Tanınmış şərqşünas alim, Quranın dilimizə çevirənlərdən biri Nəriman Qasımoğlu tez-tez işlədilən və hər dəfə də səhv vurğulanan bir sözlə bağlı izahat verib. Moderator.az xəbər verir ki, ərəb dilini mükəmməl səviyyədə bilən Nəriman Qasımoğlu “musiqilər” sözünün məna cəhətdən yanlış işlədilməsini bu cür əsaslandırıb: “Son illərdə dilimizdə işlənən böyük yanlışlıqlardan biri bu sözün cəmdə işlənməsidir: “musiqilər”, filan bəstəkarın “musiqiləri” və s. “Musiqi” sözü cəmdə işlənə bilməz. Problem ondadır ki, “musiqiləri” gen-bol işlədənlərə qətiyyən savadsız da deyə bilmirəm, çünki bu yanlışlığı dilimizi həqiqətən çox gözəl bilənlər də, ədəbi dilimizin gözəlliyini nitqlərində xoş bir bəlağətlə səsləndirənlər də, təəssüf ki, işlətməkdədirlər. Sadəcə son iki-üç onillikdə dillərinə düşüb. Mənim də, necə deyərlər, boynuma düşüb izahat verim. “Musiqi” sözünün kökü yunancadadır. Yunanların mifologiyasında 9 sayda Muza var – elm, poeziya və incəsənət ilahələri, söz bu “Muza”dan alınmadır.
Dünyanın başqa dillərinə latın dili vasitəsilə (musika) uyğunlaşdırılmışdır – fransızcada musique, ingilscədə music, almancada Musik, ərəbcədə musiqa, ruscada muzıka və s. Bizə də ərəblərdən keçib. Sadaladığım dillərin heç birində bu söz cəmdə işlənmir. Bizdə də əvvəllər cəmdə işlənməyib. Son illərin yanlışlığıdır ki, “musiqilər” deyir bizimkilər. Məsələn, ingilis dilinin qrammatikasını yazanlar belə izah edir ki, sözün özü bir növ cəm halını ifadə edir. Soruşa bilərlər ki, onlara niyə istinad edirsən, məgər həmin söz bizdə tək halı bildirir? Əlbəttə, yox. Öz dilimizə aid nələri isə müzakirə edəndə başqa dillərdən yerli-yersiz sitatlar gətirənlər üçün bunu edirəm ki, onları da inandırım Necə ki, “düyü” sözünü işlədəndə bütövlükdə düyü dənələrini nəzərdə tuturuq və “düyülər” demirik, eləcə də “musiqi” sözü bir musiqi parçasını da, çoxsaylı “musiqi” parçalarını da ifadə edir. Ümumilikdə isə məlum sənət növünə verilmiş addır”.