- Köşə

Pərvanə O-NURLU. Düzəlmişdi hər yarağımız…

Bir neçə il bundan əvvəl Hellouin haqqında öz fikirlərimi bildirmişdim. Doğrusu, tamam unutmuşdum bu cadugərlər “bayramını”. Metroda üzü boyalarla qəribə tərzdə rənglənmiş gənc qızları görəndə ilk olaraq təəccübləndim, lakin bir sonra ağlıma gəldi ki, yəqin Hallovenin işidir. Elə bilirdim ki, hər ilin 31 oktyabrında dünyanın bir çox ölkələrində qeyd olunan bu “bayram”ın, daha doğrusu, hoqqabazlığın ölkəmizdə  adı çəkilmir daha. Sən demə, yanılmışammış. Deyəsən, əksinə olub, nəinki adı çəkilməmək, hətta əvvəllər uşaqlar üçün maraqlı olan bu əcaib-qəraib bayramın təsirinə indi gənclər arasında da düşənlər var.

Bu “bayramla” tanışlığımızın bir neçə il əvvəl olduğunu yuxarıda qeyd etmişdim. Necə tanış olmuşduq?

Uşaqlar məktəbdən gələndə sevinə-sevinə əllərində üzərinə “Uşaqlarçün pulsuz əyləncə” yazılan biletlər gətirdilər. Üş gün pulsuz əyləncə olacaqmış Mcdonalds deyilən xoşlamadığım yerdə. Doğrusu, pulsuz yazılan nələrdənsə gözüm su içmir. Amma buna baxmayaraq, məndən söz aldılar onları aparacağıma dair. Həmin üç günün birində uşaqlara “gəlin sizi parka aparım, orada əylənərsiniz, ancaq Mcdonalds -a getməyək”- dedim. Razılaşdılar və apardım. Amma uşaqların istəkləri bitməz ki, böyüklərin arzuları kimi. Əyləncənin son günündə yenə getmək istəkləri baş qaldırdı. Razılaşmaq istəmədim. Ancaq küsmələr, ittihamlar başlandı: “Qonşular da gedirlər, ancaq sən bizi pulsuz əyləncəyə aparmırsan”. Könlüm razı olmadı, könülsüz olsa da, apardım. Ancaq düzünü deyim ki, bu pulsuz əyləncənin nədən ibarət olması marağı da çəkirdi məni…

Məkana daxil olduq… Həmin məkanın yeməkləri mənim damaq dadıma uyğun olmadığı üçün həmişə (həmişə dediyim cəmi iki dəfədir) dadsız gəlib mənə. Ancaq, düzünü desək, kifayət qədər müştərisi olur hər zaman. Sözüm bunda deyil. Təbii ki, yeməklər biletə daxil deyildi. Sözüm bunda da deyil. İçəridə qorxunc maskalar çəkmiş oğlan və qızlar, divarlarda küpəgirən şəkilləri, “Halloween” yazılmış plakat… Ən pisi isə nəinki uşaqlar, hətta böyüklər də bu maskalılarla üzlərinə süni təbəssüm verərək şəkillər çəkdirirdilər. Hellouinin nə olduğunu bilmədiyimi etiraf edim, bilməsəm yaxşı imiş elə… Gələk əyləncə qisminə: bir oğlan və bir qız, bir də maskalılar başladılar uşaqları guya əyləndirməyə. Açıq havada, yəqin ki, günəşdən, yaxud yağışdan qorumaq üçün qurulmuş çətirlərin daha da basırıq yaratdığı bu kiçik yerdə uşaqları düzüblər, xarici mahnılar səsləndirib (canlı yox təbii ki), bir-birlərinə ötürmək üçün bir topu da veriblər uşaqların əllərinə, uşaq başı aldadırlar. Vəssalam. Əyləncə bundan ibarət idi.

Bəs bu Hellouin nəmənədi? Quqla müraciət etdim ətraflı məlumat üçün. Bəzi xarici ölkələrdə keçirilən bu “bayram”ın bizdə tərcüməsi BALQABAQLAR bayramı, Türkiyədə CADILAR bayramı imiş. Şəkillər də cadugərlər bayramı olduğunu təsdiq etdi. Şəhərimizdə baş alıb gedən, at oynadan əcnəbi dillərə qarşı mübarizənin arasında bir də əcnəbi və əcaib bayramlamı mübarizə aparmalıyıq? Sözü gedən bu “bayramın” nə adı, nə özü, nə də sözü nə dilimizə, nə dinimizə, nə özümüzə, nə də sözümüzə uyğundur… Bayramın məqsədi və adı barədə müxtəlif fikirlər söylənilir: qorxulu ruhları qovmaq, əylənmək, ölülərin, müqəddəslərin ruhuna həsr olunmuş bayram, dünyəvi dəhşət bayramı.

Qeyd edilən məqsədlər və adlar qəribə olduğu kimi, iştirakçıların görkəmi də qəribə və hürküdücüdür. Bununla nə müqəddəslərin, ölülərin ruhu şadlıq tapar, nə də mənim kimi dirilərin. Əti ətimizdən, qanı qanımızdan olmayan insanların adını bayram qoyduqları cadugərləri, ifritələri və küpəgirənləri təmsil edən bu “bayramsızlığın” (ad qoya bilmədim) bizdə belə canfəşanlıqla keçirilməsini anlamaq üçün başqa bir başa ehtiyacım olduğunu düşünsəm də, qətiyyətlə istəmirəm. İstəmirəm o başı ki, içində hellouin deyilən bayramın təmsilçiləri olan ifritələr var. İstəmirəm o başı ki, içində bizi bizdən edən düşüncələr var. İstəmirəm o başı ki, içində mənim düşüncələrimi eşitsələr, ” eh, sən nə bilirsən əylənmək nədir” fikri var.

Mənasız qeyd edilən bayramlarımız az idimi? Bu yersiz bayramların hər zaman əleyhinə olan mən, Hellouini görəndən sonra ” Qurban olum özümüzün alma, armud, nar, hətta şəkər tozu bayramımıza!” demək istəsəm də, onların da heç bir mənasının olmadığını anlayıb fikrimdən vaz keçdim.

Gəlin, bizi bizdən edən yad ünsürlərə YOX DEYƏK!

P.S.1. Deyirəm ki, “Düzəlmişdi hər yarağımız, qalmışdı saqqal darağımız…”

P.S.2. Bu atalar sözünü dəqiq yada salmaq üçün quqlda “saqqal darağı” yazdım, “Hellouin” çıxdı. Sevindim, nə yaxşı ki, belə düşünən tək mən deyiləmmiş.