- Cəmiyyət, Köşə, Xəbərlər

Gülyaz ƏLİYEVA. Ay kimi işıq saçdı, quş kimi uçdu getdi…

Bu gün onun fani dünyamızı tərk etdiyinin  40-cı günüdür! Nə tez gəlib keçdi 40 gün! Əllərim qələm tutmur belə yazıları yazanda. Gözlərimdən axan yaşlar yazdığımı görməyimə imkan vermir. Amma mən bu acı qəm-kədərə yenilmək istəmir, onun haqqında yazmaq istəyirəm. Surəti gözlərimin qarşısında o qədər canlı dayanıb ki, bu dünyada olmadığına inana bilmirəm. Axı mən onu real həyatda heç görməmişdim. Onu virtualdan tanımışdım. Elə indi də onun virtual olaraq yaşadığını zənn edirəm. May ayında yığışacaqdıq bir yerə, bütün FADMM -çilər. Bir-birimizi əyani tanımaq üçün.

– Mən də gələcəm, – dedi.

– Sizdəmi?! – deyə sevindim.

-Gəlməyimmi?, – deyə zarafatla soruşdu.

– Yox, çox sevindim. Qazaxdan gələcəksiniz?

– Yox, mən Qazaxda yaşamıram. Qazaxlıyam, amma Bakıda yaşayıram.

– Hə, elə bilirdim Qazaxda yaşayırsınız. Ona görə təəccübləndim.

– Yəqin, bu il  Qazaxdan çox şəkillər paylaşmışdım, ona görə elə düşünmüsünüz…

Qaragözlü, gülərüzlü, məsuliyyətli xanım, tələbkar müəllimə işgüzar, səmimi, qədirbilən dost,  silahdaşımız, ən əsası çox böyük ürəyə sahib, mənən çox zəngin bir İNSAN – İradə Qayıbova! Bu dünyada yoxluğuna inanmadığımız, aramızdan qəfil qeyb olan, özünün də qızına dediyi kimi:” bir gün quş kimi uçub gedən” İradə xanım. Qafqaz müftisi Hüseyn əfəndi Qayıbovun nəslindən olan, neçə-neçə ziyalının çıxdığı bir nəslin nümayəndəsi. Əsilzadəlik, ziyalılıq kökdən, soydan, qandan gəlir, – deyirlər. İradə xanımda da belə idi. Yaralı ürəyə dünyalar qədər sevgini, məhəbbəti necə sığdıra bilmişdi. Bu dünyadan uçub gedəndən sonra onu daha da yaxından tanımağa başladım. Niyə axı biz sağlığında dostlarımızla vaxt tapıb görüşə, əməlli -başlı oturub dərdləşə, söhbətləşə bilmirik, həmişə ürəyimizdən keçənləri deməyi sonraya saxlayırıq. Hər şeyə vaxt tapırıq, ona yox!

Onun haqqında tələbə yoldaşı Aybəniz xanım Kəngərlinidən məlumatlar aldım. Tanımadığım adam haqqında adətən yazmıram. Tanıdığım adam haqqında yazanda da təkcə öz subyektiv fikirlərimə əsaslanmır, haqqında başqalarından da inandığım məlumatlar olmadan boğazdanyuxarı sözlər yazmıram. 3 ildir, İradə xanımı virtualdan, 1 ildir də FADMM-dən tanıyırdım, az-çox bələdçiliyim vardı. Amma yenə də onu çox yaxından tanıyan biri ilə danışmağa ehtiyacım vardı, yazını yazmaq üçün. Odur ki, onu çox yaxından tanıyan, bacı qədər əziz bildiyi Aybəniz Kəngərli ilə danışdım. Bacısı Hicran xanım Qayıbovanın qaysaqlamamış  yarasının qanın axıtmaq istəmədim. Yoxluğu Aybəniz Kəngərlini o qədər yandırıb ki, onun haqqında danışmaqdan yorulmur. İradə xanım haqqında onunla çox söhbət etdik. Acılı- şirinli xatirələrini ard-arda caladıqca İradə xanımın  portretinin tamamlanmamış, bilmədiyim bütün cizgiləri də tam yerinə oturdu. Gözlərim qarşısında əsilzadə bir ziyalı xanımın obrazı bütün detalları ilə canlandı. Tələbə ikən hamıdan yaxşı oxuyan İradə xanım qrup nümayəndəsi seçilir. Darda olan tələbə yoldaşlarına öz köməyini heç zaman əsirgəməyən bu nurlu xanım, institutu bitirdikdən sonra da bu əlaqəni heç zaman kəsmir. Bir qrup nümayəndəsi missiyasını axıradək yerinə yetirir. Aybəniz Kəngərli də onunla tələbə yoldaşı olub. Onun etdiklərindən danışdıqca kövrəlir, dünyada onun üçün bacı qədər əziz bir insandan danışdıqca göz yaşlarını saxlaya bilmir Aybəniz xanım. Heç vaxt Almaniyada yaşayan rəfiqəsinin tək balasını xala məhəbbətindən korluq çəkməyə qoymayan İradə xanım haqqında danışarkən Aybəniz xanım: “Mənim oğlum gələn hər bayramda, hər Novruzda daha dərindən hiss edəcək xalasının yoxluğunu…”,- dedi. Elə də böyük maddi gəliri olmasa da, halal müəllim maaşı ilə dolanan, dünya malında əsla gözü olmayam, çəkdiyi əməyin, zəhmətin qarşılığın gözləmədən öyrətmənlik edən, hamıya yaxşılıığı dəyən, mənən çox zəngin xeyirxah bir xanım idi İradə xanım. Mənən zənginliyi o qədər böyük idi ki, bu maaşa bütün sevdiklərini sevindirməyə gücü yetirdi. Heç vaxt heç kəsi unutmur, diqqətdən kənarda qoymurdu. Kövrək, yaralı qəlbli…amma heç vaxt özünü düşünməyən, dincəlməyə vaxt ayırmayan, ətrafındakıların hamısına yaxşılıqlar edib, təmənna güdməyən, həmişə başqalarını düşünən, başqalarının problemlərini çözməyə çalışan yuxaürəkli insan.

Aybəniz xanım deyir ki, Almaniyadan gələrkən ev təmirinə başım qarışdığı üçün dincəlməyə vaxtım olmadı. Cəmi 3 günüm qalmışdı. İradə xanımı çağırdım ki, 3 günüm qalıb, gedək, 3 gün Gürcüstanda bir istirahət mərkəzində dincələk. Bir tələbə yoldaşımız vardı, rəhmətə getmişdi, övladı həmən il instituta qəbul olmuşdu. Onun üçün Almaniyadan hədiyyələr almışdım. Fikirləşdim ki, hədiyyələri sonra İradə xanıma  verərəm çatdırar. Vaxtım çox az qaldığı üçün özüm getmək istəmirdim. Bunu deyərkən dediyim sözdən İradə xanımın çox tutulduğun gördüm. Dedi, necə ola bilər ki, sən bizim tələbə yoldaşımızın uşağın görməmiş, Almaniyaya dönəsən?! Əvvəl o uşağı görəcəyik, sənlə bərabər gedib onun hədiyyələrin verəcək, könlün alacağıq, sonra dincəlməyə gedərik. Bax belə bir ürək sahibi idi İradə Qayıbova. Onun haqqında öyrəndiyim onlarla faktlardan biri idi bu. Hansını deyim? Təmənnasız hazırlaşdırdığı instituta qəbul olan uşaqlardanmı deyim, kirayə pulunu ödəmədən kirayədə qalan insanlara can yanğısındanmı danışım? Onun haqqında yazdığım sözlərin heç birin əsassız, sübutsuz yazmamışam. Gəlişigözəl sözlər deyil bunlar. Hamısının əsası var və onun haqqında eşitdiyim söhbətlərdən sonra gəldiyim qənaətlərdir bu yazılanlar…

Mən bilirəm onun bu həyatda nələr çəkdiyini. Atanın qəfil yoxluğunun dərdi unudulmamış, ürəkdə 35 yaşında cavan

qardaş itirməyin açdığı yara ilə yaşamağın nə demək olduğunu…Ürəkdə belə bir yarası vardı, İradə xanımın. Onu içdən-içdən yeyən bir yara, bir dərd. Onu feysbukdan tanıyırdım. Yaxşı paylaşımları, ədəb-ərkanı, düzgün fikirləri, təmkini ilə diqqətimi çəkmişdi. FADMM yaradılarkən üzvlərimizi seçirdik. Mən də Vasif Sadıqlıya İradə Qayıbovanın namizədliyin söylədim. O da razı oldu. İradə xanımla bundan sonra daha yaxından tanış olduq və həmsöhbətliyimiz artdı. İşə son dərəcə məsuliyyətlə yanaşan, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirən, təmkinli, təvazökar bir silahdaşımızı itirdik, qəflətən. Yadıma onun “Haqverdiyev küçəsinin dil mənzərəsi” yazısını yazdığı anlar düşür.

Hamıya qarşı son dərəcə diqqətli xanım özünə, sağlamığına diqqət yetirmədi! Korona və həkim diqqətsizliyi qəfil uçurdu onu yuvasından, ailəsindən, iş yoldaşlarından, dostlarından ayırdı. Ayırsa da, dostlarının, onu sevənlərin qəlbində daim yaşayacaq, onun nurlu çöhrəsi heç vaxt unudulmayacaq! Daim yaşayacaq!

40 gün, düz 40 gün bundan öncə

bu dünyadan bir xanım köçdü –

İradə Qayıbova. Ay kimi işıq saldı, gün kimi batdı, quş kimi uçdu, köçdü…Amma yaxşı adı, izi, əməlləri qaldı.