- Köşə

Şair qarğışı adamı tutmur?

 

İki nəfər dərdləşirmiş. Biri deyir ki, işlər yaman şuluqdu, neçə müddətdi, işsizəm, borc aldığım adamlar məni bezdirib. O biri deyir ki, əşşi, məndən xəbərin yoxdu, maşını vurmuşam, daçam yanıb, işdən çıxmışam, üstəlik bu gün gələndə qaba-ğımdan qara pişik keçdi, dönüb mənə baxdı və dilini çıxardı… Belə olanda deyirlər qulaqlara qurğuşun (və ya başqa əlvan metal), filankəs qarğışa düşüb.

Qədimdə qarğışdan silah kimi çox istifadə eləyiblər. Texnologiya sadə idi: əlindən bir şey gəlməyəndə götürürsən müfəssəl bir qarğış kitabını, “a”dan başlayıb köhnə əlifba ilə “ş”ya qədər bütün qarğışları sıralayırsan – igidin sağı-solu olmaz. Hansı tutar, tutar. Cinayət məcəlləsində bunu yasaq-layan maddə də yoxdu, ona görə nədən qorxacaqsan? Ədəbiyyatımızda qarğış sarıdan korluq olmayıb. “Kitabi-Dədə Qor-qud”da növbənöv qarğışlar var: “Ağzın qurusun, dilin çürüsün”, “Soyuq-soyuq sularını içər olsam, mənim qanım olsun”, “Qazılıq dağı, sənin qaçan ceyranların qaçmaz olsun, daşa dönsün!” və s. Mirzə Cəlil “Molla Nəsrəddin”də Danabaş kəndi qarılarının qarğışlarından nümunə gətirir: “Görüm, öpüşəndə dodağınız qurusun!”. Oxucu əgər Servantesin “Don Kixot”unu oxuyubsa, Altisidoranın Don Kixota qarğışlarını xa-tırlayar. Altisidora bir xanım idi. Qraflardan biri  məzələnmək üçün Don Kixotu öz qəsrinə gətirəndə o da guya Don Kixota vurulmuşdu və gecələr pəncərəsinin ağzında serenada oxu-yurdu: “Ey qəlbimin sultanı, yuxusuz gecələrimin baiskarı, daş qəlbli şevalye”. Don Kixotsa ona rədd cavabı verir, otağına gələndə isə qovurdu. Doğru da eləyirdi: Toboslu Dulsineyaya günü saxlayan cəngavərə xalq heykəl qoyarmı? Altisidora da qarğışa başlayırdı, nə başlayırdı: “Səni görüm dişini çıxart-dıranda kökü qırılıb ağzında qalsın!”, “Şahmat oynayanda heç “Şah!” deməyəsən!” və s.

Məşhur sovet şairlərimizin biri şerində qarğış eləmişdi: “Yurdumun, millətimin ağ gününü görməyənin, başqa bir şey demirəm, gözlərinə qan gəlsin!”.

Düşünürdüm ki, bu qarğışın hədəflərindən biri mənəm. Çünki hara baxırdımsa, ağ yox, qara görürdüm. Hətta birinin saçı bivaxt ağarıbsa, onu da qaraya, pisə yozurdum. Və ya kiminsə işləməkdən gözünə ağ düşəndə onu da qara sayırdım. Götürürdüm qəzeti baxırdım ki, filan rayonun filan kolxozunda onuncuyu bitirən uşaqların kollektiv şəkillərini veriblər və yazıblar ki, bu gözəl uşaqlar yığışıb qərara gəliblər ki, qalıb doğma kolxozda ağ qızıl işinə baxsınlar, instituta-filana getmə-sinlər… Burda nə var? Amma mən bu ağ qızılda da qara axtarırdım. Sonra çevirirdim o biri səhifəni: Uzaq Şərqə köçmək istəyənlərə pulsuz “putyovka”. Orada pulsuz ev və donuz da verilir, təki köç get… Məni dəhşət bürüyürdü: bunun axırı nə olacaq? Üstəlik, şairin o sözü də yadıma düşəndə heybətdən rəngim ağarır, tez qaçırdım güzgünün qabağına və diqqətlə baxırdım gözlərimə. Sonra gözümün qapaqlarını tutub giləsini çevirirdim o yana-bu yana: “Ay Allah, indi qan gələcək, axı şair qarğayıb!”. Amma, əlhəmdülillah, qan-filan gəlmirdi.

Bir sözlə, bu qarğış ucundan o bayraqlı, ordenli-medallı illərindən heç bircə qırtım da ləzzət ala bilmədim. Amma camaat mağıl dövran sürdü ha. Düzünə qalsa, mənim zəhmə-tim də hədər getmədi. Bir kəşfə imza atdım: şair qarşığı adamı tutan döyül. İnanmırsınız, yoxlayın. Əgər varlısınızsa və şairlərdən biri gəlib sizdən kitabına sponsorluq etməyinizi istə-yirsə və ya dükanınıza gəlib nisyə siqaret və ya araq istəyirsə, istəyini yerinə yetirməyin. “Birdən qarğış eləyər” deyib qəm eləməyin, heç nə olmayacaq. Şairlərin qarğışı xətərsizdi.