UNEC-in Marketinq fakültəsinin I kurs tələbəsi
Düşünürəm ki, bu gün müəllimlərlə yanaşı, onların övladları üçün də xüsusi bir gündür. Çünki valideyni müəllim olan hər bir uşaq həyatının hər mərhələsində, sadəcə, övlad deyil, həm də şagird, tələbə olur. Düzdür, hər bir valideyn övladına hər zaman nələrsə öyrədir, amma müəllimlik fərqli bir hissdir. Çünki müəllimlik hər bir uşağı övladın kimi görmək deməkdir. Çünki müəllim bir çox uşağa yol göstərir, onların həyatına toxunur.
Mən deyərdim ki, müəllim ailəsində böyümək o qədər də asan deyil, xüsusilə də, kiçik yaşlı uşaqlar üçün dözülməzdir. Çünki siz, sadəcə, valideyninizlə deyil, eyni zamanda müəlliminizlə də danışırsınız. Və onlar daim sizə nələrsə öyrətməyə çalışır. Vaxtınızı boş, səmərəsiz keçirməyinizə dözə bilmirlər. Bunun nə qədər möhtəşəm olduğunu isə o vaxt anlaya bilmirsiniz, çünki hələ yolun başındasınız, tək qalmamısınız.
Mənim anam Azərbaycan dili və ədəbiyyatı müəllimidir, bu da o deməkdir ki, mənim dediyim hər bir səhv söz, etdiyim yazı xətaları onun tərəfindən düzəldilir və öyrəndiyimə əmin olana qədər da rahat buraxılmıram. Yadıma gəlir ki, uşaqlıqda “c“ hərfinin düzgün tələffüzü üçün nə qədər məşqlər edərdik. O vaxt bu mənə çox sıxıcı gəlirdi, çünki bilmirdim ki, bir gün hər kəs tərəfindən hər yerdə bəyənilən nitqimi vaxtı ilə etdiyimiz o məşqlərə borclu olacam. Esse, hekayə yazarkən bacarmadığım üçün ağlayan mənim indiki xəyalımın yaxşı bir yazıçı olacağını da təxmin etməmişdim. Uşaq vaxtı sıxıcı dediyim o dərslərin indiki maraqlı məni formalaşdırdığını bilmirdim.
Bütün bunlara baxmayaraq, mən hər zaman anam kimi olmaq istəmişəm. Düşünürdüm ki, onun çox zəngin həyatı var, çünki çox yerdə işləyib, çox şey bilir, çox adam tanıyır. Uşaq vaxtı onun bütün günü işləməyi mənə cəlbedici gəlirdi. Hər gün bir neçə yerdə işləyər, evə yorğun gələr, üstəlik bizimlə də vaxt keçirərdi. Bunu necə bacardığını o vaxt anlamazdım. İndi başa düşürəm ki, hər şey bizim üçün imiş, bizə olan sevgisindən imiş. Və yenə anlayıram ki, müxtəlif sahələrdə işləməyi aid olduğu yeri tapmaq üçün imiş. Mən yenə deyirəm, mən anam kimi olmaq istəyirəm, amma bu dəfə fərqli səbəblərim var. Mən anam kimi olmaq istəyirəm, çünki o çox güclüdür, sevgi doludur, cəsurdur. Mənim anam mənə çox şey öyrədib, amma ən əsası nə olursa, olsun dürüst olmağı öyrədib. Hər zaman haqqın tərəfdarı olmağı öyrədib. Aid olmadığım, dəyər görmədiyim, sevilmədiyim yerdən getməyi öyrədib. Axtarışdan qorxmamağı, itməyin də yolçuluğun bir parçası olduğunu öyrədib. Mənim anam hər qaranlıq gecədən sonra günəşli səhərin açılacağını öyrədib mənə. Təkbaşına qalacaq qədər cəsur olmağı öyrədib. Mənə düzgün danışmaqdan, yazmaqdan əlavə, düzgün yaşamağı öyrədib.
Hal-hazırda mən hələ yolun başındayam, amma bu məni qorxutmur, çünki əziz müəllimim bu yolun çox uzun və bəzən də çətin olacağını mənə göstərib. Amma bütün bu çətinliklərin sonda öz yerini böyük xoşbəxtliyə verəcəyini də öyrədib. Mənə öyrətdiyin, öyrədəcəyin hər şey üçün sənə minnətdaram, ana! Elə bu səbəblərə görə də, mən bu gün, sadəcə, müəllimləri deyil, bizə həyatı öyrədən valideynləri də təbrik edirəm.