XX əsrin dahi söz ustadı doktor Seyid Məhəmmədhüseyn Behcət Təbrizi Şəhriyar Azərbaycan türklərinin düşüncə tərzində, bədii yaddaşında, mifoloji təfəkküründə, folklorunda yaşadaraq bu günümüzə ərməğan etdiyi adət-ənənələri, mərasim və ayinləri, təntənəli bayram günlərini yüksək poetik dillə vəsf edib. Novruzda insanların sevinc və fərəhini təbiətin öz təbii oyanışı ilə daha da cilvələndirməsini ustad Şəhriyarın qələmi yüksək sənətkarlıqla, ecazkar bir məharətlə canlandırıb: Bayram yeli, bahar nəsimi çardaxları yellədir, güclü əsərsə, hətta damları-çardaxları yıxır, həyalı gəlinə bənzər novruzgülü, bəxtəvər aşiqi xatırladan ağappaq qarçiçəyi yazın ilıq günəşi ilə əriməkdə olan qarın altından baş qaldırır. Ağ buludlar köynəklərini sıxır-tez yağıb tez də kəsən yaz yağışı aləmi tərtəmiz yuyub havanı təravətləndirir, çaylarda sular şaqqıldayıb axır, uca dağların qoynunda, çöl-çəmənlərdə durnagözlü bulaqlar qaynamağa başlayır, bulaqotu nazlana-nazlana suyun üzərində üzür, dəstə-dəstə quşlar da xəlvəti bir an seçərək oğrun-oğrun bulağın gözündən su içir və insanı riqqətə gətirən doğal gözəlliklər yaranır:
Bayram yeli çardaxları yıxanda,
Novruzgülü, qarçiçəyi çıxanda,
Ağ buludlar köynəklərin sıxanda,
Bizdən də bir yad eləyən sağ olsun,
Dərdlərimiz qoy dikəlsin, dağ olsun…
Şəhriyar Güney Azərbaycanda çərşənbə törənlərinin, xüsusilə də son çərşənbənin nisbətən fərqli keçirildiyini “Heydərbabaya salam” mənzuməsində belə şərh edir: “Azərbaycanda bir ənənə olaraq ilin axır çərşənbə gecəsi su üzərindən atılıb bu sözləri oxuyurlar:
Baxtım mənim, səid baxtım, bərəkallah,
Ağ əllərə qırmızı həna yaxdım,
bərəkallah
Atıl-matıl çərşənbə,
Baxtım açıl çərşənbə!
Daha çox qızların dilə gətirdiyi bu müqəddəs arzunu, ilin son çərşənbəsinin min bir ləziz nemətli süfrəsini şair belə tərənnüm edir:
Bakıçının sözü, sovu, kağızı,
İnəklərin bulaması, ağızı,
Çərşənbənin kürdəkanı, mövizi,
Qızlar deyər: Atıl-matıl çərşənbə,
Ayna təkin baxtım açıl çərşənbə…
Yeri gəlmişkən, beşlikdəki “Bakıçı” sözünü şairin hansı məqsədlə işlətdiyinə diqqət yetirək. Əsl milliliyi, xəlqiliyi, xalqı düşündürən ictimai-siyasi və əxlaqi məsələləri, onun mənəvi-psixoloji dünyasını poeziyada təcəssüm etdirməkdə görən Şəhriyar bununla Azərbaycan xalqının əsrimizin 30-cu illərinədək Quzey parçası ilə Güney parçası arasında gediş-gəlişin, sərbəst ticarətin, iqtisadi-siyasi və mənəvi əlaqələrin mövcudluğuna, xalqın vəhdətdə olduğuna diqqəti çəkir. Bakıya, Quzey Azərbaycana gedərək oradan müxtəlif mallar, alqı-satqı şeyləri gətirən tacirləri xalq “bakıçı” adlandırırdı. Şair bununla kifayətlənməyərək özünün yaxın qohumu, yəni, xalası oğlu Şücanın da bayram ərəfəsində Bakıya gedərək oradan pay-püşk, sovqat, nişanlısına hədiyyələr gətirdiyini, kənd cavanlarını qonaq etdiyini də xatırlayır:
Şüca xaloğlunun Bakı sovqəti,
Damda quran samavarı, söhbəti
Yadımdadı şəstli qəddi, qaməti…
Novruz əhvali-ruhiyyəsi, onun kənd mühitində, məişətdə oyanışa, şadlığa səbəb olması, hamıya sevinc bəxş etməsi “Heydərbabaya salam” poemasında heyrətamiz bir ustalıqla təsvir olunur. Bayram ərəfəsində həyət-bacalar səliqəyə salınar, nişanlı qızlar, gəlinlər qızılı palçıq hazırlayıb otaqların divarlarına naxış vurar, al-əlvan şəkillərlə bəzəyər, taxçalara düzmələr – alma, heyva, nar düzər, sinilərə şəbcərə – qoz, fındıq, iydə, püstə, kişmiş, badam doldurarlar.
Bu məqsədlə də kənd camaatı evlərini tikdirərkən divarlarına taxçalar, rəflər qoydururdular ki, qız-gəlinlər oraya yorğan-döşək, pal-paltar, xalça-palaz yığsın, düzmələr düzsün, nar, alma, heyva və müxtəlif çərəzlərlə doldurulmuş hündür ayaqlı vaz və kasalar düzsünlər:
Bayram olub, qızıl palçıq əzərlər,
Naxış vurub otaqları bəzərlər,
Taxçalara düzmələri düzərlər.
Gəlinlərin fındıqçası, hənası,
Həvəslənər anası, qaynanası
və yaxud:
Gəlinlərin düzmələri, taxçası,
Hey düzülür gözlərimin rəfində,
Xeymə vurar xatirələr səfində.
Başdan-ayağa yenilənmiş ruhla, təzə geyim-kecimlə qız və gəlinlər bayram yumurtalarını güllü, göyçək rənglərlə boyayar, nişanlı qızlar adaxlılarına güllü yun corablar toxuyar, araqçınlarına cərgə-cərgə pul tikər, həna, vəsmə yaxar, hər kəs əziz günü qarşılamaq üçün təzə paltar geyinərdi. Uşaqlar yerə-göyə sığmayan sevinclə, fərəhlə qol-qanad açaraq damlardakı bacalardan şal sallayar, bayramlıq alar, yumurta döyüşdürər, saqqa-saqqa oynayardılar:
Yumurtanı göyçək, güllü boyardıq,
Çaqqışdırıb sınanların soyardıq,
Oynamaqdan bircə məgər doyardıq?
Əli mənə yaşıl aşıq verərdi,
İrza mənə novruzgülü dərərdi.
Yaşlı insanların görüşünə gedər, nişanlı qızlara bayram xonçası aparılar, küsülülər barışardılar. Çərçilər kəndlərə çıxar, hər cür xırda-xuruş, hər nə istəsən satardılar: zəncir, araqçın, düymə, sap, qaytan, şəvə, muncuq, kəhrəba, mərcan, üskük, ağ nabat, saqqız və sair. Hər kəs özünə gərək olan şeyləri alardı. Hamı yeyib-içməyi, hər cür nemətlə süslü bayram süfrəsini də unudaraq deyib-gülər, şənlənər, qaraçı gözəllərinin xalqla birgə çal-çağır səsi ətrafa yayılardı. Bu sevincə aləm qoşulardı. Gecə quşlarının, süsərilərin nəğməsi, bülbüllərin cəh-cəhi, göyərçinlərin göy üzündə “qızıl qanad açmaları”, bayram tonqallarından qalxan alov dilimləri isə hamını heyran edər, şairin könlünü pərvazlandırardı:
Bayram idi, gecəquşu oxurdu,
Adaxlı qız bəy corabı toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.
Şair xalq adətinin nə qədər incəliyinə varır: gərək qaynana, gəlin ayıq olsunlar, fəhmlə bəyin şalını tanıyıb ona özünə layiq, nisbətən bahalı bayram payı-naxışlı yun corablar, ipək dəsmal, tirmə, yaxud kəşmir şalı, ipək parça… bağlasınlar.
Bahar bayramına hazırlığı Şəhriyar fars dilində qələmə aldığı “Gecənin əfsanəsi” məsnəvisində də şövqlə tərənnüm edir, sanki farsdilli oxucularına bayramın möhtəşəmliyini, Azərbaycan mədəniy-yətinin, milli mətbəxinin nə qədər qədim köklərə malik olduğunu anladır. Bayram süfrələrinin zənginliyindən söz açan şair şam yeməyindən sonra nuş edilən çərəzi-çeşidli quru meyvə və şirniyyatı farsca “şəb (gecə)” leksik vahidi ilə “çərəz” Azərbaycan sözünün birləşməsindən yaranmış mürəkkəb isimlə – “şəbçərə (gecə çərəzi)” adlandırır və “Gecənin əfsanəsi”nin “Bir xatirə gecəsi” bölümündən gətirdiyimiz aşağıdakı örnəkdə “şəbçərə”nin təşkil etdiyi çərəzlərin adlarını belə sadalayır:
Xalqın qəlbi kimi evlər işıqdı,
Evlərə qış günü od yaraşıqdı.
Od idi bəzəyən dost məclisini,
Şəbçərə gəlirdi hey sini-sini.
Şəbçərə əllərdə gəzir dambadam,
Sinidə qoz, iydə, kişmişlə badam.
Uşaqlar küçədə verib səs-səsə,
Bütün kənd əhlini salmış həvəsə…
“Həzyane del-Ürək sayıqlaması” məsnəvisində isə uşaqlıq çağlarında iştirakçısı olduğu bayram şənliklərini, özəlliklə yaddaşına əbədi həkk olunan Xooşginabdakı sonuncu bayram gecəsini xatırlamaqla yetinməyən şair o dövrdə bayramı qutlayan insanların mutlu olduqlarını vurğulayır.
Tarix sübut edir ki, yalnız öz kökləri ilə xalqa bağlanan əsl sənətkarların, böyük yazarların yaratdığı orijinal, həqiqi mənada milli incəsənət, ədəbiyyat, milli poeziya estetik zövq verə bilir, yalnız o sənət örnəkləri ümumbəşəri gözəllik zirvəsinə qalxa bilir. Xalqının yaşadığı duyğuları, keçirdiyi əziz bayramın bütün xüsusiyyətlərini incəliyinə qədər vəsf edən Şəhriyar da öz soydaşlarının ömür salnaməsini də yaradır, gələcək nəsillərə əvəzsiz ərməğan qoyurdu. Azərbaycanın milli mətbəx mədəniyyətini poeziyada təbliğ edən şair gözəl bilirdi ki, “Bayram süfrəsidir elin zinəti, Bayramla el tapıb ədəbiyyəti…”
Öz torpağı, milli mühiti, dili ilə bağlı olan, bu dəyərlərə arxalanan şair, əslində bütün dini, siyasi təzyiqlərə qarşı çıxaraq göstərir ki, Novruz sırf əkinçiliyə, torpağa, insana məhəbbət, yazın gəlişinə, torpağın yeni əkininə, məhsul bolluğuna, əmək coşğunluğuna, ruh yüksəkliyinə, bərəkətə və firavan həyata çağırış bayramıdır.
Yeri gəlmişkən, bu xalq şənliyinin əkinçiliyə, məhsuldarlığa çağırış xüsusiyyəti bu gün də yaşamaqdadır. Bəlkə də Şəhriyar diqqəti daha çox ona çəkir ki, bahar bayramı Novruz – əkinçilik, bolluq, firavanlıq bayramı çox qədim tarixə malikdir.
Dünyanın xristian dininə itaət edən əksər xalqları yeni ildə minlərlə həmişəyaşıl cavan küknar ağaclarını kəsdikləri halda, Azərbaycan xalqı yeni il, yeni gün bayramında iməcilik təşkil edir, minlərlə ağac əkir, elliklə bağ salır, hər evdə yamyaşıl səməni-buğda, arpa göyərdirlər. Məhz tarixi, milli mədəniyyətə və Azərbaycan mətbəxinə məxsus bütün incəliklər toplu halında “Heydərbabaya salam” və “Gecənin əfsanəsi” poemalarında əks olunduğuna görə, bu əsərlər sanki Azərbaycan xalqının həyat və məişətinin, adət-ənənələrinin parlaq güzgüsüdür.
525.az