- Mədəniyyət

Los-Ancelesdə “Fəxri Oskar” mükafatının təqdimetmə mərasimi keçirilib

Los-Ancelesdə 14-cü “Fəxri Oskar” mükafatının təqdimetmə mərasimi keçirilib. Kinematoqrafiyada görkəmli xidmətlərinə görə mükafatlara aktrisa Anjela Bassett, rejissor Mel Bruks və kinomontajçı Kerol Littlton layiq görülüblər. Mişel Setterə isə Cin Herşolt adına Humanitar mükafat təqdim olunub.

AZƏRTAC bu barədə “Deadline” nəşrinə istinadla xəbər verir.

Qeyd edək ki, mərasim birbaşa yayım olmadan keçirilib. Əvvəlcə mükafatlandırılma 2023-cü il noyabrın 18-nə planlaşdırılmışdı. Lakin Hollivudda aktyor və ssenaristlərin tətillərindən sonra mərasimin keçirilmə tarixi 2024-cü il yanvarın 9-na dəyişdirilmişdi.

“Fəxri Oskar” mükafatı 1929-cu ildə təsis olunub. Mükafat nə konkret ilə, nə də konkret filmə verilən töhfəyə görə təqdim olunmur. Bu mükafat kinematoqrafiya sahəsində əhəmiyyətli nailiyyətlərə, eləcə də öz karyerası boyunca kino sənayesinə xidmətlərinə, bu sahəyə verilən töhfəyə görə təqdim olunur.