə qonaq  əmr etdi.

O,  mərkəzdən-paytaxtdan gəldiyi və qəzetdə işlədiyi üçün  rayon adamlarına yuxarıdan aşağı baxırdı. Qonağa hörmət etməyi dədə-babadan qalma yazılmamış qanun kimi qəbul edən cavanlar siqareti söndürdülər. Ancaq ürəkləri siqaret çəkməkdən ötrü gedirdi. Yolun yarısında dözməyən Nəslixan maşını saxlayıb  düşdü və Teymuru da çağırıb hərəsi bir siqaret  yandırdı. Yenicə çəkməyə başlamışdılar ki, Vahab başını pəncərədən çıxarıb:

-Bu, sonuncu olsun.  Nöşün ki,  maşına minəndə ağzuuzdan siqaret iyi gələcey. Ürəgim bulanacey,- dedi.

Cavanlar bir-birinin üzünə baxıb dinmədilər. Ancaq qanları bərk qaraldı. Nəslixan səfərini Hacısamlı sovetliyinin Bülöylük deyilən  kəndində başa vurmağı qərara almışdı. O kənddə  atasının dostu Kamran  bəy yaşayırdı.  Qəribə xasiyyəti, çox böyük təsərrüfatı olan  Kamran bəy həm də  məşhur arıçı kimi tanınırdı .  O,  bu tərəflərin adlı-sanlı adamlarından olan Müseyib bəyin oğlu idi.  Bir zamanlar Müseyib bəylə məşhur Soltan bəy arasında gərgin düşmənçilik olmuşdu. Çox adi bir şeyin üstə başlayan düşmənçiliyin səbəbini  hərə bir cür yozurdu.  Soltan bəy həmin Soltan bəydi ki, Tat dərəsində erməni Andronikin böyük bir dəstəsini məğlubiyyətə uğratmışdı. Qardaşı Xosrov bəy Sultanov isə Şuşanın general- qubernatoru olmuşdu. Hər iki tayfa ağır, tikanlı nəsil idi və onlar haqda çoxlu rəvayətlər gəzirdi. Deyirdilər, erməni-müsəlman davası vaxtı Xosrov bəy qardaşı Soltan bəyə  kiçik çaplı bir pulemyot verir. O da pulemyotu gətirib Bülövlük kəndinin lap yuxarısında üzü kəndə tərəf qurur. Soltan bəyin  atası Paşa bəy baxır ki,  erməni gəlsə, onlara atılan güllədən kənd də zərər görəcək. Oğluna deyir ki, a bala, beş-altı dılqır ermənidən ötrü kəndi dağıtmayacaqsan ki.  Bura  iki seyid gətir, hərəsinə də kəndin bir başında ev tik.  Elə bir-iki  ilə  bütün obanı tamam yeyib dağıdacaqlar…

Nəslixan qəzetə vermək üçün  Kamran  bəyin də şəklini çəkdirməyi qərara almışdı.

Sıldırımlı qayaların  döşündə bir maşın keçəcəyi endə açılmış yolla hərəkər etdikcə Vahabın ürəyi üzülür, ancaq  səsini çıxarmırdı.

-Qağa, Kamran bəyin  o biri arvadı durur,  görən?-deyə Teymur qəfildən sual verdi.

– Hə, o da durur, ondan irəliki Sonaxanım da,- deyə Nəslixan cavab verdi.

Söbətin məğzini tam anlamayan Vahab:

-Aa, bu kişinin neçə arvadu var bəgəm?- deyə soruşdu.

Uşaqlara da elə bu lazım idi. Nəslixan güzgüdə Teymura göz vurub ciddi-ciddi :

-Necə yəni neçə arvadı var?  Nə qədər omalıdı, o qədər, —dedi.

Vahab bir az alındı, sonra:

-Başa düşmədim. Necə yəni nə ğədər olmalıdur, o ğədər?  Bəgəm kişinin birdən artıx arvadu olmalıdu?-deyə soruşdu.

Nəslixan çox təəccüblə, qeyri-adi bir söz eşidibmiş kimi bərəlmiş gözlərini  güzgüdən qonağa dikdi:

-Vahab  müəllim, sənin neçə arvadın var?

-Biir,- dedi müxbir,- neçə olmalıdu ki, bəgəm?

Sıldırımın təpəsinə nərə çəkə-çəkə qalxmış maşının  əyləcini qəfil basıb saxlayan Nəslixan:

-Teymur, bu nə danışır? Bunun bir arvadı varmış.  Biz də bu adamı götürüb o böyüklükdə bəyin evinə aparırıx. Orda eşitsələr , biabır oldux,- deyib qanı qaralmış kimi Teymura baxdı.

Vahab  onun sözünə inanmadı:

-Alə,  məniynən məzələnirsüz?  Nə danışırsuz? Gedin  özüüzü doliyin,-dedi.

Teymur Nəslixanın sözünə qüvvət verib çox fikirli-fikirli:

-Qağa, nə bilək vəziyyəti? Əvvəldən bilsəydik, heç o səmtə getməzdik. Gərək  orda açıb ağartmıyax. Yoxsa kişi bizi biabır eliyəjək,- dedi.

Vahab   döyükə-döyükə gah Nəslixana ,  gah da Teymura baxıb söhbətin sonunu gözlədi.

– Müəllim , neçə ildir, evlisən?- deyə Nəslixan  soruşdu.

– On dörd ildü. Necə bəgəm?

-Heç qonşuya–zada, bir qohumun evinə getmirsən?

– Yoo, nöşün gedim qonşuya? Həm də vaxtım olmur axı. Bütün güni rayonlarda, orda-burda .. İş dalıyca qaçıram.  Evə dəgirəm arada, puldan-paradan verib yenə, haydı, Allah saxlasun.. O şəhər sənün, bu kənd mənüm.. Belə.. Mənimkü belədü.

-Arvad da,  yəqin, səni qoymuyuf qonşuya-qohuma dəyəsən. Çünki getsəydin, oralarda görərdin, camaatın neçə arvadı var.

Onların söhbətini çox  dilxor-dilxor dinləyən Teymur dilləndi:

-Deyirəm daa, qağa, bu adamda bir illət var. Bunun arvadı qoymuyuf vəziyyətdən halı olsun. Yoxsa noolub bu adama, maşallah,  şakalad kimi  oğlandı. Özü də savaddı.

– Qoymiyib diyəndə ki, düzinə qalsa,  nə yoldaşım getmirdü, nə də mənüm  axotum  olmurdi. Bir də ki bunnari mənnən soruşursuz, sənün özünün, Nəsirxan,  neçə arvadun var bəgəm?- Vahab sanki özünə haqq qazandırmaq istəyirmiş kimi soruşdu.

-Mən dörd ildir,  evlənmişəm.  Bir az keçsin ikinci, sonra üçüncü, daha sonra baxacam daa, nə qədər almaq mümkündür, alacam. O böyüklükdə üçmərtəbəli evi niyə tikdirirəm bəs?- deyə Nəslixan lap ciddiləşdi. Sonra əli ilə “şapp” eliyib arxada oturan Teymurun sifətinə, sonra öz üzünə  vurdu,- bu Teymurun canı, bax bu özüm ölüm,  dədəmin beş arvadı oluf. Mən kimdən əskiyəm ki,  biriynən  oturum.

-Teymur, qərdeşim, sənün neçə arvadun var?- deyə müxbir lap təəccüblə soruşdu.  Söhbətin ciddiliyi ona yaman təsir etmişdi.

-Müəllim, mən hələm nişanlıyam. Evlənim,  sonra  dalbadal dörd-beşini almax fikrim var. Dədəm  dördünü almışdı. Niyə maa nooluf ki? – sonra  Nəslixana müraciətlə,- Qağa, bunu, yəqin,  siqaret çəkməyə də arvadı qoymuyuf. Bax burda da onun barmağı var, billəm, – dedi.

-Yox alə, onun nə həddünədü ki, mənə belə söz diyə? Öldürrəm oni,- deyə müxbir xoruzlandı.

Nəslixan mühərriki işə salıb  maşının təkərləri altında qalan daş-qayaya baxmadan  atıla-atıla maşını üzüyenişə sürdü.  O da, Teymur da hərəsi bir siqaret yandırıb damaqlarına qoydular. Vahabın fikri ayrı yerdə idi, fərqinə varmadı. Uşaqlar  siqaretə ləzzətlə qullab vurub  tüstünü ciyərlərinə çəkir, güzgüdə baxışırdılar. Ətrafdakı cəlbedici mənzərələr  Vahabı heyran edir,  arada fotoaparatını sazlayıb çıqqaçıq  şəkilləri çəkirdi. Dərədən axan və arxada Minkənd çayına qovuşan Şəlvə çayının zümzüməsi gəlirdi.  Sıx meşəli uca dağların bir-birindən fərqli, ecazkar  görüntüsü valehedici idi.  Qüruba doğru əyilməyə başlayan  günəşin şəfəqləri  düz maşının şüşəsinə vurur, sürücünün gözünü qamaşdırırdı. Yol get-gedə daha  təhlükəli yerlərdən  keçir, qonaq sarısını udurdu. Arada bir neçə dəfə maşından düşüb insanı bayıldacaq dərəcədə gözəl görünən mənzərələrə  dörd gözlə baxan  Vahab:

–Əəla..! Əladu. Alə, mən niyə buralara gəlməmişəm əvvəllər?!  Yol var ki.. Olsaydı, çoxdan gəlmişdüm..Gözəl.. Gözəll.. Bütün qəzetlərə, jurnallara verəcəm,-deyirdi.

Bülövlük balaca kənddi.  Ətrafını saran təkrarsız gözəlliyi, uca dağların ovcuna sığınmış,  süsü,  ecazkarlığı   baxanı heyran qoyan, hər tərəfində göz kimi dumduru bulaqlar qaynayan, min cür rənglə bəzənmiş çəmənliklərində arıların bulud kimi uçuşduğu kənd balı ilə məşhurdu.  Onlar kəndə axşamüstü çatdılar. Hava hələ tam qaralmamışdı.  Kamran  bəy qonaqları gülər üzlə qarşıladı:

-Əyə qardaşoğlu, hardasınız, ayə? Niyə belə gec-gec görükürsünüz? Nəsi, sən Allah, bu arada gəl,  bir əlik ovuna çıxax. Yaman göylüm isdiyir. Həm də bir qol-qıçəmi açım, kütürrəşməsin.  Çıxax,  yuxarıların da havasını  alax, – dedi, sonra qonağa işarə edib,- qonağımız şəhər adamına oxşuyur,- deyə əlavə etdi.

-Hə, Kamran dayı, qəzetdən gəlib, mənzərə şəkilləri çəkəcək. Bir də əmək adamlarının şəklini,-deyə Nəslixan bildirdi.

Kamran  bəy  uşaqlarına işarə eləyib  evin arxasındakı ağıldan kök bi toğlu  gətirtdi. Başını kəsib cəld aşmarladı. Uşaqlar şişləri gətirdilər. Kömürü  iri – iyirmi-otuş şiş tutan manqala doldurub alışdırdılar. Elə cəld  və ustalıqla  işləyirdilər ki. Bir saata artıq  şişə çəkilmiş ət  manqalın üstündə cızıldayır, kababın iştahaçan qoxusu ətrafa yayılırdı.

Qonaq süfrə arxasında artıq siqaretə olan dözümsüzlüyünü unutmuşdu. Nəslixan  Teymurun qulağına Vahab eşidə biləcəyi tərzdə  pıçıldayıb:

-Temi, bilməzsən, o arvad məsəlsindən söz açarsan haa birdən. Kişi bilsə, bizi odluyar. O barədə bir kəlmə də,- dedi.

Vahab qorxuya düşdü. Nəzərlərini gah Teymurun, gah da Nəslixanın üzündə gəzdirib sanki susmaları üçün yalvardı.

Kamran bəy evində heç vaxt araq saxlamaz və içməzdi. Nəslixanın maşınında tut arağını görən Vahab içmək istədiyini bildirib onu süfrəyə qoydurdu.  Az sonra tünd içkinin havası başına vuran  müxbir birdən:

-Alə,  Kamran bəy,  bəs diyirdilər,  süzün üç arvaduuz var?  Hanı bəs,  burda bircəsi  hərlənür axı,- dedi.

Kamran bəy sözü göydə tutdu:

-Ay müxbir, bınnar yalançinin biridilər, mənim dörd arvadım var.  Burda biridi,  biri şəhərdəki evimdədi. İkisi də dərənin o tayında evim var, orda qalır,- dedi.

Teymur onun dizini basıb:

-Müəllim, sus. Burda söhbəti açsan,  yeməyimiz burnumuzdan gələjək. Bəy yaman pis baxır bir arvatdı kişilərə,- dedi.

Vahabın köpü tez alındı. Uşaqlar  siqaret çəkmək üçün çölə çıxanda Kamran bəy də onlarla çıxdı. Yolda olan əhvalatın ucundan-qulağından danışdılar.  Qonaq  sərxoş olduğuna görə Kamran bəy söhbətin ardını səhərə saxladı.

Səhəri gün Vahabı götürüb bütün gözəl mənzərəli yerləri gəzdilər. Foto-müxbir Kamran bəyin  mənzərələr fonunda bir neçə şəklini  çəkdi. Axşamüstü  Kamran bəy:

-Nəsi, mən də siznən gedəjəm. Soora maşın düşmür. Yollar da xaraf.  Şoferrər  çətin gedir bı yolu. Sən maşının ətini yeyif sürürsən. Vur iyidsən, Vallah, heş nəyə baxmırsan,-  deyib iri qabarlı əllərini onun kürəyinə şappıldatdı.

Kamran bəy qonaq üçün iki ədəd  bal dolu çərçivə  götürüb bükərək bir torbaya qoydu və :

-Bı,  qonağın payıdır,- dedi.

Maşına sarı gedəndə Teymur qonağın dodağı altında:

-Bu ğada baldan maa  verdiyinə bax. Yarısı taxta, yarısı da mum,- dediyini eşitdi.

Artıq bir saata qədərdi, yol gedirdilər. Hava  alatoranlayırdı. Kamran bəy qəfildən soruşdu:

-Ay müxbir, axşəm o nə sualdı, maa verirdin? Nejə yanı bınnar deyir,  sənin üç arvadın var? Bəyəm  mənim kimi kişinin üç arvadı olar? Dörddü, sən öl.

Vahabın qanı qaraldı.  Güzgüdə gah Nəslixana, gah da yanında oturan Teymura ani nəzər salıb  söhbəti təzələmək istəmədiyini bildirdi.

Ancaq Nəslixan özünü gözməzliyə vurub birdən:

-Kamran dayı, axşam evdə qanını qaraltmağ istəmədim, vallah.  Ancax maa belə gəlir ki, bilməyin yaxşıdır. Taa iş işdən keçib, onsuz da geri qayıdırıx. Bu kişinin -Vahab müəllimin bir arvadı var,- dedi.

Kamran bəy yerindən dik atıldı və İkiəlli şappıltı ilə dizinə vurub:

-Bayy, nə danışırsınız, ayə? Nejə yanı bir arvadı var? Bə bı kişi neçə illərdi,  neyliyirmiş?  Nə avara adamıymışsan,  əə, sən…   Niyə maa axşəm deməmisiz? Heş  indi siznən yola da çıxmazdım. Mənim bir arvatdı kişiynən yola çıxmağımı görmüsüz  indiyəcən? – dedi.

-Yoox, – deyə uşaqlar ikisi də birdən dilləndi.

-Müəllim, niyə belə boşluğ eliyifsən? Axşəm elə bil sümüyüm duymuşdu, ancax özümü o yöndə qoymadım, dedim, qonaxdı..

Kamran bəy danışa-danışa birdən qışqırdı:

-Ayə, ayı, ayı..!  Nəsi, maşını saxla. Maşının işığını söndür. Bilirsən daa, ayı maşın işığına nejə ləjdi.

Nəslixan dərhal maşını saxladı. O da, Teymur da tez şüşələri qaldırıb həyəcanla  pəncərədən ətrafa baxmağa,  guya ayının ha səmtdə olduğunu bilməyə çalışırdılar. Vahabın qorxudan ürəyi üzüldü.

-Bir arvatdı kişiynən yola çıxanda belədi daa. Qaramat kimi  bəlaya tuş olmasax, yaxşıdır,- deyə  Kamran bəy lap yavaşca pıçıldadı, – Yaxşı ki, qavağımıza əjdaha-zad çıxmır, -dedi.

Maşının içərisini ölü bir sükut bürüdü.. Vahabın ürəyinin döyüntüsü qulağına gəlirdi. Bir neçə dəqiqə gözləyib yenə yollarına davam etdilər. Yenicə getmişdilər ki, Bəy Kamran yenə həyəcanla qışqırdı:

-Ayə, bir dayan, dayan görək, ay Allah  öyünü tiksin!  Bı nə iş idi, biz düşdük? Neçə ildi, bı yolları gedirik,  heş belə şeyə irast olmuşduz?

Nəslixan qorxa-qorxa:

-Kamran dayı, diqqətim yoldadı, görmədim, nooluf?—dedi.

– Ayə, o yekəlikdə qabanı görmədiz? And olsun Allaha,  maşına cumub dişini ilişdirsə,  təkərlərin hamısını  deşik-deşik eliyər.  Di qal gejə vaxtı bı dağın təpəsində.

Nəslixan yenə də sürəti azaldıb  həyəcanla ətrafa baxdı. Teymur Vahaba qısılıb “qorxudan” titrəyirdi.  Kamran bəy öz-özünə danışırmış kimi:

-Hammısı bı bir arvatdının əyağınnandı. Allah da götürmür belə şeyləri.  Hələ avariya eləməsək, yaxşıdı,– dedi, sonra üzünü Vahaba tutub,- Müəllim, bəs demirsən, sən öləndə dörd tərəfində kimin saçını bağlıyajəklər bir-birinə?-deyə soruşdu.

Vahabın quyunun dibindən gəlirmiş kimi zəif səsi eşidildi:

-Dayı, vallah, baş açmadım, nə diyirsüz?

-Müəllim, kişi öləndə gərək onun arvatdarı meyitin  dörd tərəfini saçlarını bir-birinə bağlıyıf  əhata eliyə,  ağlaşə.  Camaat da baxıb onnara, ağlaşə.  Bir arvad nə yas məclisi aparajək? Ona yazıx döyülmü?- deyə  Kamran  bəy yenə Vahabı qınadı.

Nəslixan:

-Kamran dayı, daha iş işdən keçib ee,  sağ-salamat çatax mənzil başına,  sorası Allah  kərimdi,–dedi.

Birdən qəfil yola çıxan və  maşının  fənərlərinin  işığı gözünə düşmüş bir dovşan  təkərin izinə sindi. Kamran  bəy təəssüf və qəzəblə əllərini maşının “bardaçok”unun üstünə çırpıb:

– Allah evini tiksin, ay kişi, dovşanın da bir arvadı var, sənin də! – dedi.

Qəfildən   Vahabın doluxsunmuş və üzrxahlıq edrmiş  kimi qısılmış səsi gəldi:

-Siz Allah, məni bağışlayun, mən eşşək olmuşam!  Mən qanmamışam.  Mən nə bilim ki, belə olur. Qoy gidim Bakıya,  məsələni  həll eliyəcəm, günahımı yuyacam..

Tərəfdaşlar artıq çox ağ etdiklərini düşünüb daha uzatmadılar.  Ancaq içlərindən  püskürmək istəyən dəli gülüşü zorla saxlamışdılar…

Səhəri gün  qonaq :

-Qubadlıya gitməliyəm, Nəsirxan. Məni aparıb orda qoy, qayıt,- dedi.

Nəslixan   Vahabı maşınla gətirib şəhərdən on kilometr aralı  Ağayunus kəndinin dərəsində, Turşsu pavilyonunun yanında qoyub:

-Bura Qubadlıdır,- dedi,- bir az gözlə,  şəhərə gedən avtobus indicə gələjək.

Vahab pavilyondakılardan öyrəndi ki, bura Qubadlı yox, Laçın rayonu ərazisidir.  İki saat sonra Qubadlıya gedən avtobus ordan keçəndə  əlini yelləyib  saxlatdı və rayona yola düşdü. Qubadlıya çatmamış  arvad almaq barədə Kamran bəyə, cavanlara verdiyi sözü unutmuşdu artıq. Fikri yeni obyektlər tapmaq, şəkillər çəkmək və onları hansı  qəzet və jurnallara verməyin yanında idi.

P.S. Mənfur ermənilər  Laçını  işğal edəndə  Kamran  bəy arı dəflərini, təsərrüfatını, kəndini tərk etmədi:

-Erməni nə karadı ki, qavağınnan qaçım, – dedi, – ölsəm, elə bırda öləjəm.

Ona baxıb  iyirmi  iki  yaşlı oğlu İmamverdi  də dədəsini tək qoymadı, kənddə qaldı. Aradan bir müddət sonra rayon tam işğal olundu. Nə  Kamran bəydən, nə də oğlundan bir xəbər çıxmadı. Bakıda  kiçik bir otağa sığınıb qalan arvadı Balış dözməyib özünü asdı.

Həcər

27 oktyabr 2019-cu il.