Onları boyunu sevə-sevə böyütmüşdü. Hər birini dənə-dənə. Ana torpaqdan aldığı hər şeyi onlara yedirtmiş, onları əmizdirmişdi. Günəşin verdikləri ilə bəsləmişdi. Göyüzündən qopub gələn göz yaşı kimi dumduru yağış suyunda yuyub-yaxamışdı. Əsən küləyin əliylə daramışdı saçlarını.
Birinin başına bir pis iş gələcəyi qorxusundan hər an canı əsmiş, ürəyi titrəmişdi. Hər bulud toqquşması, hər göy gurultusu, hər şimşək çaxışı onun qorxu dolu anlar keçirməsinə, ölüb dirilməsinə nədən olmuşdu. Bir yaz qəfil bir ildırım onun sinəsini parçalamış, özü cəhənnəmə, balacaların çoxunu kömürə döndərmişdi. Bu, onun ömrünün qorxusuna çevrilmiş, onun qorxusu illərin qorxusu olmuş, kökü dərinlərə işləmişdi.
Yazın burunu qanayandan balacaların xışıltısı altında mürgüləmiş, onların hər titrəyişi qəlbini fərəhləndirmişdi. Yayın qızmar, bürkülü günlərində tapdığı bir udum suyu milyon yerə bölmüş, onlara paylamış, ən çətin anlarda onlarla birgəliyin xoşbəxtliyini yaşamışdı. Yaman günün ömrü az olar, hər şey yaxşı olacaq düşüncəsini onlara da təlqin etmişdi. Sanki onlar onunla əbədi yaşamağa məhkum edilmiş kimi görünürdülər. Amma sən saydığını say, fələyin hesabı ayrı.
Qocanın onlardan ayırılacağı gün isə yaxında idi. İstilərin sınması ilə bu ayrılıq özünü daha tez göstərmiş, öz varlığını xatırlatmışdı. Soyuq yağış damlalarının gövdəsini döyəcləməsi ilə xoşbəxtlik mürgüsündən ayılmış, dəfələrlə yaşadığı ağrılı ayrılıq çağının uzaqda olmadığını acı-acı yadına salıb, kədərə qərq olmuşdu.
Balacalar isə bir az üşümələrinə rəğmən soyuq yağış damlaları altında yuyunmaqdan, üzlərini qarsayan soyuq küləyə qoşulub rəqs etməkdən usanmırdılar. Yaşıl yanaqlarında sarıların, qırmızıların naxış salmasına sevinir, “mən daha gözələm”, “mən rəngli kəpənəyəm”, “mən bəzəkli bir quşam” deyib bəhsə girir, üzlərini bir-birinə sürtür, şadlıq-şitlik edirdilər.
Neçə vaxtdır durduqları ucalıqdan qopmağa, əsən küləklərin əlindən tutub uzaqlara getməyə can atırdılar. Havada mayallaq aşmaq, bir nöqtədə bənd olub qalmaq sükutundan tezliklə xilas olmaq düşüncəsi bütün varlıqlarını sarırdı. Başqa bir şeyi düşünmək, ağıllarından keçirmək belə istəmirdilər.
Ayrılığın necə ağrılı-acılı olmasını bilmirdilər. Bir də hardan biləsi idilər ki? Nə yatmışdılar, nə yuxu görəydilər? Cəmi-cümlətanı bir yaz, bir yay. İndi də payızı yaşayırdılar. Yayın xəzana döndərdiyi beş-üç doğmalarının ayrılığını isə çoxdan unutmuşdular, bəlkə də artıq heç xatırlamırdılar.
Qoca isə bunun necə ağır bir şey olduğunu yüzillik ömründə o qədər yaşamışdı ki, sayını da itirmişdi. Bütün qış boyu itirdikləri doğmalarını lal bir sükutla xatırlamış, göz yaşlarını içinə axıtmışdı. Bir qışmı, beş qışmı?Bəs nə? Candan can ayrılmasını yaşamayan bilərmi? Daş düşdüyü yerdə ağır deyilmi? Yüz ilin, min ilin qocası bunu bilməzdimi? Qoca bütün bunları şən səsləri qulaq batıran, get-gedə sir-sifətlərinin qızartısı, saraltısı tündləşən balacalarına baxıb qafasından keçirirdi. Uşaqdılar, hələ nə qanırlar, hər şey oyun kimi gəlir onlara.
…Və şıltaqlardan biri özünü havaya buraxır. Sonra digəri. Yüzüncü, mininci və sonuncu. Hər biri ani uçuşun ləzzətini dadmamış Qocanın ayağı altına düşür. Onlar ayrılıq acısı içində qıvrılaraq, itirilmiş xoşbəxtliyi geri qaytarmaq istəyirmiş kimi qoyub gəldikləri ucalığa sonuncu dəfə nəzər salırlar.
Afiq MUXTAROĞLU, Almaniya, Gelsenkirchen
27 oktyabr 2020