- Cəmiyyət

ABŞ hökuməti 60 ildən sonra Kennedinin işi ilə bağlı materialları açıqlayıb

Amerika hökuməti ABŞ-nin 35-ci Prezidenti olan Con Kennedinin kiçik qardaşı Robert Kennedinin öldürülməsi ilə bağlı işin 10 mindən çox səhifəsini məxfilikdən çıxarıb.

“Report” Amerika KİV-ə istinadən xəbər verir ki, bu barədə sənədlər ABŞ Milli Arxivinin saytında dərc olunub.

ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard sənədlərin ictimaiyyətə açıqlanmasından danışarkən Prezident Donald Trampın maksimum şəffaflığa çalışdığını vurğulayıb.

“Senator Robert Kennedinin faciəli şəkildə öldürülməsindən təxminən 60 il sonra Amerika xalqı Prezident Donald Trampın rəhbərliyi və maksimum şəffaflığa çalışması sayəsində federal hökumətin araşdırmasının nəticələrini ilk dəfə görmək imkanı əldə edəcək”, – o, “X” səhifəsində yazıb.

Öldürülən senatorun oğlu, ABŞ-nin hazırki səhiyyə və sosial xidmətlər naziri kiçik Robert Kennedi və Qabbard birgə bəyanatda bildiriblər ki, Milli Arxivdə saxlanılan sənədlər əllə skan edilib və sayta yüklənib.

Onlar bildiriblər ki, fayllar məxfilik səbəbindən minimum redaktə, o cümlədən sosial sığorta nömrələri və vergi ödəyicilərinin FİN-i silinməklə dərc olunub.

“Robert Kennedinin sənədlərindəki pərdənin qaldırılması Amerika hökumətinə inamı bərpa etmək üçün zəruri addımdır. Prezident Trampa cəsarətinə və şəffaflığa sadiqliyinə görə təşəkkür edirəm”, – mərhumun oğlu deyib.

Qabbard isə vurğulayıb ki, sənədlərin axtarışı zamanı hələ də nəşrə hazırlanmaqda olan daha 50 min səhifə arxiv materialı aşkar edilib. O əlavə edib ki, səlahiyyətlilər Kennedi ilə bağlı digər sənədləri axtarmağa davam edəcəklər.