- Köşə

Ata evi, ata ocağı…



Gülyaz ƏLİYEVA

Qızlar köçəri quş kimidir… Uşaq vaxtı nənəm toyuq bişirəndə həmişə qanadların bizə verər, zarafatla: “siz köçəri quşsunuz, qanadlarını yeyin ki, tez uçub gedəsiniz”, – deyərdi. Mənim o sözdən çox acığım gələrdi, heç anam da xoşlamazdı o sözü və nənəmə: “Uşaqlara elə söz demə”,- deyərdi. Mən ömrüm boyu heç vaxt qanad yemədim, məhz ata evimdən tez uçub getməyim deyə, həm də nənəmə inad… İndi də çolpa bişirəndə qanadlarını kəsib atıram, heç bişirmirəm… Amma qız uşağı nə vaxtsa, öz böyüyüb boya-başa çatdığı evdən bir köçəri quş kimi uçub getməli olur və o zaman ürəyi həmişə ata evində qalır, ata evi, ata ocağı onun üçün daha dəyərli olur, müqəddəs Kəbəyə dönür. Qız öz ata evindən gəlin köçəndə atası onu çırağın başına flrlayıb xeyir-dua verir ki, xoşbəxt olsun. Nənəm hələ uşaq vaxtından bizə təlqin edərdi ki, qız mütlıq ata evindən gəlin köçməlidir,  yoxsa bədbəxt olar” Nəbadə, kənar evdən gəlin köçəsiniz ha, ya qoşulub qaçasınız, ömürlük bədbəxt olarsınız! Sizin üstünüzdə bu evin haqqı var, gəlin köçəndə mütləq bu evdən də halallıq almalısınız!”- deyərdi, rəhmətlik nənəm! Nənəm bunu elə inandırıcı, elə həyəcanla deyirdi ki, biz buna Quran ayəsi kimi inanırdıq. Nənəm bizə çox şey öyrədərdi, salavat deməyi, çörəyi ayaqlamamağı, çörəyi yerdə görəndə dərhal əyilib götürməyi və öpüb gözünün üstünə qoymağı, nələrin günah olmasını, nəyin pis, nəyin yaxşı, nəyin halal, nəyin haram olmasını. Nənəm həmişə yavaş danışırdı, deyirdi ki, qızın, qadının səsi möhkəm çıxmasın gərək. Elə sözlər vardı ki, nənəm o sözləri çox yavaş deyərdi, biz də elə bilirdik, bu sözlər mütləq yavaş deyilməlidir ki, heç kəs eşitməsin. Bu, bir vərdiş kimi başımızda hələ də qallıb. Mən indinin indisində də heç cür o sözləri möhkəm deyə bilmirəm. Nənəm deyərdi ki, vacib şeyləri gərək uşaqlara elə uşaq vaxtından öyrədəsən. Ona görə ki, uşaqlıqda öyrəndiklərimiz daş üzərinə, sonradan öyrəndiklərimiz isə qum üzərinə yazılmış yazıya bənzər. Ona görə də anamın acığı tutsa da, çox şeyi bizə uşaq vaxtından öyrədərdi. Nənəm deyirdi ki, hələ bu ev sizə adi gəlir. Bu evin qədrini gəlin köçəndən sonra biləcəksiniz. Qız gəlin gedəndən sonra bütün xoşbəxt günlərini, yaşadığı qayğısız uşaqlığınıı keçirdiyi ev onun üçün əlçatmaz xoşbəxtlik məkanına çevrilir. O evə gələndə hər şey ona şirin gəlir, xoş gəlir. Orada yediyi yemək sanki daha dadlı, yatdığı yuxu daha şirin olur İnciyəndə güvəndiyi ata ocağı olan qızlar daha ürəkli olurlar , – deyirdi nənəm. Ata evində onlar özlərini daha güvənli, daha doğma, daha güclü sanırlar… Nənəm deyirdi ki, paltar yuyan gəlin arzulayır ki, kaş mənim 4 ata evim olaydı. Paltar yumaq keçmişdə ağır iş imiş, gəlin çox fiziki güc işlətdiyindən paltar yuyandan sonra o qədər acırmış ki, bir ata evi ona bəs etmirmiş. Arzulayırmış ki, kaş ,4 ata evi olsun, hərəsində 1 dəfə gedib ürəklə yemək yeyə bilsin… Bəli, ata evi hər qız üçün bir güvən yeri, bir müqəddəs məbəd, küsəndə, kiməsə acıq edəndə üz tutduğu məkan, ərk qalasıdır… O evdə ata olmasa da, o ev məhz “ata evi “adlanır. Ata nəfəsi, ata həniri, ata qayğıkeşliyi duyulur o evdə… Atana sığındığın kimi, dara düşəndə məhz o evə sığınırsan… Ata olmasa da, o ev sanki sənin atan olur… Vay o gündən ki, sənin ata evin olmaya, o gözünün qabağındaca verdi-viran, yerlə-yeksan ola, güvənin kimi, sığınacağın kimi ! 1993-cü ilin mayı idi. Neçə vaxt idi ki, evimizdən ayrı düşmüşdüm… Hər 2-3 həftədən bir institutdan məni gəlib evimizə gətirən anam indi neçə ay idi ki, evə gəlməyə qoymurdu. Hər tətildə mənə zəng vurub, evə gəlmə, ermənilər atır, biz də evdən çıxmışıq, – deyirdi.  Ermənilərin ucbatından bir ilə yaxın idi ki, evimizə gedə bilmirdim!

….Nənəmin dedikıərini fikirləşə -fikirləşə evimizə gəlirdim. Ad günüm olduğu üçün gələcəyimi evdəkilərə deməmişdim. Öz aləmimdə sürpriz edəcəkdim. Həm də evimizdən ötrü çox darıxmışdım. Burnumun ucunda tuturdum həyətimizi, güllü bağçamızı. Hər cür meyvəsi olan meyvə bağımızı çox özləmişdim. Evimizin düzAta evi, ata ocağı… qarşısında, pilləkənin ayağında bir yasəmən ağacımız vardı. Atam öz əlləri ilə əkmişdi, mən də kömək etmişdim. Adətən, yasəmən ağacları ildə bir dəfə – may ayında çiçəkləyir, amma bizim yasəmən ağacımız ildə 2 dəfə çiçək açırdı: bir dəfə ilk baharda və bir dəfə də son baharda. İnstitutdan birbaşa evimizə gəlmişdim. Bacılarım Ağcabədidə qalırdı. Anam qardaşlarıma görə evi tərk etməmişdi. Mən də evimizə gəlmişdim. Sevinclə həyətə girdim, həyətimizə girəndə ürəyim həyəcandan tir-tir titrəyirdi. Uzun ayrılıq çəkməyənlər bilməz bu, nə hissdir! Hər daş, divar, tərpətöyün, ot, ağac, bağça, lək, darvaza adama necə xoş, doğma, əziz gələrmiş, İlahi?! Məni görüb sevinmək əvəzinə hamı heyrətləndi! – Niyə gəlmisən?! Mənə elə acıqlandılar, elə hirsləndilər, elə baxdılar ki, sanki günah bir iş görmüşdüm. Birinci dəfə idi ki, özüm öz başıma gəlmişdim evimizə. Nə edim? Axı məni heç kəs gəlib evimizə gətirmirdi. Mən də məcburən özüm gələsi oldum. Evimizə gəlmişəm də”, – dedim
– Ermənilər atır axı, ay bala, bəs indi hücum etsələr, nə edəcəyik?!
Gec idi, anam da, qardaşlarım da çox narahat oldular. “Gecəni bir təhər keçirək, səhər mütləq bu evdən getməlisən”, – dedilər. Mən ailə üzvlərimin Ağcabədidə qaldıqları evi tanımırdım axı. Anam bütün gecəni Allaha dua edib yalvardı ki, bu gecə ermənilər atmasın, bura hücum etməsinlər, peşmançılıq olmasın!… Hava qaraldıqca ermənilər fəallaşmağa başladılar. Televuzordan “ermənilər atdılar, qarşı tərəf əsgərlərimiz tərəfindən susduruldu”nu eşitmək başqa, bunu gözünlə görüb, qulağınla eşidib yaşamaq başqa imiş! Bayaqdan mənə təsir etmirdi evimizə gəlməyin bu qədər qorxulu olduğu! Qaş qaraldıqca və “Qrad” qurğularının səsi gəldikcə, atılan “Alazan”lar yaxınlıqda partladıqca, qonşular hövlnak evlərindən çıxıb getdikcə qorxudan ürəyim insan əlində olan sərçə ürəyi kimi şiddətlə çırpınmağa, yavaş-yavaş qorxu bütün vücuduma işləməyə başladı, canıma üşütmə düşdü! Bura gəldiyimə peşman oldum! Birdən ermənilər şəhərə bu gecə girərlər! Aman Allah! Mən nə edərəm?! Güvəndiyim ata evində indi mən ilk dəfə idi ki, əsim-əsim əsirdim!… Yaxınlıqda bir “Qrad” mərmisi partladı. Qorxu və təlaş içində gözlərimi açdım.  Onsuz da heç kəs yatmamışdı, eləcə pal-paltarlı yerimizə girmişdik Evimiz möhkəm silkələndi, bütün pəncərə şüşələri qırılıb yerə töküldü və evimizin divarı çatladı. Biz tez tələm-tələsik gecə saat 3-də “Qrad” qurğularının dəhşətli səsinin müşayiəti ilə evdən çıxmağa məcbur olduq! Həvəslə gəldiyim evimizdə heç bir gün də qala bilmədim! Anam bütün qapıları kilidlədi və açarları götürdü. Evdən çıxdıq! Bir az getmişdik ki, dəhşətli bir vıyıltı və sonra da gurultu qopdu! Arxaya baxmaq istədim… Qardaşım cəld məni yerə yıxıb, başımı qollarının arasında gizlədi. Gözlərimi açanda gördüyüm dəhşətli mənzərəni heç vaxt unutmaram!.. Bir qrad qurğusu düz evimizin üstünə düşüb partlamışdı! Mənim ata evim, uşaqlıqda iməkləklədiyim, sonra yavaş-yavaş ayaq açıb yeridiyim, yüyürüb yıxıldığım, ilk sevincimin, ilk kədərimin xoşbəxtliyimin şahidi, nənəmin dediyi kimi yalnız “vağzalı “sədası altında tərk etməli olacağım evi “Qrad”, partlayış, gurultu səsi ilə qorxu altında tərk etməli oldum və mənim müqəddəs ata evim, ata ocağım gözlərimin qabağındaca yerlə-yeksan oldu!…

Bu gün mənim toyumdur. Məskunkaşdığımız şəraitsiz, dar uşaq bağçasının otağında oturub bunları – nənəmi, ata evimi, gələcəyimi düşünürəm!….Uzun ayrılıqdan sonra evimizə girdim. Atam həmişəki kimi yazı masasının arxasında oturub nəsə yazırdı. Məni görüb gülümsədi. Həmişəki kimi yenə gecə yatmadığından gözləri qızarmışdı, külqabı isə siqaret kötükləri ilə dolu idi.
– Gəl, qızım, gəl, – dedi Neçə vaxtdır haradasınız? Evimizə xoş gəlmisən!
Həyətə girdim. Bağımız, evin qarşısındakı yasəmən ağacı başdan-başa çiçək açmışdı. Mən apağ gəlinlik paltarında idim. Qəfildən hardansa nənəm də əlində çıraq gəldi. Bir anda bütün qohum-əqrəba da yığışdı, atam məni çırağın ətrafına fırlayıb xeyir-duasını verdi. Anam ağlayırdı, mənim də gözlərimdən yaş süzələnirdi, hardansa uzaqlardan həzin və kədərli “Vağzalı” səsi gəlirdi və get-gedə yaxınlaşırdı… Qəflətən açılan qapının və bacımın həyəcanla dediyi: “Gəlin maşınları gəldi!” və bir -birinin ardınca dayanmadan çalınan maşın siqnallarının səsinə gözümü açdım. Günün günorta çağı necə yuxulamışam, heç xəbərim olmayıb!…