- Cəmiyyət, Manşet

DQİDK yanında İctimai Şuranın üzvləri Alban-Udi xristian dini icmasında olublar

Mayın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yanında İctimai Şuranın üzvləri Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən Müqəddəs Yelisey adına Cotari Kilsəsini ziyarət edib, Alban-Udi xristian dini icmasının fəaliyyəti ilə yaxından tanış olublar.

Görüşdə Alban-Udi xristian dini icmasının sədr müavini Rafiq Danakari və icma üzvləri, eləcə də DQİDK yanında İctimai Şuranın sədri Sevinc Alızadə, sədr müavini Çingiz Bayramov, Şura üzvləri Nüşabə Məmmədova, Vasif Sadıqlı, eyni zamanda Komitənin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva iştirak ediblər.

Görüş zamanı Alban-Udi xristian dini icmasının sədr müavini Rafiq Danakari Cotari alban-udi kilsəsi haqqında danışaraq bildirib ki, kilsə yerli sakinlərin vəsaiti hesabına 1723-cü ildə inşa edilib. Sovet hakimiyyəti illərində fındıq anbarı kimi fəaliyyət göstərmiş kilsədə 2003-cü ildə əsaslı bərpa və yenidənqurma işlərinə başlanılıb, 2006-cı ildə tamamlanaraq dindarların istifadəsinə verilib. Qeyd edib ki, Azərbaycanda 4 minə yaxın alban-udi yaşayır və onlar tarixi Qafqaz Albaniyası dövlətinin və Alban mədəni irsinin varisləridir. R. Danakari dini icmanın maarifçilik işi sahəsində gördüyü işlər, dövlətin dini konfessiyaların fəaliyyətinə göstərdiyi diqqət, yaradılan şərait, eləcə də ölkəmizin bütün dünyaya nümunə sayılacaq multikultural və tolerantlıq ənənələri haqqında danışıb.

İşğaldan azad olunmuş ərazilərdəki dini məbədlərə qarşı ermənilərin törətdikləri vandallıq aktlarının dünyada misli görünməmiş hal olduğunu qeyd edən R. Danakari vurğulayıb ki, ermənilər o torpaqlarda nəinki İslamla bağlı olan tarixi, mədəni abidələri məhv ediblər, hətta Alban kilsələrini də dağıdıb, ya da saxtalaşdırıblar. Bu kilsələr, məbədlər birbaşa Alban mədəni irsi ilə bağlıdır və erməni kilsələri ilə heç bir bağlantısı yoxdur. Məqsədli şəkildə bu kilsələri saxtalaşdırıb, erməni kilsəsi kimi təqdim ediblər. Artıq dövlətimizin ərazi bütövlüyü bərpa olunub, tarixi həqiqət isə budur ki, bu gün Azərbaycan tarixi alban mədəni irsinin varisidir. R. Danakari eyni zamanda, Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə işğaldan azad olunan ərazilərimizdəki Alban abidələrini ziyarət etmələrindən və bu səfərlərin davamlı olacağından bəhs edib.

İctimai Şura üzvləri Azərbaycan Prezidenti müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı qətiyyətli siyasət nəticəsində ordumuzun hərbi qələbələri ilə 30 ilə yaxın müddət ərzində erməni işğalı altında qalan ərazilərimizin azad edildiyini, işğalçı ermənilər tərəfindən dağıdılan, tövlə kimi istifadə edilməklə təhqir olunan məscidlərimizlə yanaşı, Alban xristian memarlığını özündə əks etdirən əsir abidələrimizin də artıq yenidən əmin əllərdə olduğunu vurğulayıblar. Qeyd edilib ki, tarixi alban irsi haqqında həqiqətlərin dünyaya çatdırılmasında çox işlər görülməli, Azərbaycan dövləti ilə birgə Alban-Udi dini icması da bu sahədə fəaliyyətini genişləndirməlidir. Eyni zamanda, ölkəmizdəki mövcud birgəyaşayış, qarşılıqlı anlaşma, dözümlülük mühitinin qorunub saxlanılması və təşviqində bütün dini konfessiyalar cəmiyyətin digər təbəqələri ilə birgə bundan sonra da maarifçilik işini davam etdirməlidirlər. Bu istiqamətdə görüləcək işlərdə DQİDK yanında İctimai Şuranın da yaxından iştirak edəcəyi bildirilib.

İctimai Şura üzvləri dini icmaya Qafqaz Albaniyası kilsələri, eləcə də Qarabağın və Azərbaycanın digər rayonlarının maddi-mədəniyyət abidələrinin tarixindən bəhs edən videomateriallar hədiyyə ediblər.

Qeyd edək ki, səfər çərçivəsində İctimai Şura üzvləri Qəbələ rayonu Əmirvan kəndində Azərbaycan Ordusunun Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış polkovnik-leytenantı, “Vətən Müharibəsi Qəhrəmanı” Əfqan Abdurahmanovun məzarını da ziyarət ediblər.

 

 

dqdk.gov.az