- Köşə

Epidemiya və ədəbiyyat: altruizm virusu, etinasızlıq mərəzi

 Vasif SADIQLI

O, şkafı açdı, oradan iki hiqroskopik maska çıxardı, birini Ramberə uzadıb geyinməyi məsləhət gördü. Jurnalist soruşdu ki, maska onu nədənsə qoruyacaqmı? Tarru belə cavab verdi: “Yox, ancaq başqalarına sakitləşdirici təsir edir.
                                                                                    A. Kamyu “Taun”

“Epidemiya” sözü yunanca “epi” (arasında) və “demos” (insanlar) sözlərindən yaranıb. Müəyyən zaman və məkan daxilində insanlar arasında konkret bir ərazidə qeydə alınan və fövqəladə vəziyyətə səbəb ola bilən yoluxucu xəstəlik epidemiya hesab edilir. Bu termini ilk dəfə Hippokratın işlətdiyi deyilir.

Ta qədimlərdən insanlar epidemiyaların tanrıların qəzəbinin təzahürü olması qənaətində olub. Homerin “İliada”sında Apollonun yunanlara epidemiya göndərməsinin səbəbi kimi onların kahin Xrisin qızı Xriseidanı oğurlaması göstərilir. Taun obrazı Sofoklun “Tiran Edip” faciəsində də var (e.ə. V əsr). Əsərdə Fiv çarı öz atasını öldürdüyü üçün Tanrı bu şəhərin əhalisini cəzalandırır. (Nikolay Boloşnev “Epidemiya dünya ədəbiyyatında”).

Taun hadqa ilk dəfə bizim eranın 540-cı ilində danışılmağa başlanılıb. Sonrakı yüz il ərzində dünyada bu epidemiyadan 150 milyondan çox insan ölüb. Fəlakətin miqyasını anlamaq üçün bildirək ki, o vaxt dünyada 400-450 milyon arasında insan yaşayırdı. Bu epidemiya o dövrün Bizans imperatoru I Yustinian adı ilə “Yustinian taunu” adlanır.
Orta əsr müəllifi epidemiyanın dəhşəti barədə bunları yazırdı:  “Harada – adada, bir mağarada, bir dağ zirvəsində yaşamasından asılı olmayaraq vəba xəstəliyindən qurtuluş yox idi. Çox evlər boş qaldı, valideyni və nökəri olmayanların meyitləri günlərlə yandırılmamış qalırdı. Bu zaman işə gedən az adam tapılırdı. Küçədə rast gəlinən insanların əksəriyyəti meyitləri daşıyanlar idi. Bütün ticarət dayandı, sənətkarlar öz sənətini tərk etdi… “.

Epidemiyalardan qorunmaq üçün də bəşər tarixində bir çox tükürpədici cinayətlər olub. Yoluxucu xəstəlik Tanrının cəzası sayıldığı üçün ondan qorunmaq məqsədilə insanların qurban verilməsi ənənəsi ta XIX əsrə qədər davam edib. «Cinayətkar Rusiya» adlı kitabda verilən məlumata görə, 1855-ci ildə vəba xəstəliyi zamanı Novoqrud uyezdinin kəndliləri «epidemiyanı dəf etmək üçün» feldşer Kozakeviçin məsləhəti ilə qoca qarı Lusiya Mankovanı aldadaraq qəbiristanlığa aparıblar. Sonra onu  itələyib hazır qəbirə salıb, diri-diri üstünü torpaqlayıblar.

Epidemiya və pandemiya bəzən ədəbiyyat üçün lokomotiv rolunu oynayıb. 1346-1353-ci illərdə Avropada «qara ölüm» tüğyan etməyə başlayır. Yoluxmanın əsas mənbəyi kimi tacirlər və qaçqınlar göstərilirdi. 1348-ci ildə Covanni Bokkaçço Florensiyada məlum romanını yazır.

“Robinzon Kruzo” müəllifin Daniel Defonun «Taunlu şəhərin gündəliyi» (1722) romanı pandemiya zamanı baş verən dəhşətli hadisələr hadisələr barədə bir növ reportajdır. Taun epidemiyası zamanı Defonun cəmi 5 yaşı olub. Deyilənə görə, o, taun dövründə yaşamış əmisinin müfəssəl qeydlərindən istifadə edib.

Puşkin «Fəlakət zamanı eyş-işrət» əsərini 1830-1831-ci illərdə Rusiyada tüğyan edən vəba xəstəliyi ilə bağlı yazıb.

Ədəbi tənqidçi Sergey Şikarev son 130 ildə epidemiyalar haqda yazılan ən maraqlı fantastik əsərlərin siyahısını çıxarıb. Onlardan bəzilərini təqdim etmək istərdik.

Herbert Uells. «Oğurlanmış basil» (1894)

Hələ XIX əsrdə fantastikanın klassiki və patriarx Herbert Uells bəşəriyyəti təhdid edən bioloji təhlükələr mövzusuna toxunub. Onun “Oğurlanmış basil” (çöpşəkilli mikrob) romanının qəhrəmanı şəhərə infeksiya yayıb, onu rədd edən cəmiyyəti məhv etmək istəyən anarxistir. O, Asiya vəba mikrobunu bakterioloji laboratoriyadan oğurlayır. Lakin hər şey yaxşı başa çatır. Anarxist qabdakı içkini içir və öz bədənini ölümcül kütləvi qırğın silahına çevirir. Lakin məlum olur ki, alim təhlükəli basil adı altında qonağa yalnız bədənin hər yerində mavi ləkələrin görünməsinə səbəb olan yeni bir dərman göstəribmiş. Əsərdə anarxistin və Uellsin özünün vəba xəstəliyinə bombalardan daha dağıdıcı silah kimi baxması diqqət çəkir.

Cek London. “Qırmızı taun” (1912)

Cek London “Qırmızı taun” povestində sivilizasiyanı təməllərinə qədər çökdürən, yoluxanları infeksiyadan sonra bir neçə saat ərzində öldürən sirli bir xəstəlikdən bəhs edilir. “Qırmızı taun”un sürətlə yayılmasını təyyarələr və digər sürətli nəqliyyat vasitələri təmin edir.

Sağ qalanlardan biri, keçmiş universitet professoru Ceyms Smit nəvələrinə köhnə dünyanın necə sona çatması və şəhər sivilizasiyasının vəhşi qəbilələrlə əvəz olunmasını təfərrüatları əsirgəmədən danışır. Qoca hadisələrin bu cür inkişafından çox üzülmür. Əmindir ki, bir müddət sonra sivilizasiya canlanacaq, əlifba və barıt yenidən kəşf olunacaq. Yenə də insanlar doğub-törəyəcək, köhnə həqiqətləri və köhnə yalanları təkrarlayacaq, yenə müharibə aparacaqlar.

“Qırmızı Taun” kitabın nəşrindən bir neçə il sonra ispan qripi epidemiyası yayıdı və o, Birinci Dünya müharibəsindən daha çox insan həyatına son qoydu.

Con Kristofer, “Otların ölümü (1956)

Britaniya yazıçısının fikrincə, epidemiyalar yalnız insanları deyil, bitkiləri də təhdid edir. Kitabda təsvir olunur ki, Çin laboratoriyasından çıxan virus əvvəlcə çəltik sahələrinə hücum edir, sonra mutasiya edib digər dənli bitkilərə yayılır. Nəticə ekoloji fəlakət və qlobal aclıq, sakinlərin meqapolislərdən qaçması və mağazadan qida almağa alışmış şəhər sakinlərinin yaşadığı dəhşətdir.

Qreq Bir, «Qanda səslənən musiqi» (1983)
Amerika yazıçısı Qreq Birin novellası iki mükafat alandan sonra müəllif onu romana çevirib. «Qanda səslənən musiqi» özü öyrənməyə qadir olan xüsusi bioçip – zülal molekullarından miniatür kompüterlər hazırlayan alim və ixtiraçı Vircil Ulemin başına gələnləri təsvir edir. Tədqiqat laboratoriyası bağlanan Ulem hazırladığı xüsusi bioçipi öz qan damarı sisteminə buraxır. Əvvəlcə özü, sonra isə bəşəriyyət tamamilə başqa bir varlığa çevrilir. Əsərdə təbii və süni mikroskopik orqanizmlərin insanların taleyinə necə təsir göstərə biləcəyi təsvir olunur.

Devid Brin, «Altruizm virusu»

Əsərin qəhrəmanı virusoloq alim Lesli Ecison hesab edir ki, viruslar mütləq şər deyil. Onlar insanın təkamülündə zəruri element, insanın bədənində olub, qidanı həzm etməyə kömək edən bağırsaq çöpləri kimi bir növ simbiontdur.

Tezliklə o, qanla keçən ƏİİS (əldə edilən ifrat insanlıq sindromu) virusu kəşf edir. Məlum olur ki, bu virus öz daşıyıcılarını qan donoru olmağa təhrik edir. Donorlar isə öz xeyirxahlıqlarını ictimai həyatın digər sahələrinə keçirir: onlar xeyriyyəçilik üçün pul verir, Qrinpis aktivisti olurlar. Alim öz kəşfini gizli saxlayır, məqsədi isə budur ki, altruizm virusu pandemiyası bəşəriyyəti dəyişsin və onu daha yaxşı etsin.

Joze Saramaqo, «Korluq» (1995)

Portuqaliya yazıçısı və Nobel mükafatı laureatı Joze Saramaqo «Korluq» romanında adsız şəhəri çulğayan «ağ xəstəlik» epidemiyasını təsvir edir. Onun simptomları gözlər qarşısında xarici dünyanın hadisələrini və obyektlərini gizlədən ağ bir örtük yaranmasıdır. Bir müddət sonra göz həkiminin arvadı istisna olmaqla, romandakı bütün obrazlar görmə qabiliyyətini itirir.

Saramaqo xatırladır ki, sivilizasiyanı təhdid edən epidemiyalar və ya elmi təcrübələr deyil, laqeydlik, maddi və qeyri-maddi dünyanın anlayışlarını ayırmaq qabiliyyətini itirmiş bir cəmiyyətdir. Xeyir və şər arasındakı fərqlərin silindiyi, onların qarışdığı cəmiyyət, deqradasiyaya və yox olmağa məhkumdur.

Fillis Doroti Ceyms, “İnsan övladı” (1992)

Kitabdakı hadisələr 2021-ci ildə baş verir. Müəmmalı bir xəstəlik universal kişi sonsuzluğuna gətirib çıxarır. Son uşaq 1995-ci ildə anadan olur və o vaxtdan  başqa bir insan dünyaya gəlmir. Dünya uşaqları itirir, zamanlar arasında əlaqə qırılır. Və bu parçalanma oxucuya ən təsirli formada göstərilir.

Kovid ədəbiyyatıilk təcrübələr 

Freydə görə, müharibə vaxtları müharibə, epidemiya dövründə epidemiya mövzusunda ədəbiyyata maraq artır. İndi pandemiyanın ardınca müxtəlif səviyyəli ədəbiyyat epidemiyası yaranacağına şübhə olmadığı deyilir. May ayında «Nyu York Tayms» Amerika naşirlərinin koronavirus ədəbiyyatına ciddi marağı barədə məlumat verib. Bunların arasında «taun poeziyası» da var («Publishers Snap Up Corona Books, From Case Studies to Plague Poetry»). Oxşar statistika Avropada da müşahidə edilir. Məsələn, İtaliyada belə maraq daha tez başlayıb («In Italy, Coronavirus Books Rush to Publication»).

«Nyu York Tayms»ın məlumatına görə, ötən ilin martında Elis Kuinn ABŞ-da 125 şairə müraciət edərək koronavirus haqda şeirlər istəyib. Həmin şeirlərlə artıq «Qəfil təcridlə/qəribəliklərlə birlikdə: Amerika şairləri pandemiyaya cavab verir» («Together in a Sudden Strangeness: America’s Poets Respond to the Pandemic») məcmuəsində tanış olmaq olar.

Xeyirli çərşənbə axşamları…