- Köşə

Gülyaz ƏLİYEVA. Ürəkdə bitən sözlər…

Çinar niyə qüvvətlidir, güclüdür? Tufan, kol-kosu yerindən qoparıb göylərdə oynadan qasırğa, külək niyə ona təsir edə, yel olub yanından ötə bilmir? Çünki , çinarın kökü dərinliklərdədir, torpağa möhkəm bağlıdır, kol-kos kimi kökü üzdə deyil, kökü dərində olanları qoparmaq asan iş deyil…

Uşaq vaxtı atamla bağ-bağçada çox hərlənər, bitkilərlə maraqlanardım, Atam dil-ədəbiyyat müəllimi olsa da, bitkilərin dilin çox yaxşı bilirdi, yaxşl calaq edirdi, məni də öyrədirdi. Öyrətmək, gözəl izah onun  qanında-canında vardı. Vəhşi əvəliyin çiçəklərindən elə gözəl şeylər düzəkdirdi ki, gəl görəsən… Məsələn, başqırxan maşın, tapança, daraq düzəltməyi indi də yadımdan çıxmayıb. Mən də bir çəmənlik görən kimi tez onlardan düzəldib uşaqları heyrətləndirirəm. Bağçamızda hərdən toxumla əkdiyimiz  gül-çiçəklərin alağın edərdik. Unnuca, sarıtikan, boz alaq deyilən alaq otları bitirdi güllərin arasında, onları inkişaf etməyə, böyüməyə qoymurdu. Boyları hündür olsa da, əl vuran kimi qoparıb atmaq olurdu onları. Bir dəfə güllərin arasında bir alaq otu gördüm, balaca, torpağa yapışmış kimi görünürdü. Əl atdım qoparam, nə qədər etdim qopara bilmədim. Mən də inad idim, iki əllərimlə bitkidən yapışdımsa da,  onu yerindən tərpədədə bilmədim. Var gücümlə nə qədər dartdımsa da, yenə heç nə alınmadı. “Baba və turp” nağılındakı kimi kimi köməyə çağırdımsa da, yenə xeyri olmadı – torpaqdabn aralıya bilmədim. Balaca belim vardı, onunla qazıb bitkini çıxarmağa çalışdım, mən qazdıqca bu balaca sandığım alaq otunun kökünün nə qədər dərinlikdə olduğunu gördükcə heyrətləndim Torpağın üstündəkinin 5- 6 misli torpağın altındaymış, sən demə. Ona bu güc-qüvvəti verən də o imiş…kökü dərində imiş, üzdə deyilmiş…

Bəzən bir sözü çox soruşanda anamın acığı tutardı.
– Ana məni çox istəyirsən?
– …
Ana məni çox istəyirsən , bacımı?
– …
Anam bizə bizi çox istədiyini deməzdi.

Amma gecə-gündüz əlləşər, çalışar, bizi korluq çəkməyə qoymazdı. Atamın sağlığında bir dəfə də çətin iş görmədiyi halda, atamdan sonra bağ-bağçaya baxar, yer qazar, tərəvəz əkib-becərər, bağ suvarar, heç kəs görməsin deyə hətta gecələr  çalma ilə ot çalar, taya düzəldərdi. Heç vaxt heç kəs – nə qohumlar, nə qonşular o boyda sahənin otunu kimin çaldığını, o boyda tayanı kimin düzəltdiyini bilmədilər. Hətta dayılarım da…

Anam bizə “çox istəyirəm” demirdi, amma bunları bizdən ötrü edirdi. Əli daim ürəyinin başında olardı:

– Əynini qalın elə, soyuqdur, xəstələnərsən.
– Tez gəl bir isti çay iç, soyuqdan gəlmisən.
– Sən get yat, paltarları özüm ütüləyərəm.
– Hər şey yaxşı olacaq ürəyini sıxma…
– Sən oxu, Allah kərimdir, tələbə olacaqsan
– Pul dərdi çəkmə, sənin nə işinə… Allah yetirəcək!

Anam bizə “səni çox istəyirəm” demədi, amma bunlar onun bizi çox istədiyini sözlərdən daha yaxşı ifadə edirdi.

Böyüdüm. Müəllim oldum anamın düzgün tərbiyəsi, halal zəhməti, bir də Allahın köməyi ilə.Uşaqlıqdan həsrətini çəkdiyim sözü anamın dilindən qoparmaq inadı isə məndən əl çəkmirdi.

– Ana, məni çox istəyirsən? Niyə axı bir dəfə də olsun, dilinə gətirmirsən çox istədiyini?!

– Elə  sözlər var ki, dilin ucunda bitər. Onları söyləmək, dildən qoparmaq asandır. Çünki o sözlərin kökü elə dildədir. Kökü olmadığı üçün alaq kimi onlar yenidən bitə bilirlər. Elə sözlər var ki, onları dildən qoparmaq o qədər də asan deyil, çünki o sözlərin kökü çox dərindədir, ürəkdədir, onları dildən yox, ürəkdən qoparmaq lazım olur…

Kökü ürəyin dərinliyində olan sözləri söyləmək  çətindir, onlar da çinar kimi ürəyin dərinliklərində kök atıblar, kol-kos deyil ki, ani bir titrəyişdən dildən düşsünlər, onlar dildə yox, ürəkdə bitiblər, mənim balam …