- Cəmiyyət, Manşet

Nizami Gəncəvi və Nəsimi kuryer, Füzuli isə… rolunda…

Bakıda yerləşən “Ali və Nino” kitab mağazası öz “İnstagram” hesabında dahi azərbaycan klassikləri Nizami Gəncəvi və İmadəddin Nəsiminin kuriyer xidməti göstərən işçi kimi karikaturasını paylaşıb. Dahi Nizami Gəncəvi, guya motosikletin yanında, ağzında qəlyan dayanıb və “Ali və Nino” mağazasının sifarişlərini çatdırır. İmadəddin Nəsimi isə bu işi velosipedlə görür. 

Bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub. Ötən il də “Nəsimi İli” idi. Ölkə rəhbərliyi səviyyəsində bu iki dahi şəxsiyyətin, Azərbaycan xalqının dəyərlərinin təbliği ilə bağlı geniş tədbirlər keçirildiyi bir dövrdə “Ali və Nino”nun addımı heç cür anlaşılan deyil. Qeyd edək ki, eyni formada karikatura Məhəmməd Füzuli barəsində də paylaşılıb. Guya məqsəd klassiklərin müasir dövrdə də yaşadılmasıdır. Ekspertlər deyir ki, amma deyəsən mağazalar şəbəkəsi dahiləri bununla ucuzlaşdırdığının fərqində deyil.

“Ali və Nino” kitab mağazasının bu təxrubatçı və təhqredici davranışı tanınmış alimləri, dilçiləri, ziyalı və rəssamları hiddətləndirib.

Keçən layihələrindən birində cinsi azlıqları təbliğ edən, başqa bir layihəsində müəllimləri porno-ulduza bənzədən “Ali və Nino”nun bunları hansı məqsədlə etdiyi aydın olmasa da, bunun təxribat xarakterli olduğu da gizli deyil.

“Ali və Nino”nun son təxribatı olduqca mənfi qarşılanıb, hətta sosial şəbəkələrdə bu kitab mağazasını boykot çağırışları da edilir.

  • Vasif Sadıqlı: “Mən “Ali və Nino” kitab mağazasını boykot edirəm”

Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri Vasif Sadıqlının bildirdiyinə görə, o, “Ali və Nino” kitab mağazasını boykot edib: “ Mən  “Ali və və Nino” kitab mağazasını boykot edirəm. Kitab mağazasının reklamı üçün belə şəkillər çəkilməsini şiddətlə qınayıram. Nizamini yubiley ilində bayker ediblər…”

  • Səadət Şıxıyeva: “Bu gün “Ali və Nino” kitab mağazaları şəbəkəsinin məsuliyyətsizliklə…”

Filologiya üzrə fəlsəfə doktoru, tanınmış Nəsimişünas alim Səadət Şıxıyeva “Bakı-Xəbər”ə bildirdi ki, əslində bu gün bizi narahat edən klassiklərimizə hörmətsiz yanaşmanın – bu ağrılı  məsələnin kökü dərindədir. “Biz dəfələrlə müxtəlif gənc, ortabab və gərəyindən artıq iddialı bir şairi klassiklərimizə qeyri-ciddi yanaşmasına görə tənqid hədəfinə çevirmişik. Bunun dəfələrlə şahidi olmuşam. Yaxud bu gün “Ali və Nino” kitab mağazaları şəbəkəsinin məsuliyyətsizliklə klassiklərimizə çəkdiyi karikaturaları müasirləşdirmə adı altında oxuculara aşılamaq istəyinə hiddətlənirik. O rəssama, sifarişçi və təbliğatçılarına demək lazımdır ki, sənin valideynlərin də bizim müasirimizdir. Onların hansı biri belə bir qifayədədir və şəkildəki hərəkətləri edər? Bunu bir avropalı edərdisə belə, eyni mənfi reaksiya ilə qarşılaşacaqdı. Halbuki, edənlər öz vətəndaşlarımızdır. Qənaətim belədir ki, bu kimi məsələləri tək-tək dəyərləndirmək əsaslı nəticələr əldə etməyə imkan verməyəcək. Məsələnin kökü, öncə də dediyim kimi, dərindədir: gənclərə bu dəyərlilərimiz, onların ideal şəxsiyyəti, daşıdıqları ali mənəvi-əxlaqi dəyərlər sistemli şəkildə təbliğ olunmalı, müqəddəslik, bu statusa kimlərin sahib ola biləcəyi, idealların toxunulmazlığı izah olunmalıdır. Bu sahədə çox pərakəndəlik mövcuddur. Klassiklərimizi dəyərsizləşdirmə, onlara laqeyd münasibətin nəticələri gənclərə və digərlərinə açıqlanmlıdır. Maddi dəyərlərə bağlılıq və maddiyyatdan asılılıq, çox təəssüf ki, son illərdə  mənəvi dəyərlər sahəsində ciddi boşluqlara yol açıb. Bu gün gördüyümüz eybəcər görüntü də bu düşüncə, bu yanlış anlayışların nəticəsidir. Əgər akademik adını alan biri Nizami, Nəsimi və Füzuli haqqında lağlağı tərzində və məsxərəli bir dillə yaza bilirsə, ədəbi-tarixi dəyərlərdən uzaq rəssam da bu şəkildə təhrifli təqdimat edəcək. Bu sahəyə nəzarət yoxdur. Klassiklərimizin bizim tarixi keçmişimizin, milli-mənəvi varlığımızın ən ləyaqətli təmsilçiləri olduğunu anlamasaq və anlada bilməsək, bu kimi arzuolunmaz eybəcər təzahürlərin şahidi olmağa davam edəcəyik. Bunun başqa bir səbəbi isə multikulturalizm, tolerantlıq və fikir azadlığı məsələlərinə aludəlikdir. Nəticədə milli təəssübkeşlik arxa plana keçmiş, özümüzə aid olana laqeyd və saymazyana münasibət formalaşmışdır. Söhbətimizin konkret mövzusuna qayıdaraq bunu da sonda qeyd etmək istəyirəm ki, “Ali və Nino”nun məsuliyyətsiz reklamları – klassiklərimizin təkcə  şəklini deyil, şəxsiyyətini də gülüş hədəfinə çevirən rəsmləri ictimai qınaq obyektinə çevrilməlidir. Etirazlarımızın təkcə sosial şəbəkə ilə hüdudlanması ilə kifayətlənməməliyik. “Ali və Nino” kitab şəbəkəsinin məsulları üzr istəməli və şəkillər yığışdırılmalıdır… Çünki o şəxsiyyətlər bütün xalqa aiddir, düşüncələri, mirasları ayrı-ayrı fərdlərin deyil, bütövlükdə xalqındır…”-deyə S.Şıxıyeva qeyd etdi.

İradə SARIYEVA

baki-xeber.com