Ürəyin dolu ola-ola, sözün tükənə, deməyə söz tapmayasan, ya da tapasan, demək istəməyəsən… Bu da olurmuş, sən demə. Ürəyin qırılanda, inamın, güvənin itəndə belə də olurmuş, sən demə… Ürəyin doludur, amma sən ağzını açıb bir kəlmə də demək istəmirsən, kəlmələrinə heyfin gəlir… O kəlmələrin qədri bilinməyəcəksə, sənin kəlmələrinə qarşı tərəfin ürəyində, hardasa, azacıq da olsa, inamsızliq, şübhə toxumu olacaqsa, o sözlərinə heyfin gələr, onu deməz, eləcə ürəyinə gömərsən. İnamsızlıq kölgəsinin onların üzərinə düşməsini istəməzsən. Bir xalq bayatısında deyilir:
Əzizim, baxdı yarım,
Könlümün taxtı yarım.
Üzündə göz izi var,
Sənə kim baxdı yarım.
Sevən gör necə bir həssaslıqla sevir ki, yarının üzünə baxmaqla ondakı göz izini, yad baxışı görə, sezə bilir.
Bundan bir qısqanclıq gəmirər ürəyinin divarlarını. Sözünü də söyləyəndə qarşı tərəfin ona olan münasibətini, həqiqiliyinə azacıq da olan şübhəni sezərsən, dilin kilidlənər, ağzın açılmaz.
Sözün bitdiyi an, sözün bitiyi, tükəndiyi yer…
Bəzən ürəyin sözlə dopdolu olsa da, ö sözləri deməzsən. Qıymasan onlara, ucuz xərcləmək istəmızsən dəyəri, qiyməti bilinməyən yerdə. B.Bayramovun eyni adlı əsəri əsasında çəkilmiş “Onun bəlalı məhəbbəti” filmində bir yer var. Fabrikin direktoru Şövkət dəniz kənarında öz köməkçisi ilə söhbət edərkən deyir: “Ən dəhşətlisi odur ki, sevdiyin adama demıyə sözün qalmaya…” (O zaman bu sözlərin mənasını dərk etmirdim…) Demək, onda tükənirsən. İçinə qapılırsan və bir söz qatilinə çevrilirsən. Deyilə bilən sözləri boğub ürəyindəcə yan-yana basdırarsan. Ürəyin söz qəbiristanlığına dönər. Və bu qəbiristanlığln hüznü, kədəri üzünə, gözlərinə çökər. “Gözlər ürəyin aynasıdır”, — deyirlər ha… bax üzünə, gözlərinə dərindən baxan adam — üzündəki göz izini sezə, seçə bilən adam da ürəyindəki o qəbiristanlığı görər…və bir söz deməsən də, səni susqunluğundan anlayar… bəzən adam biri ilə etdiyi bir sükutda bir kitablıq söz danışar…çox mənalı bir söhbət. Buna sükutun dili deyərlər. O sükutu dinləyə, eşidə bilən adama yüz-yüz kitabın anlada bilməduyi dərin mənaları anladar sükut…