Əruz vəzninin klassik Azərbaycan ədəbiyyatında ən çox işlənmiş bəhrləri, eləcə də, bu bəhrlərin növ və variantları haqqında olan söhbətlərimi davam etdirirəm. Bugünkü qısa söhbətimiz münsərih bəhri barədə olacaq.
Münsərih sözü ərəb dilində cəld, axıcı, rəvan, azad, asan kimi mənaları verir. Bu bəhrdə yazılan şeirlərin oxunuşunda sürət və yüngüllük, asanlıq olduğu üçün belə adlandırılmışdır.
Azərbaycan əruzunda münsərih bəhri on iki təfilə üzərində qurulmuşdur. Bunlardan ən çox işlənənləri aşağıdakılardır: müftə`ilün, müftə`ilü, fA`ilün, fA1ilü, fA`ilAtü, müstəf`ilün, fə`Ulün və sairə. Əkrəmi modellərlə bunlar müvafiq olaraq aşağıdakılarla əvəz olunurlar: pərdəqələm, pərdənüvə, dilqələm, dilnüvə, dilqələmnü, dildilqələm, qələmdil və sairə.
Bu bəhr beş növ və bu növlərin iyirmi üç variantından ibarətdir. Növlər dördtəfiləli və ikitəfiləlidir. Ən çox işlənən birinci növ, birinci variantdır. Bu variantın modeli belədir: müftə`ilün fA`ilün müftə`ilün fA`ilün. Əkrəmi modellə isə pərdəqələm dilqələm pərdəqələm dilqələm olur.
Məhəmməd Füzulinin bu növ, bu variantda yazılmış qəzəlindən iki beytə nəzər salaq:
Kimsədə rüxsarına taqəti-nəzzarə yox,
Aşiqi öldürdü şövq, bir nəzərə çarə yox.
Bağrı bütünlər mənə tənə edərlər müdam,
Halımı şərh etməyə bir ciyəri parə yox.
Kim-sə-də-rüx saa-ri-nəə taa-qə-ti-nəz zaa-rə-yox,
Aa-şi-qi-öl dür-dü-şövq, bir-nə-zə-rəə çaa-rə-yox.
Bağ-rı-bü-tün lər-mə-nəə təə-nə e-dər lər-mü-dam,
Haa-lı-mı-şərh et-mə-yəə bir-ci-yə-rii paa-rə-yox.
Bunu asan olsun deyə əkrəmi modellə göstərirəm:
Pər-də-qə-ləm dil-qə-ləm pər-də-qə-ləm dil-qə-ləm.
Bundan başqa, mənim münsərih bəhrinin bu növ və variantında yazdığım satirik şeirin bir beytinə də baxmağı məsləhət görürəm:
Çay nədir, oğlan, sənə, iç bulağın buz suyun,
İstəkana salmağa qənd əvəzi duz verək.
Çay-nə-di-roğ lan-sə-nəə, iç-bu-la-ğın buz-su-yun,
İs-tə-ka-naa sal-ma-ğaa qən-də-və-zii duz-ve-rək.
Nümunə gətirdiyimiz hər iki beytin tələffüz formasına fikir verdikdə, görürük ki, burada söz bütövlüyü prinsipinə əməl olunmur. Yəni bir sözün son səsi növbəti sözün ilk səsləri ilə bir heca yaradır. Bu barədə əvvəlki bəhrlərin təhlilində də yazmışdıq. Eyni zamanda, uzun və qısa hecaların bir-birini izləməsinə də fikir vermək lazımdır. Fikrimcə, qəzəl yazan dostlar bu məqamlara fikir versələr, yaxşı olar.