- Ədəbiyyat

Komediya

Komediya (yunanca: camaatı güldürən söyləmə) qədim Yunanıstanda faciəyə paralel yaranmışdır: faciə ayinindən sonra Böyük Dionisi bayramında komediyalar icra edilirdi. Ağlama ilə müşayiət olunan faciədən fərqli olaraq komediya yunan mifologiyasından alınan gülməli süjetlər üzərində qurulurdu. Nəzərə almaq lazımdır ki, yunan komediyasının kökləri fallas mərasimlərində icra edilən və məhsuldarlıq bayramları ilə bağlı olan ayinlərdən gəlirdi. Ona görə ən qədim vaxtlardan bu mərasimlərdəki kobud zarafat və erotika elementlər bu janrda uzun zaman mühüm yer tutmuşdur. Hələ Yunanıstanda komediya daha çox aşağı təbəqələrin iştirak etdiyi və onların başına gələn əhvalatlar kimi qəbul edilirdi. Ona görə ədəbiyyatın tarixində sonrakı əsrlərdə də komediya ən demokratik janrlardan biri olmuşdur. Bu səbəbdən bir sıra ölkələrdə xüsusilə orta əsrlərdə komediya xalq meydan mərasimlərinin bir şəkli kimi yaşayıb davam etmişdir.

Qədim Yunanıstanda komediyanın banisi Aristofan hesab edilirdi. Onun əsas xidməti komediyanı müasir həyat hadisələri, siyasi məsələlərlə bağlaması və bu janrda insan mövzusunun artması idi. Antik komediyada parodiya elementi mühüm rol oynayırdı və bu cəhət sonrakı dövrlərdə də davam etmişdir. Xalq mərasimlərində komik aktyor yekəqarın və yekə oturacaqlı idi, təmsil etdiyi qəhrəmana uyğun maska geyir, dəridən fallas bağlayırdı. Komediyada əvvəlcə allahlar və pəhləvanlar — Axilles, Odis-sey və b. parodiya edilirdi. Dövrün siyasi və hərbi adamlarının tənqidi bu janrın sosial məzmununu artırdı.

Komediyanın inkişafında onun parodik imkanları və zamanın məşhur adamlarını lağa qoymaq imkanı mühüm rol oynamışdır. Bu imkanları sayəsində komediya həmişə populyar olmuş və zəngin bir tarixi inkişaf yolu keçmişdir. Müxtəlif xalqların mədəniyyətinə daxil olan komediya bu xalqdakı şən mərasim elementləri, küçə tamaşaları ənənələri ilə zənginləşmişdir. İntibah dövründən başlayaraq komediya yeniləşir və kobud yumor formalarından təmizlənir. Komediya bütün hallarda yüngül janr sayılır və klassist estetikadan bəri bu barədə təsəvvür mövcuddur.

Müxtəlif ədəbiyyatlarda komediyanın milli təcrübəsi və variantları ilə bağlı terminlər ortaya gəlmişdir. Vodevil və fars kimi terminlər komediyanın yüngül və daha çox yumoristik formalarını nişan verir. Vodevil musiqili komediya tamaşaları üçün yazılan komediya mətnləridir: burada dialoqla yanaşı şeir və nəğmə mətnləri də daxil edilir: oxumaq, rəqs, pantomima vodevil əsasında yaradılan teatr tamaşasında mühüm yer tutur. Azərbaycanda opera və musiqili komediya tamaşaları üçün yazılan komediya mətnlərinə adətən libretto deyilir. Fars termini də vodevil kimi fransız teatrından gəlmədir. Geniş mənada fars -səyyar fransız xalq komediyasının mətnlərinə işarə verən termindir. Farsda mülkiyyətçi burjua pulgirliyi və kral hakimiyyətinin himayə edilməsi ideyaları mühüm yer tuturdu.

XVI əsrdə İtaliyada maskalar teatrı yaranmış və Avropada -İngiltərə, Fransa, İspaniya və s. ölkələrdə teatr işinin populyarlaşmasına böyük təsir göstərmişdir. Bu İtaliya xalq teatrının intibah dövründə peşə-karlaşmış bir şəkli idi. Məhz maska teatrında ifaçı, oxuyan, rəqqas və akrobat kimi çıxış edən aktyorlar peşəkarlaşdı və tamaşalardan yığılan pullar hesabına dolanan səyyar teatr adamı oldu. Səyyar teatrlar iri yaşayış məntəqələrini gəzir və pullu tamaşalar göstərirdilər. Teatra məxsus rekvizit əşyaları, geyimlər, maskalar, qrim bu teatrın ayrılmaz bir sahəsi oldu. Maska teatrının əsas qəhrəmanları xəsisliyi, maymaqlığı, boşboğazlığı, acgözlüyü, qorxaqlığa, tənbəlliyi və s. tənqid edib lağa qoyan maskalar idi.

Maska teatrı klassist komediyaya böyük təsir göstərdi. Klassisizmin nəzəriyyəsinə uyğun olaraq bu maskalar maarifçi əxlaqi ideyalara çevrildilər. Maarifçilər xəsisliyi, cahilliyi, tərbiyəsizliyi, qorxaqlığı, qarınqulu olmağı insanların yeganə və anadangəlmə qüsurları kimi təsvir edirdilər. İnsan bircə qüsurun timsalına çevrilirdi. Əslində isə insanı bircə əxlaqi qüsurun timsalı kimi yekməna təsvir etmək onun xarakterini bəsitləşdirmək idi. XX əsrdə ABŞ-da yaranan komiks janrı bir növ klassist və maarifçi komediyaya qayıdış idi: burada insan xarakteri müəyyən qüsurları daşıyır və bir-birinin ardınca yeni-yeni gülməli vəziyyətlərə düşür. Komiksin əsas hədəfi də bu vəziyyətlərin sayını artırmaq və əsəri gülməli epizodlar sırası kimi şərti şəkildə uzatmaqdır. Buradakı şərti gülməli qəhrəman başlıca olaraq yeni komik situasiyaların yaradılmasına xidmət edir və şərti maskaya çevrilir.

Komediyanın janr tarixi zəngindir və dünyanın görkəmli nəzəriyyəçiləri tərəfindən geniş öyrənilmiş və elmi ənənə yaradılmışdır. Bu ənənədə komiklik nəzəriyyəsi mərkəzi yer tutur. Həyatda, ədəbiyyatda və sənətdə gülüşün mahiyyəti və təzahürləri komiklik anlayışında ümumiləşdirilir. Gülüş insanda sevincin formasıdır. Gülüş adətən məqsəd və nəticə, forma və məzmun, hadisə və mahiyyət arasındakı uyğunsuzluqdan və ziddiyyətdən doğur. Gülüşün təzahür şəkilləri çox müxtəlif olduğundan ona birmənalı tərif vermək də çətindir. Adətən insan müəyyən vəziyyətdə gözlədiyi ilə nəticə arasında ziddiyyət olanda gülümsəyir.

Azərbaycanda müasir komediya janrı XIX əsrdə M.F.Axundov tərəfindən yaradılmışdır. Onun ənənələri sonrakı maarifçilər — N.B.Vəzi-rov, C.Məmmədquluzadə, Y.Hacıbəyov, Ə.Haqverdiyev və başqaları tərəfindən davam etdirilmişdir. Komediya sovetləşməyə qədər maarifçi ədəbiyyatın və teatrın əsas janrlarından biri olmuşdur.

Müəllif: tənqidçi Rəhim Əliyev
Mənbə: “Ədəbiyyat nəzəriyyəsi” kitabı, Bakı, 2008