Bu məkan ictimai müzakirə meydanıdır, ictimai məsxərə və təhqir meydanına çevirməyək, lütfən…
Durub durduğumuz yerdə kitabçı dostumuz Şahbaz Xuduoğlu bir təklif irəli sürdü, ruhən şair, rəsmən yazıçı dostumuz Kəramət Böyükçöl etirazlarını bildirdi, filosof dostumuz Müşfiq Şükürov yeni təklifi dəstəkləyibən dedi – kim ki belə düşünmür, demək, qavrama problemi var. Mətləbi çox uzatmadan bəzi məqamlara münasibət bildirim.
Şahbaz bəy deyir ki, yəni arqumentlərindən biri budur ki, kitab alan yoxdursa, dilimizi dəyişməliyik. Tamamilə absurd yanaşmadır.
Kitab pis satılırsa: 1. Yaxşı, yəni oxunan əsərlər yazıb nəşr etmək lazım; 2. Kitaba meyilli normal gənclik yetişdirmək, yəni bərbad təhsil sistemini qaydaya salmaq lazım. Həmin rus, ingilis və türk dillərində kitab alıb oxuyanlar da azərbaycanlılardır, göydən gələn deyillər ki. Demək, ana dilində təhsili inkişaf etdirmək lazımdır ki, obıvatel övladını özgə dildə oxutmasın; 3. Televiziyalarımız reytinq naminə bayağı şoulardan əl çəkib informasiya və normal əyləncə ilə yanaşı, həm də maarifləndirici proqramlar təqdim etməlidirlər ki, tamaşaçı kütləsinin səviyyəsi artsın; 4. İnsanın rifahı yüksək olmalıdır ki, kitab almağa da imkanı olsun (təəssüf ki, son dönəmdə ələbaxan, işləmək istəməyən, yardım, müavinət almağa meyilli bir kəsim yaranıb. Hətta saxta əlillik kağızları düzəltdirib müftə pul almaq istəyənlər də var. Bütün problemlərdə dövləti suçlamaq çox asandır. Amma görək insanımız zəhmət çəkib işləməyə meyllidirmi? Xeyr. Meyilli deyil. Xaricdə necədir? İşləməsən, yaşaya bilərsənmi? Mümkün deyil. Ölərsən acından, başının üstdə damın da olmaz daldalanmağa).
Nəhayət, indiki ədəbi dilimizin guya sovet dönəmində formalaşması fikrilə də razı deyiləm. Cabbarlı, Mirzə Cəlil, Sabir, Üzeyir bəy, Mirzə Fətəli, Nəcəf bəy Vəzirov, Vaqif, Zakir osmanlıca yox, elə bu dildə yazıblar,
Dili dəyişmək lazımdır deyirlər. Qətiyyətlə yox deyirəm. Olsa-olsa dilin adını dəyişmək olar. Ayrı-ayrı dönəmlərdə bu dilə tatar dili də deyiblər, amma danışdığımız lisan azəri türkcəsidir, osmanlı türkcəsi deyil.
Zamanla – 100 ilə, 200 ilə bu iki dil yaxınlaşar, xub, yaxınlaşmazsa da xub. Bu, artıq dialektik inkişaf məsələsidir. Tarix, zaman öz sözünü deyəcək. Qərarla, sərəncamla əmələ gələn iş deyil.
(Zatən, önəm, özəl, özət kimi sözlərin dilimizə gəlməsi anlaşılandır, amma vur öldür, bizim Fatma “gəlirəm” əvəzinə “gəliyorum” deməyəcək, deməli də deyil).
Bu, bir ictimai müzakirədir. Hə, təklif dövlətçilik baxımından ziyanlı təklifdir, amma cinayət deyil, təbii. Mövqedir. Adi mövqe, vəssalam.
Və son olaraq – kökümüzə qayıdaq, klassikləri bir də vərəqləməkdə fayda var. Lap elə ANAMIN KİTABI. Bir də oxuyaq. Bütün gerçəklər oradadır.