- Dil

Cavid QULİYEV. Modern termin yaradıcılığı metodları və Azərbaycan dili

Modernizm bir çox mənalarda beynəlxalq aləmlə bütünləşməyin, ifrat mühafizəkarlığın buxovlarından qurtulmağın təzahürü olduğundan XIX əsrin ikinci yarısında Avropada bir çox sahələrdə irəliləyiş özünü göstərməkdə idi. Sözügedən əsrin əvvəlində özü ilə yeni iqtisadi münasibətlər sistemi gətirən sənaye inqilabı elmin, texnologiyanın sürətlə inkişafına təkan verdi. Sözsüz ki, bu tərəqqi − istər elm, fəlsəfə, istərsə də texnologiya sahəsində düşüncə sərhədlərinin genişlənməsi − yeni yanaşmaların dillə ifadəsini zəruri edirdi. Çünki insanı təbiətdəki digər canlılardan fərqləndirən başlıca xüsusiyyətlərdən biri, bəlkə də birincisi danışa bilmə bacarığıdır. Dil ünsiyyətin özəyidir. Məhz buna görə dünyanı dəyişikliyə uğradan yeniliklərin qlobal xarakter alması üçün sözügedən ünsiyyət vasitəsilə paylanması vacibdir. Lakin əvvəlcə bu yeniliklərin müəyyən bir dillə nizamlı ifadə qəliblərini formalaşdırmaq lazımdır.

XIX əsrin Avropası modern mənada tərəqqinin mərkəzinə çevrildiyindən bir çox sahələrdə özünü büruzə verən inqilabi dəyişiklik dil sahəsindən də yan keçmədi. Bildiyimiz kimi, hazırda Avropanın və postmodern dünyanın üç əsas aparıcı dili olan ingilis, fransız və alman dilləri dünyada baş verən əsas dəyişikliklərin ümdə ifadə vasitəsinə çevrilib. Humanitar sahələrdə, dəqiq elmlərdə yeni terminlərin əksəriyyəti məhz bu dillərdə yaradılır və digər dillərə, daha doğrusu, üçüncü dünya dillərinə ötürülür. Xüsusilə ingilis dili bu baxımdan qarşısıalınmaz üstünlüyü ilə xalqların elmi ünsiyyət vasitəsinin aparıcı qüvvəsinə çevrilib. Avropanın bu üç məhəlli dili necə oldu ki, qlobal dilə çevrildi? Bu dillərdə modernizmin, qlobal arenaya yol tapmağın metodikası necə yaradıldı? Bu yazıda bu kimi suallara, əsasən, dildaxili amillərə, müəyyən qədər isə siyasi, iqtisadi və sairə dilxarici səbəblərə söykənərək cavab verməyə çalışacağıq.

Düşüncə dilin sərhədlərindən daha geniş anlayışdır. Məhz düşüncənin xəlqiliyi, yaradıcı yanaşma dilin ifadə imkanlarını genişləndirir. O başqa məsələdir ki, insan ancaq daşıyıcısı olduğu dilin sintaktik, morfoloji imkanları daxilində fikirlərini dilə və yazıya gətirir. Ondan artığını eləməsi mümkün deyil. Lakin, hər bir halda, yenilikçi baxış bucağı dilin quruluş xüsusiyyətlərini, köklü olmasa da, aşkar surətdə dəyişmə qabiliyyətinə malikdir.

İngilis və alman dili mənsub olduqları dil ailələri etibarilə, bir-birinə çox yaxın dillər olsalar da, tarixi proseslər bu iki dili bir-birindən elə uzaqlaşdırdı ki, bu gün, əgər qeyri-elmi yöndən yanaşsaq, istisnaları çıxmaq şərtilə, bu dillərin yaxın qohumluğunu görmək çətindir. Alman dili qədimdən gələn sintetik (tərkibi) quruluşu ilə öz köklərinə sadiq qalmışdır. Bu dil tərkib əsaslı təsriflənən dillər qrupuna (synthetic inflecting) daxildir. Bundan əlavə, cins kateqoriyasının, qədim ön şəkilçi, son şəkilçi, sifət, isim, artiklların qorunub-saxlanması, mürəkkəb sözlərin qondarılma texnikaları və sairə bu fikri deməyə əsas verir.

Bunun müqabilində fransız və ingilis dili tarixi köklərindən qoparaq dəyişikliyə məruz qalıb. Xüsusilə ingilis dilində bu, dilin sadəliyi olaraq qələmə verilir. Nəticə etibarilə, ingilis dili hazırda bir qədər analitik (təhlil dili), fransız dili isə xeyli analitik dil formasına bürünüb. Yəni bu dillərdə semantik və orfoqrafik vahidlik baxımından təsriflənmənin əksər funksional üstünlüklərinin yerini azad qrammatik kateqoriya olaraq mövcud olan sözlər tutub. Məsələn: almanca ausgehen, ingiliscə go out, almanca einkommen, ingiliscə come in, almanca hinasführen, ingiliscə go beyond. İngilis dilində mənanı çatdırmaq üçün söz qrammatik struktura uyğun olaraq dəyişdikdə sözün mövcud forması dəyişmir, yəni söz təsriflənmir, məfhum başqa sözlərin köməyi ilə ifadə olunur ki, bu da zəncirvari söz sırası əmələ gətirir. Bütün bu dəyişikliklər nəyə səbəb oldu? Bu transformasiyalar fransız və ingilis dillərinin, lazım gəldikdə, öz köklərinə söykənərək mürəkkəb söz yaratma xüsusiyyətlərini zəiflətdi. Elmin və texnologiyanın inkişafı ilə modern dillərdə yeni qondarılan sözlərin əksəriyyəti məhz “söz” formasında ya sadə, ya da mürəkkəb komponentlərdən ibarətdir. Amma burada söz birləşməsi qəlibində ortaya çıxan zəncirvari sözlər sırasından yox, məhz sözdən söhbət gedir. Alman dili bu mənada öz sintetik kökünə bağlı qaldığından, ingilis və fransız dillərindən fərqli olaraq, məhz öz mayasını işə salmaqla yeni məfhumlar üçün yeni ifadə vasitələri qondarmaqda daha əlverişli şəraitə malikdir. Məsələn, bu gün, demək olar, beynəlxalq söz sayılan, tele (yunanca “uzaq” və ya “uzaqdan”) və vision (latınca “görmək”) sözlərinin tərkib halında (synthetic) birləşməsindən qondarılan television sözü alman dilində fern-sehen (fern – uzaq, sehen – görmək) adlanır. Bu anlayışı ingilis və fransız dillərinin milli imkanlarından çıxış edərək təqdim eləməyə çalışsaq, belə ifadələr ortaya çıxacaq: seeing (looking) from away / voir (regarder) de loin. Lakin bunlar söz deyil, söz birləşmələri, ibarələrdir və təcrübə göstərmişdir ki, belə söz yaratma üsulları nadir hallarda dildə vətəndaşlıq qazanır. Doğrudur, ingilis dilində far-seeing tərkibini television sözü üçün qondarmaq olardı, lakin ingilisdilli dünyada terminoloji məfhumların anqlosaksonlaşdırılması deyil, latınlaşdırılması prioritet olduğundan həmin sözün dildə vətəndaşlıq qazanması çətin olardı. Alman dilində danışanlar isə bu dilin, necə deyərlər, “qeyrətini çəkməyə” üstünlük verdiklərindən XVII əsrdən başlayaraq fəlsəfə və elm sahəsində milli terminlər yaratmağa başladılar. Burada, yuxarıda vurğuladığımız kimi, bu dilin sintetik mahiyyəti aparıcı amil idi. Alman dilindən fərqli olaraq ingilis və fransız dilləri, təbii prosesin nəticəsi kimi, bu xüsusiyyətlərini çoxdan itirmişdilər. Bununla belə, alman dili də ingilis və fransız dilləri vasitəsilə yunan və latın dillərindən xeyli söz alıb. Alman dilinin nisbətən mühafizəkar xüsusiyyəti onun öyrənilməsini çətinləşdirmiş, ingilis dilinin isə dəyişikliklərə tabe olması ifadə imkanlarının mənimsənilməsini sadələşdirərək onun bütün dünyada elmi, texniki, fəlsəfi dil kimi hegemonluğunu təmin edən başlıca amillərdən biri olmuşdur.

İngilis və fransız dillərinin alman dili ilə müqayisədə söz yaradıcılığında milli köklərə daha çox söykənməsi əbəs idi. Bunun iki səbəbi var:

  1. Yuxarıda vurğuladığımız kimi, termin istehsalı və onun genişlənməsi, ortaya çıxan məhsulların dildə vətəndaşlıq qazanması üçün birinci növbədə bu ifadələr iki və daha artıq sözün birləşməsindən ibarət analitik ibarələr formasında deyil, mürəkkəb, düzəltmə sözlərdən və ya mənşə etibarilə mürəkkəb söz qəliblərindən ibarət sadə sözlər formasında ortaya çıxmalıdır.
  2. Bir dilin söz yaradıcılığında yalnız milli köklərə söykənməsi təbiətən mümkün deyil. Heç alman dilində də bunu bacarmayıblar. Xalqlar arasında əlaqələr və bundan əlavə, modernizmin mahiyyəti bunu deməyə əsas verir. Modernizm qarşımızda sərhədsiz imkanlar yaradır. Bu nəhayətsiz dənizdə hakim mövqeyə sahib olmaq üçün dilin sərhədlərini məhdudlaşdırmaq əvəzinə, onun sözalma imkanlarını olduqca genişləndirmək lazımdır. Qlobalizm, elmin mahiyyət etibarilə qlobal olması məhz elmi, fəlsəfi, texniki sahələrdə təəssübkeş olmamağı tələb eləyir. Bu üsulu seçən ingilisdillilər latın və yunan dili başda olmaqla, fransız, italyan, ispan, ərəb, fars, türk, Çin, hətta Afrika ölkələrinin məhəlli dillərindən minlərlə, on minlərlə söz almış, bu geniş söz dağarcığı vasitəsilə həndəsi silsilə ilə inkişaf edən elm, fəlsəfə, texnologiya sahələrindəki ehtiyaclarını ödəmişlər. Bununla belə, yuxarıda qeyd etdiyimiz kimi, ingilis dili fransız dilinə nisbətən daha az analitik dildir, yəni qədim sintetik mahiyyətini, bir az da olsa, saxlamağı bacarıb. Adətən, ingilis dilindəki sözlərin fransız dilinə tərcüməsində sözarası qoşmalardan istifadə olunur. Məsələn: rainbow / arc-en-ciel (göy qurşağı), waterfall / chute d’eau (şəlalə), sunset / coucher du soleil (günün batması) və s.

Zahirən söz xüsusiyyətinə malik olmayan, söz birləşməsi şəklində ortaya çıxan ifadələrdən yeni söz yaratmaq çətin məsələdir və əksərən effekt vermir. İngilis və fransız dilində düşünən, yazan mütəfəkkirlər bu məsələdə ilişməmək üçün cəsarətli davranaraq məhəlli dillərlə müqayisədə tarixi keçmişi etibarilə terminoloji səviyyədə daha geniş ifadə imkanlarına malik yunan və latın dillərinə müraciət elədilər. Bu dillərdən sözləri məhz mexaniki üsullarla alıb birləşdirərək tərkib halına saldılar və bu metod fəlsəfi, elmi, texniki terminlərin formalaşmasına misilsiz kömək göstərdi. Bu mexaniki üsul nəticəsində ərsəyə gələn sözlər elmi ədəbiyyatda “learned compounds” (bilik əsaslı birləşmələr) adlanır. Bu yanaşma modern elmin ifadə imkanlarının formalaşmasında ingilis və fransız dillərinə xeyli kömək göstərdi. İngilis və fransız dillərində bu alınmalar olmadan, yalnız milli əsaslarla söz yaradıcılığı dalana dirənərdi. Gəlin buna nümunələr üzərində baxaq: biology / biologie yunancadakı bios logia morfemlərinin birləşməsidir. Bu adları saf ingiliscə və fransızcada vermək istəsək, life-science / la science du vivant deməliyik, hərçənd ingiliscə variantının cəm forması (life-sciences) hazırda bu dildə işləkdir. Lakin məsələ budur ki, təsrifləndirmək lazım gəldikdə sözlərin işləkliyi qeyri-mümkün hal alır. Tutalım, biology sözünü bundan sonra the science of life şəklində dedik, belə olduqda, məsələn, biological ifadəsinin qarşılığını verməkdə çətinliklə üzləşəcəyik. Çünki, dediyimiz kimi, ingilis dilinin müasir imkanları bizə aqlütinativ əsasda təsriflənmə şəraiti yaratmır. Sonuncu ifadəni ingiliscə belə vermək olar: of the science of life. Bu cür təsvirçi yanaşmalar yerinə, alma və birləşdirmə yolu ilə sözü qəbul edib onu milli morfoloji qəlibə salaraq özününküləşdirmək daha məntiqli, elmi və məhsuldar görünür. Müxtəlif izahlı lüğətlərdə “bio” kökündən istifadə etməklə qondarılmış iki yüzə yaxın birləşmə tapmaq mümkündür. Məhz bu yanaşma modern dillərin elmin sürətli inkişafı ilə ayaqlaşmasına şərait yaradır.

Modern dünya yaranmamışdan qabaq dillər, əsasən, qapalı cəmiyyətlərdə, fərqli ənənələr, mədəniyyətlər əhatəsində “təbii dil” adlandırdığımız çərçivədə formalaşırdı. Təbii dilin komponentləri şüurlu surətdə müdaxilə edilən prosesin nəticəsi deyil və bir növ “necə varsa, elədir” yanaşmasının təzahürüdür. Buna görə də dünyanın müxtəlif bölgələrində elmi, texnoloji əsasda terminlərin formalaşması sənaye inqilabından əvvəlki əkinçilik, heyvandarlıq, memarlıq, sənətkarlıq kimi sahələrin qəlibində, daha dar çərçivədə baş verirdi. Məhz dilçilik kontekstində baxsaq, məsələn, bir çox dillərdə mövcud olan qaydalı və qaydasız feillərin formalaşma tərzlərinə nəzər yetirə bilərik. Eyni zamanda, bəzən, istisna başlığı altında qrammatika kitablarında qarşımıza çıxan bu formalar məhz heç bir mexaniki əsası olmayan, təbii təkamülün nəticəsidir. Məsələn, ingilis dilində near sözündən nearing forması qarşımıza çıxır, lakin bu üsulla far sözünün faring forması ilə qarşılaşmırıq. Eləcə də ingilis dilində to near feili olduğu halda, to far feili yoxdur. Near ingilis dilində zərf, sifət və feil funksiyalarını daşıya bildiyi halda, far yalnız zərf və sifət olur. Soft sözü həm sifət, həm də zərf ola bilir, amma onun feil forması, digərlərindən fərqli olaraq, to soften-dir. Fars dilində kaştən (əkmək) və koştən (öldürmək) feillərindən kaşte, keşt, keşte, koşte isimləri yaranıb və feilin kökü ilə birbaşa əlaqəlidir. Lakin mordən (ölmək) təsirsiz feilinin ismi bu məntiqlə mord olmalı olduğu halda, mərg-dir. Nərm (yumşaq) sifətindən nərmeş ismi yarandığı halda, gərm (isti) sifətindən gərmeş ismi yaranmayıb. Fəraz (yuxarı) zərfindən fərazidən feili olduğu halda, bala (yuxarı, yüksək) sözündən balayidən feili yoxdur. Rəftən (getmək), kərdən (eləmək), didən (görmək) məsdərlərindən rəftar, kerdar, didar isimləri olduğu halda, dəvidən (qaçmaq), poxtən (bişirmək) məsdərlərinin dəvidar, poxtar formalı isimləri yoxdur. Xəridən (almaq) sözünün isim forması xəridar-dır, lakin foruxtən (satmaq) məsdərinin ismi foruşənde-dir və s.

Bu sözlərin niyə belə olması ilə bağlı sual verilə və dilçilərin müşahidələr əsasında ərsəyə gətirdikləri müəyyən qanunauyğunluqları mənimsəmək olar, lakin məhz ontoloji prizmadan bu qrammatik konstruksiyaların niyə belə olması haqqında sorğu-sual etməklə rasional nəticəyə gəlmək, demək olar ki, qeyri-mümkündür.

İstisnasız dil təbii dil ola bilməz, yalnız dil mühəndislərinin yaratdığı “esperanto” kimi dillər istisnasız ola bilər və biz o dillərə mexaniki dil deyirik. Lakin elmə, texnologiyaya xas terminləri müxtəlif təbii dillərin imkanlarından istifadə etməklə məhz mexaniki üsulla yaratmaq mümkündür. Çünki bir tərəfdən elm və texnologiya mexaniki proseslərin təzahürü olduğundan orada sözlərin emosional yükü, demək olar, nəzərə çarpmır, digər tərəfdən isə bizim nəzarətimizdən kənarda formalaşmış “təbii forma” stereotipi ilə üz-üzə qalmırıq. XIX əsrdən etibarən modern Avropa dillərinin dünyada gedən inkişafla ayaqlaşması zamanı mütəfəkkirlər latın, yunan dillərindən istifadə edərək geniş düşüncə sərhədlərinin çeşid-çeşid ifadə vasitələrini yaratdılar. Burada “birləşdirmə” (blending) adlı üsuldan istifadə edildi. Bu üsulun əsasını “müqayisəli söz yaradıcılığı” təşkil edir. Digər dillərdə mövcud olan sözlər, söz hissələri şüurlu surətdə, müqayisə çərçivəsində seçilir və yenə şüurlu surətdə birləşdirilir və dilə daxil edilirdi. Məsələn, yunan dilindəki theo-logia sözü latın dili vasitəsilə Avropa dillərinə yol taparaq bu dillər üçün bütün logy tərkibli terminlərin yaranmasına və hədsiz şəkildə yayılmasına vəsilə oldu. Başqa nümunələr: bio-pic sözü bio-(graphy) + (motion) pic(ture) tərkibi ilə ərsəyə gəlib və mənası “real, ictimai olaraq tanınmış şəxsin həyatından bəhs edən (xüsusilə həyatının eniş-yoxuşlu tərəflərini əks etdirən) film” deməkdir. Tele-thon sözü saatlarla davam edən televiziya verilişləri üçün işlənir və marathon (marafon) sözündən təsirlənərək onun tərkibindəki thon hissəsinin köməyi ilə yaradılıb, hərçənd Yunanıstanda yer adı olan Marathon sadə sözdür, yəni morfoloji olaraq mara  və thon kimi tərkib hissələrinə bölünmür. Bu sözün parçalanması tamamilə ixtiyari xarakter daşıyıb. Europe sözündəki euro hissəsi euro-centric, euro-crat, euro-currency, euro-communism kimi sözlərin tərəfi kimi çıxış edir.

Müasir, elmi dil adlandıra biləcəyimiz dillərdə digər dillərə tolerant münasibət bu gün o dillərin qloballaşmasını təmin eləyir. Dünyanın onlarla dilindən söz əxz eləyib sürətlə qloballaşan bir dilin ifadə imkanları ilə yalnız milli köklərə söykənmə xülyasına qapılan hansı dil daşıyıcılarının dili ayaqlaşa bilər?! Burada, əlbəttə, kor-koranə söz almaqdan söhbət gedə bilməz. Qəbul edilən söz mütləq dilin daxili imkanları hesabına təsriflənmə qabiliyyətinə malik olmalı və söz yaradıcılığında aktiv iştirak eləməlidir. Görkəmli dilçi alim, akademik Tofiq Hacıyevin məşhur dilçilərə istinadla dediyi kimi, “Dilin qeyrəti əcnəbi sözü geri qaytarmaqda deyil, onu həzm edib özününküləşdirməkdədir”. Bəli, əgər bir dilin daşıyıcıları öz dillərinin üçüncü dünya dilləri olaraq modern dillərin ekspansiyasına məruz qalmasını, onların qəliblərini olduğu kimi götürüb yavaş-yavaş o dillərin simasına bürünməsini, yəni bir növ o dillərin içində əriməsini istəmirlərsə, onlar da müasir həzmetmə texnikalarını mənimsəməli, o cümlədən dilin ifadə imkanları daxilində söz yaratma məsələsinə diqqətli yanaşmalıdırlar.

Bu mənada Yaxın Şərqin qədim dillərindən və Azərbaycan dili ilə sıx keçmişi olan, hazırda isə üçüncü dünya dili dövrünü yaşayan fars dilinə tarixi çərçivədə nəzər salmaq istərdim. Biz dedik ki, terminoloji anlayışların söz qismində yaradılması üçün birləşmə, tərkib halını alma mühüm amillərdəndir. Yəni söz ön şəkilçi, son şəkilçi, iç şəkilçilər (infix) vasitəsilə və ya ona qoşulan morfemlərlə təsriflənə bilmə xüsusiyyətinə malik olmalı, söz yaradıcılığı üçün əlverişli məhsul olmalıdır. Bu hal bir məfhumun söz qismində işləklik qazanması üçün zəruridir. Fars nəsrinin (məhz nəsrinin) tarixinə nəzər saldığımızda onda da ingilis dilinin analitik dövrünü, hətta daha bərbad formasını görürük. Ərəblərin İranı işğal eləmələri nəticəsində islam mədəniyyətinin bu ölkəyə yol tapması özü ilə bu mədəniyyətin dili olan ərəbcəni də gətirdi. Ərəb dilinin elm, fəlsəfə dili kimi Yaxın Şərqdə və ümumən islam dünyasında şöhrət qazanması onun digər bir çox dilləri sıradan çıxarmasına, hətta öz içində əridib yox eləməsinə səbəb oldu. Fars dili poeziya dili qismində ərəb dilinə qarşı ciddi müqavimət göstərdi və hətta nəzmdə nəinki ərəb dilini üstələdi, ümumdünya səviyyəsində misilsiz, özünəxas bir mövqeyə yüksəldi. Bu gün də o mövqeyini qorumaqdadır. Lakin fars nəsri hədsiz şəkildə ərəb dilindən gələn sözlərin hücumuna məruz qaldı. Bunun da başlıca səbəbi mürəkkəb, başa düşülməsi xeyli çətin olan ərəbcə sözləri yazıda işlətməyi fəzilət hesab edən iranlı mütəfəkkirlər idi. Ərəb dilinə yönəlmək orta əsrlər İranında, fars nəsrində əllaməliyin təzahürü olmuşdu. Nəzm dili bu məsələdə bir qədər mühafizəkar xüsusiyyətə malik olsa da, nəsr dilində məhz bu əllaməlik meyilləri fars dilində söz yaradıcılığı üçün mühüm amil olan milli sadə feillərin əksəriyyətinin arxaikləşməsinə gətirib çıxartdı. Sadə məsdərlərin sayı söz yaratmaq üçün mövcud olan imkanların müəyyənləşdirilməsində əsas göstəricilərdəndir. Çünki sadə feil müxtəlif səpkili isimlərin yaradılmasında aktiv iştirak edir, bu da yeni yaranan məfhumları adlandırmağımız üçün faydalıdır. Məsələn, bu dildə nemudən (göstərmək) sadə feilindən yaranan sözlərə baxaq: nemune (nümunə), nəmayeş (nümayiş), nəmayənde (nümayəndə), nəmayeşname (pyes), nəmayeşqah (sərgi), nemad (simvol), nemud (aspekt), nemudar (diaqram), nəma (mənzərə, görüntü, plan), nəmayan (aşkar, açıq) və s. Mötərizədə yer alan tərcümələr həmin sözlərin ən çox işlək olan mənalarıdır, yəni bu sözlər termin olaraq fərqli sahələrdə fərqli konteksti ifadə edə, o cümlədən söz birləşməsinin tərəfi kimi işləndikdə fərqli məna çalarının ifadə vasitəsi ola bilər. Bu gün fars dilində sadə feillərin rəsmi sayı haqqında müxtəlif fikirlər olsa da, dilçilərin statistik məlumatlarını müqayisə elədikdə təxmini sayın 200-250 arasında dəyişdiyi güman edilir. Bu, aşağı göstəricidir. Fars dilində milli feillər arasında köməkçi feillər vasitəsilə düzələnləri üstünlük təşkil edir: zəmin xordən (yıxılmaq), bazdid kərdən (baxmaq, ziyarət eləmək), didar kərdən (görüşmək), qostəreş dadən (yaymaq) və s. bu qəbildən olan onlarla, yüzlərlə mürəkkəb feil tapmaq mümkündür. Fars dilində köməkçi vasitələrlə düzələn milli feillərin çoxluq təşkil eləməsinin əsas səbəblərindən biri olaraq bu dildə köməkçi vasitələrlə işlənən ərəb mənşəli sözlər göstərilir.

XI əsrdən etibarən ərəb dili fars nəsri üzərində elə bir hakim mövqeyə sahib olmağa başladı ki, tarix, fəlsəfə və s. sahələrlə bağlı yazılan əsərlərdə hədsiz ərəbləşmə meyilləri görünürdü. Bu nüfuz təkcə morfoloji deyil, sintaktik qəliblərdə də nəzərə çarpırdı. Müəlliflər sadə feil işlətmək əvəzinə, ondan tamamilə imtina edərək ərəbcə variantını götürür, yanına fars mənşəli köməkçi feil artırır və işlədirdilər. Yeni məfhumlar üçün söz yaradıcılığına baş vurmaq, bu yöndə bacarıq göstərmək əvəzinə, rahatlığı seçir və ərəb dilinin zəngin söz dağarcığından istifadə edib fikirlərini dilə gətirirdilər. Bu isə mürəkkəb feillərin fars dilində hədsiz yayılmasına səbəb oldu. Məhz ərəb mənşəli sözlərlə düzələn mürəkkəb feillərin çoxluğu zamanla söz yaradıcılığı imkanlarını məhdudlaşdırdı və sanki fars dilinin sintaksisi ilə yazılmış ərəbcə mətnlər ortaya çıxmağa başladı. Məsələn: klassik nəsr mətnlərinə baxdığımızda qosixtən və ya boridən (kəsmək, ayırmaq, parçalamaq) əvəzinə ərəbmənşəli sözlərlə düzələn ğət kərdən, monğəte nemudən, enğeta hasel nemudən və ya əncamidən (yerinə yetirmək və ya görmək (işi görmək)) yerinə, mürəkkəb formalı be etmam residən, extemam yaftən kimi ərəb-fars qarışığı olan ifadələrə üstünlük verildiyi görünür. Ərəbləşmə farsmənşəli sadə feillərin də mürəkkəb qəliblərə bürünməsinə təsir göstərdi və bu gün həmin feillər sadə feil kimi şəkilçi götürərək işlənmir, mürəkkəb feil kimi köməkçi vasitələr hesabına işləklik qazanır. Məsələn, poeziyada qorunub-saxlanan şegeftidən (təəccüblənmək), pənahidən (kömək istəmək və ya axtarmaq), şəkibidən (dözmək), rəhidən (qurtulmaq), şetaftən (tələsmək) kimi məsdərlərin bəziləri arxaikləşib, bəziləri isə artıq sadə feil kimi təsriflənmir, ifrat ərəbləşmənin təsiri ilə yanına mütləq fars mənşəli köməkçi feil tələb edir: şegeft zədən, pənah bordən, rəha şodən və s. Halbuki bu ifadələrdə əsas tərəf tamamilə farscadır. Klassik nəsrdə isə bu nümunələrin əksəriyyətində əsas hissə belə yox idi. Pənahidən və ya pənah bordən yerinə, daha çox moltəci şodən (yarı ərəb) və ya elteca (tam ərəb) işlənirdi. Farsca yazan ədiblər arasında ərəbpərəstlik elə bir həddə çatmışdı ki, hətta bunu qayda kimi tətbiq edir, saray ədibləri arasında üslubunda ərəb dilinə yönəlməyənləri savadsızlıqda ittiham edirdilər.

Hazırda Tehranda yerləşən “Məlek Milli Kitabxanası” adlı, əsasən, əlyazmaların saxlanıldığı kitabxanada məşhur “Tarix-i Beyhəqi” əsərinin müəllifi Əbülfəzl Beyhəqiyə aid bir risalə var. Qəznəvi sarayında yaşayan və Sultan Mahmud Qəznəviyə xidmət edən Əbülfəzl Beyhəqi həmin risalənin kiçik bir hissəsində saray katiblərinə müraciətlə onlardan farsca sözlərin əvəzinə, ərəb sözlərindən istifadəyə üstünlük vermələrini istəyir: “Bu, Sultan Mahmudun katibi, Əbu Mənsur Moşkanın şagirdi Əbülfəzlin risaləsindən bir fəsildir. Burada, qələm oynadan katiblər haqqında bir neçə mətləb var”. Sonra davamını gətirərək həmin sözləri “…. yerinə …. yazsınlar” qəlibində bir-bir sıralayır, təxminən dörd yüzə yaxın sözdür və əksəriyyətində imtinası tələb olunan, birinci tərəfdə yer alan sözlər fars mənşəli, onların yerinə təklif edilən, ikinci tərəfdə yer alanlar isə ərəb mənşəlidir. Bir hissəsi aşağıdakı kimidir:

Şuridegi yerinə ezterab yazsınlar.

Rəsteqari yerinə xelas yazsınlar.

Tərsanidən yerinə təhdid yazsınlar.

Bərabər kərdən yerinə moğavemət kərdən yazsınlar.

Mərg yerinə vəfat yazsınlar.

Puşide yerinə mobhem yazsınlar.

Dusti yerinə mosadeğət yazsınlar.

Daneste yerinə mə’lum yazsınlar.

Pəs yerinə mo’əxxər yazsınlar.

Bəzi yerlərdə hər iki tərəf üçün ərəb mənşəli sözlər yazılıb, lakin birinci tərəfdə dayanan sözlər fars dilinə xas köməkçi feillərlə birlikdə ifadə olunub, ikinci tərəfdə duranlar isə sırf ərəb mənşəli sözlərdir və ərəbcə ilə qarışmış olmasından asılı olmayaraq, daha anlaşıqlı, dövrün farscasında oturuşmuş ifadələr əvəzinə, ikinci tərəfdə daha çətin, mürəkkəb ərəb tərkiblərinə üstünlük verilib:

Fəxr kərdən yerinə mobahat yazsınlar.

          Əməl kərdən yerinə touliyyət yazsınlar.

Fayede setədən yerinə estefadət yazsınlar və s.

Keçən əsrin görkəmli iranlı dilçi alimi Məhəmmədtağı Bahar özünün “Üslubiyyat və ya fars nəsrinin formalaşma tarixi” əsərində yazır: “X əsrdə və XI əsrin birinci yarısında fars nəsrində ərəb tərkiblərinin sayı ümumi söz dağarcığının beş faizini keçmirdi, XI əsrin ikinci yarısında bu göstərici əlli faizə, XII-XIV əsrlərdə səksən faizə yüksəlmişdi, hərçənd bu, bütün qələm sahiblərinə aid edilə bilməz. Tarix, poeziya, müxtəlif elm sahələrində yazan bəzi müəlliflər hələ də rəvan, aydın yazmağa davam edirdilər”.

Poeziyada isə, yuxarıda vurğuladığımız kimi, bu tərkiblər ölçünü keçmir, həqiqətən ehtiyacı ödəmək lazım olduqda istifadə olunurdu. Üstəlik, dil təəssübkeşlərinin hesabına qədim farscanın ünsürləri dildə qorunurdu. Bu qəbildən şairlərin, farscanı bir növ yenidən dirildən ədiblərin ən görkəmlisi Firdovsi hesab olunur. Onun “Şahnamə” əsərindəki morfoloji yanaşması özündən sonrakı fars poeziyasında təyinedici üslub kimi çıxış edir. Misal çəksək, Nizami Gəncəvi, Hafiz Şirazi, Sədi Şirazi anlaşıqlı farscanın, Xaqani kimi şairlər isə ərəbləşmənin nümunələri hesab olunurlar. Nəsrdə də nisbətən daha aydın dillə yazan müəlliflər olmuşdur. Maraqlıdır ki, katiblərdən ərəb tərkiblərinə yönəlməyi istəyən Əbülfəzl Beyhəqinin öz əsəri –  “Tarix-i Beyhəqi”ni (Beyhəqinin tarixi), Əbu Hamid əl-Qəzalinin “Kimya-yi Səadət” (Səadətin kimyası) əsərini fars nəsrinin ən gözəl nümunələri saymaq olar. Mürəkkəb ərəb tərkiblərinin olduğu kimi saxlanıldığı nəsr əsərləri isə çoxdur. Nəsirəddin Tusinin farsca bütün yaradıcılığını, İsgəndər bəy Münşinin “Tarix-i aləmaray-i Abbasi” (Dünyanı bəzəyən Abbasın tarixi) əsərini və s. misal göstərmək olar.

Ərəb dilindən fars dilinə əndazəni keçmədən, sırf ehtiyacı ödəmək məqsədilə söz daxil olması və bu sözlərin milliləşdirilə bilməsi söz yaradıcılığı üçün zəruri amildir. Bunun fars dilində gözəl nümunələri var: fəhm ərəbmənşəli sözü məsdər qəlibinə yerləşdirilərək fəhmidən (başa düşmək, anlamaq) formasına salınıb. Sonra bu feildən fəhmandən (başa salmaq) təsirli feili yaradılıb. Lakin bu ərəbmənşəli morfemin törəmələri olan təfhim, təfəhhom sözləri söz qondarma baxımından funksional ünsürlər deyil və fars dilinə vaxtı ilə ənənəvi əllaməliyin təzahürü olaraq daxil edildiyindən daşlaşmış formada qalıb. Başqa bir nümunə ərəbmənşəli bərğ (elektrik) sözüdür. Bu sözdən bərğidən (qığılcımlanmaq) uğurlu məsdəri qondarılıb, rəğs ərəbmənşəli sözündən rəğsidən (oynamaq) məsdəri yaradılıb. Avropa mənşəli ionization sözünə qarşılıq olaraq yunidən (ionlaşmaq) feili qondarılıb, buradakı yun kökü mənbə dildəki ion kökünün fars dilinin morfonoloji quruluşuna uyğunlaşdırılmış versiyasıdır. Mənbə dildəki söz kökü götürülüb və ondan yunidən məsdəri, hətta sonra yuneş ismi qondarılıb və nəticə etibarilə, söz tam farslaşdırılıb. Yuxarıda ingilis dilində qeyri-normativ ayırma və birləşdirmə yolu ilə qondarılmış telethon-a bənzər nümunələrə fars dilində də rast gəlmək olur. Bu dildə işlənən doğolu (əkiz) sözü türk mənşəli doğulmaq feilindəndir. Lakin sonradan bu sözün əvvəlindəki do hissəsinin farscadakı do (iki) sayı olduğunu zənn edən dil daşıyıcıları bundan çıxış edərək əvvəldəki “rəqəmi” farscadakı digər rəqəmlərlə əvəzləyib üçəm, dördəm, beşəm anlayışları üçün yeni, əlavə törəmə imkanı olan sözlər yaratdılar və bu sözlər dildə uğurla vətəndaşlıq qazanaraq tam farslaşdı: seğolu (se – üç(əm)), çəharğolu (çəhar – dörd(əm)), pəncğolu (pənc – beş(əm)).

Yad dil ünsürünə qarşı ehtiyac yarandıqda yad deyil, doğma münasibət bəsləmək və onu doğma dilin təsriflənmə üçün münasib sayılan qəliblərinə otuzdurmaq sözügedən dilin törəmə imkanlarını xeyli genişləndirəcəkdir. Bunu etməyib, yalnız milli köklərə söykənməklə bu stereotipləri qıran dillərin ifadə imkanları ilə yarışmaq mümkün deyil. Çünki bir məfhumun fərqli semantik çalarlarına münasib olaraq onlarla fərqli ifadə vasitəsi ola bilər. Elmin, fəlsəfənin inkişafı elə məhz bu fərqli semantik çalarların çoxluğundan irəli gəlir. Məsələn, bu gün latın və yunan dillərindən gəlmə sign, semiosis, syndrome, symtpom, symbol sözləri, az-çox, oxşar məfhumların ifadə vasitələridir. Lakin sual ortaya çıxır: mənalar, təxminən, eynidirsə, niyə bir məfhumun beş adı var? Məgər bütün kontekstlərdə və bütün elmi, fəlsəfi, texniki sahələrdə bu sözlərin əvəzinə yalnız birini işlətmək olmazmı? Əlbəttə, xeyr. Məsələ odur ki, mənalar eyni deyil. Bu kimi sözlər humanitar sahələrin, təbiət elmlərinin inkişafı ilə fərqli məna çalarlarına bürünüb. Modernizmin və ondan sonra gələn postmodernizmin dilçilikdə bu formada təzahürü, elmin, fəlsəfənin qlobal, ortaq məhsula çevrilməsi fərqli düşüncələrin ərsəyə gəlməsinə məxsusi sürət qazandırır. Akademik dünyada fərqli fikirlər, arada cüzi fərq olmasından asılı olmayaraq, fərqli ifadələrlə tərif olunur, əgər biz aradakı həmin cüzi fərqi nəzərə almadan hamısını və ya əksəriyyətini eyni adla ifadə etməyə çalışsaq, düşüncənin fərqliliyi, yeniliyi necə başa düşülər?! Təsadüfi deyil ki, yuxarıdakı beş sözə üçüncü dünya dili olan fars dilində elmi-fəlsəfi çərçivədə, sadəcə, iki qarşılıq tapmaq mümkündür: neşane əlamət. Son dövrlərdə isə klassik farscanın söz ehtiyatını ələk-vələk edərək nemad sözünü tapıb çıxartdılar və symbol sözünün qarşılığı olaraq təyin elədilər. Xəmiri əfsanələr, əsatirlər, nağıllar, eşq dastanları, folklor nümunələri ilə yoğrulmuş əksər qədim dillərdən bundan artığını gözləmək olmaz. Ona görə tək bir dilin mayasına söykənilməməli, digər dillərlə söz alış-verişinə daim hazır olmalı, bu sözlərin ana dilin qrammatik qəliblərinə uyğunlaşdırılaraq həzm-rabedən keçirilməsindən çəkinilməməlidir. Fars dilinin qorunmasına və tədqiqatına xidmət edən Fars Dili və Ədəbiyyatı Akademiyası qurulduğu 1934-cü ildən bu yana terminoloji və ümumişlək olmaqla bu dildə altmış min yeni, işlək söz qondarıb. Lakin müxtəlif dövrlərdə ortaya çıxan ifrat milliləşmə meyilləri vaxtaşırı bu qurumun da fəaliyyət sürətini azaldıb, onun terminoloji olaraq modern dillərlə ayaqlaşmasına əngəl törədib.

Bir digər üçüncü dünya dili olan Azərbaycan dilinin taleyi fars dilindən elə də fərqlənmir. Hətta farsca yazanlar dövrün dəbinə uyğun hərəkət edib, əsasən, bir dilə – ərəbcəyə yönəlməyi fəzilət hesab etsələr də, Azərbaycan dilində yazanlar bu baxımdan həm ərəbcənin, həm də farscanın təsir dairəsinə düşmüşlər. Dədə Qorqud dastanının formalaşdığı ilkin dövrlərdə bu dilin lüğət imkanlarında müasir dövrdə belə aydın başa düşülən sözlər nəzərə çarpdığı halda, sonrakı dövrlərdə elm dili olaraq ərəbcənin və ədəbiyyat, xüsusilə poeziyanın dili olaraq farscanın yüksəliş dövrünə qədəm qoyması Azərbaycan dilinin bu dillərin təsir dairəsinə düşməsini qaçılmaz etmiş, yüz illər boyu davam edən bu prosesdə dövrümüz üçün bəzən nisbətən anlaşıqlı, bəzən isə aşkar yad söz xüsusiyyətini qoruyan morfoloji ünsürlər dilimizə yol tapmışdır. Mövzumuz nəzm əsaslı bədii üslub deyil, əsasən, nəsr və elmi üslub olduğundan Azərbaycan dilində bədii üslubun poetik xüsusiyyətlərinin dərinliklərinə çox varmadan bu dildə tədricən sistemləşmiş nəsr nümunələrinin ortaya çıxmağa başladığı XIX əsrə diqqət çəkmək istəyirəm.

XIX əsrdə, Avropada olduğu kimi, Azərbaycanda da yenilikçi hərəkat yeni düşüncələrin modern ifadə imkanlarını formalaşdırırdı. İstər bədii, istər elmi üslubda yeni ifadə imkanları XIV-XVII əsrlərdən etibarən məhz folklor-danışıq dilinin Azərbaycan ədəbiyyatına yol tapması fonunda baş verirdi. Bununla belə, yüz illərdən bəri təsir dairəsini qoruyub-saxlamağı bacaran, xalqın dilindən uzaq düşmüş klassik-kitab dili də birdən-birə qələm sahiblərinin yazı mətbəxindən kənarlaşdırıla bilməzdi. Bu proses təbii şəkildə, pillə-pillə baş verirdi. XIX əsrdə klassik-kitab dilinin ən böyük təmsilçisi Abbasqulu ağa Bakıxanovdur. Düzdür, onun bütün elmi yaradıcılığı fars və ərəb dillərində, yalnız bədii yaradıcılığı Azərbaycan dilindədir, lakin azərbaycandilli nəsrdə qələmini sınaması sözügedən dövrdə yeni ərsəyə gəlməyə başlayan nəsr nümunələrinin ilkin xarakteristikasını müşahidə etmək baxımından mühüm göstərici sayıla bilər. Onun doğma dildə yazdığı “Kitabi-Əsgəriyyə”sindən bir hissəyə fikir verək:

“Əmma bə’d vabəstəyi-səlasili-möhnət və giriftari-zindani-məhəbbət. Bəsteyi-dami-ələm, pamali-ənduhi-məlal, Bülbüli-gülzari-möhnət Qüdsiyi-şuridəhal bu rəsmi dilavaz ilə firqeyi-ülul-əlbabə bəyani-mafibal etmiş və əlvahi-zəmairi-ərbabül-bəsairə bu işveyi-zövqəngiz ilə qələmi-ə’lam yürütmüş ki, çün məzmuni-hikmət məşhunil-ərvahi-çünudi məcənnədə təarifi-minha etmədən “Ma təkərrümiha” ixtilafi-dəlaləti ilə xəl’əti-xilqəti-işbah geymədən, rəqabeyi-zənciri-məhəbbət çəkmişlər və riyazi-sücudi-bəşəriyyədə və “həmdəhül-insani-fəkanə zülmən cəhulən” misdaqincə nihali-möhnət əkmişlər. Labüd aləmi-surətdə iqtizai-təbiəti-bəşəri oldur ki, hər kimsə gərək bir növ mənzur ilə ciləbəxşi-dideyi-dil olub, ovqati-şərifi zaye və bihudə keçirməsin və bəzmi-həvadisdə cami-qəflətdən təb’i-talibi-hüşiyarə badəyi-cəhl içirməsin”.

İfrat formada ərəb-fars tərkibləri ilə bəzədilmiş bu mətnə Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir. Nümunədə 108 söz işlənib. İşlənmə tezliyini nəzərə almadan ancaq söz sayına baxsaq, milli mənşəli 16 söz var, bunun da sadəcə altısı müstəqil, ikisi köməkçi feildir, qalanları əvəzlik və köməkçi nitq hissələridir. Lakin bundan da mühüm məsələ yad morfoloji və sintaktik qəliblərin də dilə yol tapmasıdır. Klassik-kitab dilinin təzahürü olan və bu dil daşıyıcıları üçün, hansı dövrdə yaşamalarından asılı olmayaraq, ifrat işləndikdə olduqca yad təsir bağışlayan (folklor-danışıq dilinin bədii ədəbiyyata yol tapması ilə bədii üslubun simasının dəyişməsi bunun bariz nümunəsidir) izafət tərkibləri olduğu kimi saxlanılıb, sintaktik qəliblər, əsasən, farscaya xasdır. Bu nümunə, əlbəttə, bütünlüklə XIX əsr ədəbiyyatını təmsil edə bilməz, lakin əsrin sonuna yaxın yenilikçilərin xilas olmağa çalışdığı ağır üslubun göstəricisi olmağa layiqdir.

XIX əsrdən etibarən dünyanın mərkəzi hesab olunan Avropada artıq elmin, ədəbiyyatın, fəlsəfənin dar əhatəyə məxsus şəxslərdən geniş kütlələrə ötürülməsi yolunda baş qaldıran hərəkat dünyanın bir çox bölgələrində olduğu kimi, Rusiya İmperiyası vasitəsilə Azərbaycanda da öz rüşeymlərini salırdı. Məhz bundan irəli gələrək xalqla yaxınlaşmaq, o dövrə kimi görünməmiş formada geniş ünsiyyət qurmağın yolu onun başa düşəcəyi, aydın dillə danışmaq, keçmiş əsrlərin qalığı, bir para mirzələrin inhisarında saxlanılan və sıravi dil daşıyıcıları üçün olduqca mürəkkəb olan, hətta bəzən tamamilə yad dil təsiri bağışlayan klassik-kitab dilindən uzaqlaşmağın vaxtı gəlib çatmışdı.

Bu yolda ilk olaraq insanlara daşıyıcısı olduqları dili akademik çərçivədə öyrətmək gərəkli idi. Əsaslı dərsliyin yaranmasında dərsliyin dili xüsusi əhəmiyyət kəsb edir. Burada istər qrammatik konstruksiyaların, istər nümunə kimi verilən mətnlərin tərtibatında işlənən dilin dil daşıyıcılarının mənimsəmə qabiliyyətinə uyğun olaraq anlaşıqlı olması vacibdir. Bununla belə, keçid dövrü olduğundan mühafizəkarlarla islahatçılar arasında fikir ayrılıqları ortaya çıxırdı. Klassik-kitab dilini olduğu kimi modern dövrə gətirməyə çalışan, istisnasız heç bir dəyişikliyə boyun əyməyən ifrat mühafizəkarlara vaxtaşırı cavab verənlər də tapılırdı. Azərbaycan dilinin ilk əsaslı dərsliklərindən olan, A.Çernyayevski və S.Vəlibəyovun ortaq məhsulu “Vətən dili” dərsliyində müəlliflər dərsliyin dili çərçivəsində, dolayı yolla bu məsələlərə toxunaraq yazırdılar: “Zənnimizə görə, təlifin dili bir para müsəlman üdəba və üləmalarına ifrat sadə görünəcəkdir, çünki onların rəy və nəzərlərinə görə, fəsihanə ibarələr gərəkdür, dolu olsun ərəbi və farsi kəlimələrlə. Amma gərəkdür, bu barədə bəziləri məzur durub bunu nəzərə alsınlar ki, həmin kitabça ancaq əlifbayı qurtarıb yengi qiraətə şüru edənlər üçündür. Hətta bir para alimlərin təsəvvürünə görə, bir türk türkcə bilmək xahiş eyləsə, gərəkdir ki, qabaqca farsca və ərəbcə təhsil eyləsin. Çətin ibarələr və müfəssəl və fəsihanə kəlamlar, əlbəttə, öz vəqtində və məqamında əxz və kəsb olunacaqdır. Amma dilimizdə əksər ovqat istemal olunan və fəhmə qərib ərəbi və farsi ləfzləri (ayırma mənimdir – C.Q) nəinki bilmərrə bu kitabçadan atılubdır, hətta qəsdən məqam və münasibətinə görə çox yerdə işlənibdir, tainki, gələcəkdə o kəlimələri fəhm və dərk etmək uşaqlara düşvar olmasın”. Göründüyü kimi, müəlliflər dövrün şəraitindən irəli gələrək başa düşülməsi çətin olan sözlərə də kitabda nisbətən yer verməli olduqlarını qəbul edirlər, amma, eyni zamanda, bu sözlərin dil daşıyıcıları, xüsusilə qrammatik olaraq dil haqqında yeni məlumat almağa başlayan uşaqlar üçün çətin olacaqlarını da dərk edərək dərslikdə bu ifadələri işlətmir, bununla kitabı xalq danışıq dilinə yaxın olmayan, hədsiz mürəkkəb ərəb və fars mənşəli ifadələrlə doldurmaqdan imtina edirlər. Bu, düzgün, yerində göstərilən pedaqoji yanaşmanın təzahürüdür.

Azərbaycan dilində elm sahələrinə aid terminlərin geniş formatda ilk dəfə xalqa təqdim edildiyi platforma ilk milli qəzetimiz “Əkinçi” olmuşdur. Məhz Həsən bəy Zərdabinin elmi fəaliyyətinin nəticəsində müxtəlif terminlər xalqa xalqın dilində təqdim olunmağa başladı. Təbiətşünas alim olan H.Zərdabi elmin təbiətşünaslıq qolu ilə bağlı yazılarını “Əkinçi”də çap etdirirdi. Bu yazılarda dövrünə görə (elə, demək olar, bu dövrə görə də) kifayət qədər anlaşıqlı dildən istifadə edilərək izahlar verilir. Məsələn, onun “Torpaq, su və hava” yazısından bir hissəyə nəzər salaq: “Zəlzələnün səbəbi indiyəcən məlum degil, bəzi hükəma qövlünə görə kürreyi-ərzün içi çox isti olduğuna orada olan şeylər tamam əriyib və onlardan hava qismi şeylərün qapağınun altında olan çuxurlara yığılanda su buğu çaynik samovarun üstə qaynayanda onun qapağını tərpədən kimi, yerün qapağını tərpədir ki, ona zəlzələ deyirik. Bəzi deyir ki, yağış, ya qar suyu yerə hopub, axub gedüb, özgə yerdən bulaq olıb yerün üzünə çıxan zaman yerün altı ilə axanda arada olan şeyləri özü ilə apardığına yerin altunda böyük kalafalar əmələ gəlir ki, bu kalafalarun kənarları uçmaqdan yer tərpənir”.

Ümumiyyətlə, “Əkinçi” qəzetinin termin yaradıcılığında Azərbaycan dilinin elmi üslubu üçün xeyli xidmətləri olmuşdur. Burada həm milli mənşəli, həm də rus-Avropa və ərəb-fars mənşəli terminlər dilə gətirilmişdir. Bəzi milli mənşəli terminlərə nümunələr: süd, qaymaq, yağ, arx, ox, top, çəllək, arşın, ipək, barama, maya (iqtisadi termin kimi), yatalaq, istilik, çevrə, çapğın, qazanc, digircək (maşında), yağınlıq və s.

“Əkinçi” qəzetində yazımızın əsas məzmununun bir hissəsini təşkil edən yad sözlərin dilin morfoloji qəliblərinə uyğun olaraq mənimsənilməsi məsələsinə də diqqətlə yanaşılmış, alınma sözlər düzgün morfoloji prinsiplərlə, bir növ calaq üsulu ilə Azərbaycan dilinə daxil edilmişdir. Bir neçə nümunə: topxana, çapxana, buzxana, dustaqxana, dərəcəbildirən (termometr), zavodsaxlayan (sahibkar), intixabedici (seçici) və s.

Rusiya İmperiyasının müstəmləkəsi olan bir ölkədə qeyri-rus dilində sürətli dəyişikliyin, tərəqqinin baş verməsi xeyli çətin idi. Rus dilinin hegemonluğu və dövlət səviyyəsində ön planda tutulması Azərbaycan dilinin diqqətdən kənarda qalmasına səbəb olurdu. XX əsrin birinci yarısında Türkiyə və İranda Avropa ilə ayaqlaşmaq, müasirləşmək, modern dəyərləri mənimsəmək cəhdləri iri dövlət layihələri ilə dəstəkləndiyi halda, sovetlərin məngənəsində sıxılıb qalmış Azərbaycanda bu proseslər yuxarıdan atılan bir-iki qırıntı hesabına yorğa at yerişi ilə irəliləyirdi. AXC dövründə ciddi cəhdlər edildi, daha sonra sovet hakimiyyətinin ilk illərində qurultayların keçirilməsi, mətbuatda geniş fəaliyyət üçün müəyyən şərait yaradıldı, lakin sonradan bu məsələdə də əyləc sıxıldı. XIX əsrin sonu və XX əsrin əvvəllərində termin istehsalını sistemləşdirən konkret dövlət mexanizmi yaradılmadığından Azərbaycan dilinin bu çərçivədə inkişafı tamamilə ixtiyari xarakter daşıyırdı. Hətta mətbuatda çapa gedən yazılarda, sadə imla qaydalarında belə özbaşınalıq hökm sürürdü.

Termin yaradıcılığında Azərbaycan dilinin üstün cəhətlərindən biri aqlütinativ tipdə olmasıdır. Bu xüsusiyyəti ilə yuxarıda izahını verdiyimiz sintetik formalı söz yaradıcılığında da rahat iştirak edə bilər. Azərbaycan dilində həm köməkçi feillərlə analitik tipli, həm də alınma-birləşdirmə yolu ilə sintetik tipli söz yaradıcılığı mümkündür. Məhz bu üsulla vaxtı ilə dilimizdə bir çox sözlər tərkib şəklində işləklik qazanmışdır: təlqin etməkaşılamaq, arzu etmək – arzulamaq, arzu olunmaq – arzulanmaq, cəm etmək – cəmləmək, cəm olunmaq – cəmlənmək.

1922-ci ildə MİK yanında yaradılan İstilah Komissiyası purizm (təmizləmə) mövqeyində idi. Bu mənada bir çox cəhdləri uğursuzluqla nəticələnsə də, hazırda dilimizə yol tapan bir sıra uğurlu terminlərin də işləklik qazanmasında məhz bu komissiyanın fəaliyyətlərinin rolu olub: sözlük, arayış, bildiriş, baxış, çıxış (nitq, başlanğıc nöqtə), gərginlik (fiziki və ictimai mənalarda), yük (fizikada: mənfi, müsbət yük), dalğa (fizikada) və s.

Bu komissiyanın mətbu orqanı kimi çıxış edən “Dilimizin islahı” qəzetində bu məsələ ilə bağlı maraqlı mülahizələr aparılıb. Qəzetdə gedən yazıların birində alınma sözlərin özününküləşdirilməsinə nümunə olaraq rusların laçujka və ərəblərin fəlsəfə sözü misal göstərilir. Bu söz alaçuq sözündən gəlir, əvvəlindəki a hərfinin yeri dəyişdirilərək laçuqa sözü yaradılmış, sonradan laçujka formasına düşərək tam ruslaşmışdır. Ərəb dilində işlənən fəlsəfə sözü yunan dilindəki philosophy sözünün ərəb mənşəli məsələ kəlməsinin vəzninə otuzdurularaq fəlsəfə formasına düşməsi ilə meydana gəlib.

Dövrün tanınmış mətbu orqanı olan “Yeni yol” qəzetində alınmaların milliləşdirilməsi ilə bağlı belə bir yazı var:

“Ərəblərdən və farslardan aldığımız kəlmələri qorxaq oxumuşlarımız türkləşdirmək istəməmişlər, amma camahat arasında belə kəlmələri gözəlcəsinə türkləşdirmişlər: süftə (istiftah kəlməsinin türkləşməsidir), çarşaf (çadirşəb), pambıq (pənbə), xına (həna), hamar (həmvar), muştuluq (müjdə), harınlaşmaq (hərunu), mazaqlaşmaq (məzaq)”.

Çox təəssüf ki, Rusiya İmperiyası, daha sonra sovetlər dövründə rus dilinin hegemonluğuna boyun əymək məcburiyyətində qalan Azərbaycanda elm dili lazımi qədər inkişaf eləmədi. Xüsusilə sovetlər dövründə elmlə məşğul olmaq istəyənlər, istər-istəməz, rus dilinin əhatə dairəsinə baş vurmalı olurdular. Bu bütün Sovet İmperiyası çərçivəsində tətbiq olunan ümumi dil siyasətinin nəticəsi idi və əfsus ki, Azərbaycan dilində yazıb-yaradan elm adamları da milli termin yaradıcılığında elə də maraqlı deyildilər. XX əsrin müxtəlif mərhələlərində termin yaradıcılığında müəyyən fəaliyyətlər nəzərə çarpsa da, bunların əksəriyyəti subyektiv xarakter daşıyır, dövlət nəzarətində, komanda çərçivəsində yerinə yetirilmir, vahid prinsip izlənilmirdi. Nəticə etibarilə, Azərbaycan dilində termin yaradıcılığında heç vaxt ciddi sıçrayışlar baş vermədi. Yalnız keçən əsrin son rübündə ümumi söz yaradıcılığı məsələsində, yenə müəyyən subyektiv addımların yekunu olaraq, bəzi əlverişli sözlər dilimizdə vətəndaşlıq qazana bildi: nəfəslik, çimərlik, əyləc, soyuducu, araşdırma, uğur və s. Bununla belə, burada da səthilik hakim idi, mürəkkəb elmi-texniki üslub diqqətdən kənarda qalmışdı.

XIX əsrin Avropasında və ondan sonrakı dövrlərdə sənaye inqilabının məntiqi nəticəsi olaraq geniş elm hərəkatı başlamışdı və bu prosesin bayraqdarı olan alimlərin yaradıcılığı həndəsi silsilə ilə artırdı. Bu yeniliklərdən xəbərdar olmaq istəyən dünya bu əsərləri ya yazıldığı dildə oxuyur, ya da tərcümədən mütaliə edirdi. İstər elm, istər fəlsəfə, istərsə də texnologiya sahəsində yeni düşüncələr söz yaradıcılığını zəruri eləmişdi, buna görə də alimlər, mütəfəkkirlər özlərini dilə, xüsusilə elmi üslubun ifadə imkanlarına mexaniki müdaxilə etmək məcburiyyətində hiss elədilər. Məhz bu mexaniki müdaxilə nəticəsində təbii dilin təkamül nəticəsində təyin elədiyi stereotiplər qırıldı, çünki başqa cür mümkün deyildi.

Düşüncənin sərhədləri genişləndikcə bu sərhədlərdən qat-qat geridə qalan, folklor, mifologiya, əsatir, əfsanələr üzərində formalaşan dillər təkbaşına bu inanılmaz sürətlə ayaqlaşmaqda çətinlik çəkir. Tarix sübut elədi ki, başdan-başa mexaniki üsulla yox yerdən söz qondarmaq əlverişli üsul ola bilməz, ona görə də geriyə yalnız bir yol qalır: milli leksikaya söykənməkdən əlavə, başqa dillərin imkanlarından faydalanmaq və bunu mütləq ana dilin morfoloji qəlibləri çərçivəsində həyata keçirmək.

Lakin bu gün Avropa ölkələrindən fərqli olaraq üçüncü dünya ölkələrinin dilləri başqa bir tendensiya ilə üz-üzədir. İngilis dilinin qarşısıalınmaz ekspansiyası artıq dünyada bir çox dövlətlərdəki aparıcı dil qurumlarını, hətta kifayət qədər inkişaf eləmiş və özünəməxsus əhatə dairəsi olan digər Avropa dillərinin danışıldığı ölkələri belə narahat etməkdədir. Postmodernizmin dilin inkişafı baxımından mənfi cəhətlərindən biri ağına-bozuna baxmadan dilə kütləvi şəkildə yad sözlərin doldurulmasıdır. Burada ingilis dilinin qlobal ekspansiyası aparıcı rol oynayır. Bu gün Azərbaycanda nəinki elm dili, hətta danışıq dilində böyük bir pərakəndəlik, aşınma hakimdir. Anlaşıqlı elmi üslubun inkişafdan qalmasının bir nömrəli səbəbi elmi istehsalın olmamasıdır. Elmi düşüncənin formalaşmadığı yerdə necə milli termin yarana bilər?! Elmin müxtəlif sahələrinə aid ciddi tədqiqatlar yazılmalı və bunlar mütləq kütləviləşməlidir. Dövlət dilində elmi ədəbiyyatın tapılmadığı ölkədə bu sahə ilə məşğul olmaq istəyən dar təbəqənin digər dillərdə yazılmış ədəbiyyatlara yönəlməsi qaçılmazdır, bu şəraitdə isə milli elmi üslub inkişaf edə bilməz. Bu cür pərakəndəliyi yalnız dövlət mexanizmi yoluna qoya bilər. Biz artıq 34 ildir müstəqilik, bununla belə, elmi, mədəni istehsalımız müstəmləkə dövründəkindən də qat-qat aşağıdır, çünki dövlət sifarişi yoxdur. Azərbaycan dilində ali səviyyəli tədrisin aparıldığı müəssisələrdə dərs vəsaitləri heç bir sifariş olmadan, müəyyən elm adamlarının şəxsi təşəbbüsü ilə ərsəyə gəlirsə, belə bir şəraitdə elm hərəkatının nəinki kütləvi xarakter alması, hətta başlaması belə mümkün deyil.

Termin yaradıcılığı üçün ikinci məsələ bundan ibarətdir ki, müəyyən elm sahələrində işləyən insanlar müxtəlif terminlərin yaradılması naminə dilçi alimlərlə ortaq tərəfdaşlığa cəlb olunmalı və bütün bunlar dövlət səviyyəsində təşkil olunan səlahiyyətli qurum tərəfindən koordinasiyalanmalıdır. Bu xüsusilə postmodernist dövrdə vacib məsələdir. Lakin, təəssüf ki, bu məsələdə də sonuncu izahlı lüğəti III minilliyin əvvəlində, hələ uzaq 2006-cı ildə işıq üzü görən Azərbaycan dili kənardan mitili bayıra atılmış kimi görünür.

Xarici dillərin, xüsusilə ingilis dilinin elmi, fəlsəfi və bütün digər mədəni sahələrdə yazılı dilimizə təsiri, terminologiyamızın tamamilə Azərbaycan dilindən uzaqlaşması və simasının köklü surətdə dəyişib Avropa dillərinin aşınmış, sadəcə cüzi səs sistemi dəyişdirilmiş formasına oxşaması yazılı dilin xalq-danışıq dilindən uzaqlaşmasına səbəb olur. O başqa məsələdir ki, elmi üslub və bu üslubun gətirdiyi terminlər hamı tərəfindən başa düşülə bilməz. Çünki hamının tədqiqatla məşğul olmasının, ən azı, indiki şəraitdə mümkün olmaması elmin bu xüsusiyyətini labüd edir. Lakin müasir dünyada kütlənin hər müsbət və mənfi şeyə əlinin çatması, yəni ələ düşən bu münbit şərait bizdən, heç olmasa, elmin kütləviləşməsi naminə hərəkətə keçməyimizi tələb edir. Bu, ölkənin tərəqqisi üçün vacib məsələdir. Bu gün Azərbaycanda müxtəlif ixtisaslarda oxumaq həvəsində olan gənclərin əksəriyyəti “Azərbaycan dili”ndə yazılmış akademik mətnləri başa düşməkdə çətinlik çəkirlər. Çünki həmin mətnlər həqiqətən də Azərbaycan dilində deyil, müasir işlək terminlərin əksəriyyəti Avropa dillərininin nisbətən fonetik dəyişikliyə uğramış versiyalarıdır.

Bir dəfə sosial tədqiqatlarla məşğul olan təşkilatların birinin nizamnaməsində iki maraqlı sözə rast gəldim. Sorğu prosesində iştirak edən müsahibə tərəfləri “intervüyer”“respondent” şəklində təqdim edilmişdi. Bu təşkilat müxtəlif bölgələrdə, kənd-rayon yerlərində cəmiyyətin müxtəlif təbəqələrindən sorğu götürür. Yəni burada qarşı tərəf xalqın istənilən təbəqəsindən ola bilər. Belə məqamda müraciət üçün istifadə olunan bu iki ifadənin yerinə, dildə oturuşmuş, nisbətən danışıq dilinə yaxın, daha anlaşıqlı yeni ifadələr seçilib istifadə oluna bilməzdimi?! İntervüyer, anketyor kimi sözlər üçün sorğugötürən, müsahibəçi, respondent sözü üçün cavablayan kimi xalq dilinə daha yaxın olan ifadələri işlətmək olardı, hətta bu məqamda söz birləşməsi qismində müsahibə verən belə daha uğurlu qarşılıq olaraq təyin oluna bilər. Tərkibi ifadə əlverişli metoddur, lakin mütləq qayda deyil.

Kütləvi elmə xas tərcümə ədəbiyyatının zənginliyi həm termin, həm də elmi yaradıcılığa aşkar töhfə verə bilər. Təəssüf ki, bunlar da zəif irəliləyir. Bu gün Azərbaycanda nəinki elmi üslubun, hətta bədii üslubun inkişafında tərcümə ədəbiyyatının payı çox azdır. Halbuki elmi və ümumi olaraq mədəni dünyaya çıxışımız üçün tərcümə mühüm vasitədir. Mövcud ədəbiyyatların vəziyyəti həm kəmiyyət, həm də keyfiyyət baxımından ürəkaçan deyil.

Dillərdə, bəzən, elə ifadələr olur ki, onlar yüz illərin sınağından keçir və düşüncə tarixində daşlaşaraq bəşəri fikirlərin konkret ifadə vasitəsinə çevrilir. Bu məqamda o terminləri dəyişmək, tamamilə başqa formada dilə daxil etmək də faydalı olmaz, çünki yüz illərdən bəri, tutaq ki, fəlsəfə sahəsində işlənən bir termin onlarla fərqli məna çalarının ümumi ifadə vasitəsi ola bilər və biz söz yaradıcılığı üsulları ilə qondaracağımız yeni sözün bütün kontekstləri əvəzləyə biləcəyinə əmin ola bilmərik. Düzdür, bu terminləri təyin etməyin konkret meyarlarını müəyyənləşdirmək, ölçülərini əvvəlcədən ən xırda detallarına qədər aydınlaşdırmaq mümkün deyil, burada, sadəcə, terminin, ifadənin beynəlxalq əhəmiyyətini nəzərə almaq lazımdır. Məhz bu kimi hallara görə ifrat milliləşməyə yönəlməməli (hələ heç bir xalq bu yolda mütləq uğur qazana bilməyib), elmin, texnologiyanın dilimizə gətirdiyi hər bir sözü, ifadəni diqqətlə nəzərdən keçirməli, bu mənada olduqca mötədil, sağlam yanaşma ortaya qoymalıyıq.

Ədəbiyyat siyahısı:

  1. Azərbaycan dili ilə bağlı verilən nəsr nümunələrinin əksəriyyəti mərhum akademik, türkoloq-alim Tofiq Hacıyevin “Azərbaycan ədəbi dilinin tarixi” ikicildliyindən götürülmüşdür. Bakı, “Elm”, 2012
  2. Ağamusa Axundov, “Ümumi dilçilik”, Bakı, 2011
  3. Geoffrey Hughes, “A Histrory of the English Words”, Oxford, 2000
  4. John Lyons, “Lingiustic Semantics: An Introduction”, Cambridge, 1995
  5. Rochelle Lieber, “Introducing Morphology”, Cambridge, 2016
  6. David Northrup, “How English Became the Global Language”, New York, 2013
  7. Simeon Potter, “Language in the Modern World”, Penguin Books, 1960
  8. Müxtəlif dillərdə hazırlanmış onlayn lüğətlərdən istifadə olunmuşdur. 
  1. آشوری، داریوش، بازاندیشی زبان فارسی، نشر مرکز، 1372
  2. آشوری، داریوش، زبان باز، پژوهشی در باره ی زبان و مدرنیّت، نشر مرکز، 1387
  3. بهار، محمد تقی، سبک شناسی یا تاریخ تطور نثر فارسی، انتشارات زوّار، 1381
  4. شقاقی، ویدا، مبانی صرف، تهران، 1401