Bir-iki gün keçici olaraq, guya həmişə qalıcı işləmişəm, kərtdətməyimə baxmayın, Rotterdamın Statenveg küçəsində işlədim, nə edim mən də yaranışımdan bir yerə kül tökən oğul olmadım. Gördüyüm mənzərələrdən kaleydoskopa bənzər bu yazı ortaya çıxdı.
Dördmərtəbəli taunhausların arxa eyvanları yaşıl ağacların, al-əlvan çiçəklərin süslədiyi həyətə açılır.
Bu cür həyətlər birinci mərtəbədə yaşayan sakinlər arasında bərabər şəkildə bölünərək, onların mülkiyyətidir. Düzbucaqlının perimetri boyunca yerləşmiş binalardakı mənzillərin hər birinin girişi ayrıcadır, mənzildən birbaşa küçəyə çıxırsan. Hər kəsin heçi ayrı, köçü ayrı. Onları yalnız qonşu divarlar və ümumi dam ortaqlaşdırır. Mənzilin yuxarı mərtəbələrinə ilan kimi qıvrılan ensiz taxta nərdivanlarla çıxırsan. Görünüşcə gözəl olan bu pilləkənləri, tək kəlməylə heç sevmədim.
Pərdəsiz pəncərələr sənə böyük monitorlar kimi görünə bilər. Qarşıdakı mənzillərin ala-toranlğında hərəkət edən siluetlər sənə qorxu filmlərinin qəhramanlarını və ya supermenləri xatırladacaq.
Sən eyvanından binanın paralel yönündə olub-keçənləri izləyə bilərsən. Qarşında baş verənlər kino lenti kimi gözləriyin önündən keçər. Baş verənləri bir film, özünü bir tamaşaçı yerinə qoya bilərsən. Məsələn, əlləri əsə-əsə eyvanda siqaretini tüstülədən qocanı həmin filmin bir kadrı saymaq pis olmaz. İkinci qatda kompüterin qarşısında əyləşən sarışın qadını sirli parolun axtarışına çıxmış bir müsbət obraz say. İndi hamı bilgisayarın qarşısına kilidlənməybmi? Onlayn həyat hər ötən gün özünü daha qabarıq göstərir. İnsanlar onlayn çalışır, dərslər onlayn keçilir, onlayn alış-veriş edilir. Nə başınızı ağrıdım biz anbaan onlaynlaşırıq. Elə məni götürək, artıq iki ildən çoxdur ki, onlayn atayam, bu illər ərzində onlayn baba da oldum. Feysbukda tanımadığım minlərlə onlayn dostum var.
İkinci qatda tez-tez evə girib, eyvana çıxan şortlu qadının təmizlik işlərini bir müddət seyr edib, əski təmizlik tanrıçası hesab et. İkinci mərtəbənin digər eyvanında siqaret tüstülədə-tüstülədə qəhvə qurtumlayan iki sarı meçən də filmin yaddaqalan kadrlarındandır. Bacıdırlarmı, yoxsa iraq-iraq, qulaqlara qurğuşun onlardandırlarmı?
Solda dördüncü mərtəbədə qabaq qənşər əyləşib çay içən orta yaşlı cütlüyün elə bil ehtiyatında əbədiyyət qədər bir zaman var. Rahatca çaylarından bir udum alıb, çənəyə verirlər. Az qala qışqırmaq, çayınız buza döndü, a yalınız buza dönsün, demək istəyirsən.
Lütcəbala sarışın otaqda var-gəlindədir. Pərdəni çəkim, baxan olar, görən olar kimi bir qorxusu da yoxdur. Əslində kimsənin ona baxmağa, niyə ana üryansan deməyə haqqı da olmamalıdır. Nədən ki, o, evinin, ona məxsus olan dünyanın içindədir. Nə qədər ki, qüzeyin bu sarışın xanımı özünə məxsus olan dünyadan ayağını kənara basmayıb, qanunun onun üçün cızdığı sərhədin daxilindədir, kimsənin ona gözün üstə qaşın var deməyə cəsarəti çatmaz. Nədən ki, qanun söhbətini etdiyim xanımdan yanadır. Evində necə hərəkət etmək isə yalnız ona məxsusdur, kənar müdaxilə onun hüququnun pozulmasıdır ki, ölkə qanunları anında onu müdafiə etməyə hazırdır. Əslində mənim bu mənzərələri seyr etməm nə mənəvi, nə hüquqi baxımdan doğru deyil. Amma bunu etməsəm də, işim aşmır. Bəs bunu etməsəm nədən danışardım? Məlik Məmmədin nağlındanımı?
Bir az o tərəfdə özünə məxsus olan həyət parçasını təzyiqli su ilə gümüşə döndərən yaşlı adam nə yoruldu, nə bezdi. Ləvəndin oğlu səhərdən bir yuduğu yerə dönüb-dönüb qayıtmaqdan usanmadı, pişik quyruğu ilə oynayan sayaq su şlanqından yapışıb, buraxmaram deyir.
Bir-biriylə oyuna çıxan iki göyərçin, həyətdəki küknar ağacının sıx budaqları arasında yuva qurmağa aludə olmuş qumru cütlüyü, budaqların arasında bir an görünüb yoxa çıxan qaratoyuqlar, ayaqlarının ucları və sinəsi süd ağı, bədəninin qalan yeri kömür qarası tumarlı pişik diqqətindən yayınmayacaq.
Eyvanların bəzisindən asılmış taxta quş yuvaları insanların evlərini quşlarla bölüşmək istəyini sənə xatırladacaq. Həyətdə ağaclardan asılmış, müxtəlif yerlərdə quraşdırılmış quş dənliklərinin, su qablarının çoxluğuna təəccübqarşıq bir hisslə baxıram və “bunlar da belə azar yiyəsidirlər də” kimi bir fikri qafamdan keçirdiyimi də gizlətmirəm.
Sağ əldə tumurcuqları pırtdaşan, aşağıdan gövdəsi böyük şərab şüşəsinə bənzəyən ağacın üzərində baxışlarıyın ilişib qalması da təbii bir şeydir.
Artıq çiçəklərinin gözəlliyi ilə yerə-göyə sığmayan, hələlik bütün bitkilər üzərində hökmranlığını sürdürən, hər şeyə acıq edərcəsinə kükrəyib çiçəkləmiş, hər çiçəyi nəhəng çilçırağın sayrışan işıqlarına oxşayan və ağabaxar, daha çox çəhrayısı ilə ilk baxışdan səni özünə kilidləməyi bacaran maqnoliyaların tamaşasından gəl doy, görüm doya bilirsənmi?
Arxa həyətin biri çox sayda irili-xırdalı saxsı dibçəklərlə doludur. Bəziləri çilik-çilik olub. Yeganə həyətdir ki, baxımsızdır. Budanmamış kol-kosların, bir-birinə qarışmış alaq otlarının, allah ümidinə bitmiş çoxillik çiçəklərin məhzun görünüşü bağçanın yiyəsizliyindən, mənzildə uzun müddətdir ki, heç kimin yaşamadığından xəbər verir. Nəmişliyin çoxluğundan mamırlamış böyük küplər, çiliklənmiş gil qab qırıqları burada sanki arxeoloji qazıntılar getdiyini, arxeoloqların tapıntıları incələmək üçün fasiləyə çıxdıqlarını xatırladır.
Orasını deyim ki, mən də reklama – nahara çıxıpram.
Növbəti abzasları reklam sayın. Dünyaya olan baxışlarımıza çəki-düzən verməli olduğumuzu və ya azacıq yerimizi dəyişərək, yeni baxış bucağı tapmağa məhkumluğumuzu xatırladan bu fikirlərin özünü buraya necə saldığını doğru-dürüst mən də bilmirəm.
Axı sən, elə əksəriyyətimiz Avropa barədə yanlış təsəvvürlərə malikik. Bu təsəvvürlərimizin yanlışlığını bizə anladan olanda isə, anladanı itdən alıb, itə verməyə çalışırıq. Bizim təsəvvürümüzə görə Avropa fahişələrin, homoseksualların, narkomanların, canım sənə desin hedoistlərin, utiltaristlərin vətənidir. Biz Avropanı insan gülüş güzgüsündə öz sir-sifətini necə əyiş-üyüş görürsə, o cür təsəvvür edirik. Ailə dəyərlərinin yoxa çıxdığı, oğulun atasını tanımadığı bir cəmiyyət sayırıq.
Elə növbəti abzası da uzanan reklamın bir hissəsi sayın. İndi öz aramızdır, oxucunun marağına görə, mən acından ölməliyəmmi? Allah verənimi yeyim, yenə nələrsə yazacam, yaxamı qırağa ha çəkmirəm.
Hedonizm nədir, utilitarizm nəmənə şeydir, başımıza nə qəzəl oxuyursan deyib məni sorğulaya da bilərsiniz. Yox, bir dəvə deyib, gül kimi yazının arxasını oxumadan başqa kanala da (Əstəğfürüllah, bu kanal haradan çıxdı?) keçə bilərsiniz. Amma düzünü desəm, bilirəm yazını oxuyub başa çıxacaqsınız. Yazar da, burada söhbət sırf məndən gedir, çağın dəbinə ayaq uydurmalı deyilmi? Yazanlar söhbətlərinin gözünə belə sözlərdən qatıb, oxucunun yanında yerlərini şirin salmırlarmı? Guya mən də belə etmək istəyirdim. Amma Nuh nəbidən əskisi tüstülünün biri olduğum üçün, deyəsən, qaş düzəltdiyim yerdə, vurub göz tökdüm və yazının arxasını aldıra bilmədim. Bunun fərqindəyəm. Mənim reklamım andıra qaldı.
…Öz aramızda qalsın, son iki-üç abzas olmasaydı yazı yaxşı alınırdı. Gətirib-gətirib, zayını çıxarmaq, öküzü soyub, bıçağı küncündə qoymaq buna deyirlər…
Afiq MUXTAROĞLU
Niderland
26 mart 2021