Azərbaycan yığması tarixində ikinci dəfə dünya çempionatının startında ardıcıl 3 məğlubiyyət alıb.
Apasport.az saytının məlumatına görə, bu, Lüksemburqla səfər matçında gerçəkləşib.
Portuqaliyaya 0:1, Serbiyaya 1:2 hesabı ilə uduzan millimiz cırtdan ölkə təmsilçisi qarşısında da aciz qalıb. Canni de Byazinin yetirmələri bu dəfə də 1:2 hesabı ilə məğlub olub.
İlk üç qarşılaşmada xala həsrət qalan milli yalnız DÇ-2002-nin seçmə mərhələsinə belə başlamışdı. 2000-2001-ci illəri əhatə edən tsiklin əvvəlində yığmamız məğlubiyyətləri sıralayıb. Düzdür, həmin vaxtla müqayisədə De Byazinin yetirmələri 2 qol vurmaqla öyünə bilər. Amma indiki yığma həmin vaxtın xalsızlıq antirekordunu təkrarlayıb.
Tarixində 7-ci dəfə mundialın seçmə mərhələsinə qatılan millimiz 5-ci dəfə startda qələbəyə həsrət qalıb. Lakin digər 4 tsikldən üçündə heç olmasa heç-heçə qeydə alınıb.
Millimiz DÇ-nin seçmə mərhələsinin startında
DÇ-1998 | 3 | 1 | 0 | 2 | 1-8 | 3 |
DÇ-2002 | 3 | 0 | 0 | 3 | 0-5 | 0 |
DÇ-2006 | 3 | 0 | 2 | 1 | 1-3 | 2 |
DÇ-2010 | 3 | 0 | 1 | 2 | 0-2 | 1 |
DÇ-2014 | 3 | 0 | 1 | 2 | 1-5 | 1 |
DÇ-2018 | 3 | 2 | 1 | 0 | 2-0 | 7 |
DÇ-2022 | 3 | 0 | 0 | 3 | 2-5 | 0 |