- Ədəbiyyat

Ağrını yazmağın əzabı

Zemfira Məhərrəmlinin Qarabağ hekayələri barədə düşüncələrim

Tanınmış yazıçı-publisist Zemfira Məhərrəmlinin Qarabağ ağrısı, Qarabağ yanğısı ruhun ağrısıdır, ruhun yanğısıdır. Bakıda doğulub boya-başa çatan insanın ağrını, yanğını bu qədər içdən duyması təkcə onun sevdiyi Qarabağa zaman-zaman gedib-gəlməsi ilə mümkün deyil. Bu, ayrı bir sevgidən doğan ağrıdır, yanğıdır, hissdir, yanaşmadır.

Zemfira xanımın Qarabağla bağlı istər hekayələrində, istərsə də publisistik yazılarındakı çırpıntı vətən sevgisindən, vətən ağrısından qaynaqlanır. Bu, vətən üçün döyünən ürəyin çırpıntısıdır.

Vətənə, torpağa bu qədər sevgi olmasaydı, əsərlər belə canlı alınmazdı. Bu, o yerlərdə yaşamış həsrətli insanın ürək ağrısı qədər içdən gələn hıçqırtıdır. İstər dağların, dərələrin təsvirində, istər yurd yerlərindən didərgin düşmüş insanların həsrətində bütün bunlar özünü açıq-aydın göstərir. Dağ adamının aranda çəkdiklərində də bu belədi, qoyub gəldikləri dağlara intizarla boylanan baxışların sükutunda da.

İnsan demədiklərini sükutunda deyir, danışır. Sükutu vərəqə, yazıya köçürmək, hıçqırtını sözlə ifadə etmək yazardan məharət, istedad tələb edir.

Açıq qalan, görmək istədiklərini görən gözlərin hər “fotoşəkli” böyük bir əsərdir. Hər kirpik çalındıqca, ömür yazısı pərdələrə bölünür.

Zemfira Məhərrəmli Birinci Qarabağ savaşı illərində qaynar nöqtələrə səfərlər etdiyindən onun müharibə mövzusunda yazıları o qədər təbiidir ki, elə bil döyüş bölgəsindəsən. Yaralanmış, döyüşdən çıxmış o adam sanki elə özünsən.

Zemfira xanım hadisənin, gerçək halətin ağrılarını oxucuya aşılaya bilir. Oxucu özünü hadisənin içində hiss edir, olanları yaşayır. Bu, müəllifin yaradıcılığının ən gözəl məziyyətlərindən biridir.

Zemfira xanım harda olursa-olsun, maqnit kimi özünə çəkən ağrını duyur və onu yazıya çevirir. Bu ağrılar təkcə Qarabağ ağrısı deyil, insanın və insanlığın üzüntüsü, iztirabıdır.

***

Çar Nikolayın vaxtında ermənilərin müsəlmanlara qarşı törətdiklərindən başlayaraq, keçən əsrin 90-cı illərinin əvvəllərində Qarabağa yağdırdığı qrad, artilleriya mərmilərindən qarabağlıların didərgin həyatı, itkiləri ilə bərabər, sevdiklərindən də uzaq düşməsinin yaşatdığı ağrıları, üz-üzə qaldığımız vəhşilikləri “Sevgimi neylədin, Daşaltı dərəsi” hekayəsində cəmləyən Z.Məhərrəmli az sözlə böyük bir tarixi, həm də ayri-ayrı zaman dönəmlərini əks etdirə bilib. Müəllif baş verən prosesləri, hadisələri bir sözə, ifadəyə sığdırmaqla oxucusunun gözünü yorrmayaraq onu düşünməyə sövq edir.

Zemfira xanımın ustalığı təkcə hadisəni olduğu kimi oxucuya çatdırmaq deyil, həm də onu doğuran səbəbləri izah etməkdir, yığcam fikirlə çox şeyləri anlatmaqdır.

Əsərdə təsvirlər o qədər təbii və yerindədir ki, ora nəyi isə əlavə etməyi düşünə bilmirsən.

Şeirdə misraya sözü əlavə edə bilməmək kimi.

Son görüş və ayrılıq… Əbədi xatirə.

Hekayənin qəhrəmanları Salehlə Gülərin sevgisi ötən illərdə Qarabağda yaşanan, yarıda qırılan nakam sevgilərin real bədii təsviri, gerçəkliyin inikasıdır.

Doğma yurd-yuvasından didərgin düşənlərin qürbət ömrü, isti ev-eşiyinə sonuncu kərə kənardan baxış, göz yaddaşının yığa biləcəyi ağır yük… Sevgilisini qoyub gəldiyi, nəmli baxışların uzana biləcəyi qədər uzandığı, Salehin şəhid olduğu Daşaltı dərəsi…

ayrılmaq nə qədər çətin
sənə doğma səsdən, sözdən, üzdən…
ayrılmaq nə qədər çətin
səni axtaracaq baxışlardan, gözdən…

***

“Qırxqızın qırxbirincisi” hekayəsi dağ adamının aranda yaşamaq əzabından, çadır həyatından başlayır. Bu həyatın, yurd itkisinin ağrıları insanın üzündə cığır salan izlərdən oxunur. Heç vaxt yayın qızmarını duymayan, dağ havasını udmuş, zümrüd meşələrdə gəzmiş uşağın, böyüyün yayda bir ağac belə bitməyən səhrada yaşaması, çadırı deşib keçən günəş şüasının içi yanmış insanın kürəyini yandırması, günahsız uşaqların çəkdikləri… sənin də kürəyindən keçib ürəyini yandırır.

Qırmızıyanaq uşaqlarda zaman ötdükcə qızartıların qaralması, meydan kimi evdən çıxıb çadıra sığınması qaçqın uşağının yaşadıqlarıdır, çəkdikləridir…

Küçəsi−səhrаnın çıхış хətti,
məhləsi−yаrdım məntəqəsinin yаnı,
evi sоnuncu çаdır,
yаtаğı çаdırın küncü −
Qаçqın uşаğı.

Çadırda, vaqonda doğulub, vaqonun altından asılan beşikdə böyüyən qaçqın uşağının dünyanın bəxtəvər körpələrindən tam fərqli həyatı əsərin sətiraltı ifadələrindən, eyhamlarından bəlli olur.

Vаqоnun аltındаn аsılаn beşik,
içində körpələr böyüyür indi…

Zemfira Məhərrəmli tarixi tarixçilərin yox, daha çox yazarların, ədəbiyyatçıların yazdığını, eləcə də ermənilərin özgəninkini həmişə özününküləşdirməyə çalışdıqlarını yaxşı bildiyindən məqam düşdükcə yaşayış yerlərimizin adının yaranmasının izahını verməyə çalışır. Qırxqız dağı kimi.

Evin istiliyinin onun rahatlığı ilə getdiyini azyaşlı uşağın belə anlayacağı sadə dildə ifadəsi mənzərəni göz önündə aydın şəkildə canlandırır.

Əsərdə ermənilərin hamilə Səmanı maşından sürüyüb məhz qarnını nişan almasını oxuyarkən bətndə ölən körpənin son çığırtısı qulaqları batırır. Bu, insanlıqdan çox uzaq olan erməni xislətinin bariz nümunəsidir. Xocalıda əsir götürülən ananın döşünü kəsib südəmər körpənin ağzına soxaraq səsini kəsmələri kimi… Bu hekayələr bizim necə bir düşmənlə üz-üzə qaldığımıza əyani sübutdur.

Əsir düşən qadınların məşəqqətli həyatı, qardaşlarının yanına “girov” damğası ilə qayıtmaqdan ölümü üstün tutmaları, yurd itkisi, vətən həsrəti ilə dünyadan köçmə əzabı heç bir əzabla, iztirabla müqayisə oluna bilməz. Əsirlikdə nə qədər ağır xəstə olsa da, “Birdən mənə erməni qanı köçürərlər” deyib hər vəclə buna mane olaraq şəhidliyi üstün tutması qadınlarımızın qatil ermənilərə kəskin etirazı, nifrətidir.

Əsirlikdəki qızının qayıtmasına qurban deyən atanın cənazə evə gələndə qurbanlığı kəsməsi qızının meyitinin belə erməni əsirliyindən alınmasının rahatlıq səhnəsidir. Nə qədər ağır olsa da, meyitin əsirlikdən, ermənidən qurtulma sevincidir. Sevincə, bayrama bax, İlahi! Azərbaycan xalqı bu 28-30 ildə nələr yaşamadı, nələr görmədi?! Torpağından pay verdiyi ermənilərin ucbatından dünyada heç bir xalqın yaşamadığını yaşadı.

Qələbə çox şeyləri unutdurur. Amma hər şeyi yox.

Evinin, yurdunun, kəndinin, şəhərinin yerlə yeksan olduğunu görəndə, doğulub boya-başa çatdığın, yaşadığın yeri, küçəni, evi tapa bilməyəndə, yoxluğa düşəndə xatirələrin də

onlarla birlikdə itir. Nişanəsi qalmayan xatirələrin. Özünə gələndə “Nə yaxşı ki torpaq var” deyirsən. Acı təsəllidir. Amma reallıqdır.

Dağı arana, aranı dağa daşıyan adamın kürəyinə götürə bilməyəcəyi xatirə yaddaşının ağır zaman yükü illərdi yerindən tərpənməyən, köçkünlərin məskən saldığı ev sayılan vaqon yükü boydadır. Nə çəkə bilirsən, nə qurtula. Hara getsən özünlə daşıyırsan bütün ölkə böyü vaqon-vaqon səpələnmiş bu qatar yükünü.

Zemfira xanım yazı-yazı, vərəq-vərəq bu vaqonları geriyə aparacaq qatar kitablara yığdı. Bu vərəq vaqon ağrıları 30 il ay-ay, il-il darta-darta Qırxqıza, Kirsə boylanaraq o uca, müqəddəs Şuşaya qaldırdı. Və zirvədən ağrı dolu yükləri Xankəndinə − düşmənin üstünə boşaltdı. “Burdan da özünüz daşıyın gedəcəyiniz yerə”, – deyərək.

Zemfira xanım qəhrəmanlarının ağrısına Şuşa sevinci qatdı. ”Şuşanı aldıq, Şuşa azaddır” hekayəsi ilə. Zəfər Gününün sevinci ilə bu insanların çöhrəsi dəyişdi. Güzgü dağlarda, Cıdır düzündə bu sevinc çox gözəl görünürdü. Gözlər az qalırdı yerindən çıxsın. Bu, yurd, vətən sevgisinin təcəssümü idi. Ağrısı bir olan insanların sevinci də bir olur.

Sevincə, gülüşə yadırğamış insanların üzlərindəki parıltı rəssam firçasının dəqiqliyi ilə vərəqlərə hopdu.

Şuşada bütün müqəddəs yerlərdə olduğu kimi, hamı doğmalaşır. Hətta ilk dəfə gördüyün insanla qucaqlaşmaq istəyirsən. Bu, sevincin səndən asılı olmayan hissidir, əsl coşğudur.

Burda hamı bir olsa da, hər kəs ani də olsa, küncə çəkilib Şuşayla, özüylə danışmağa çalışır. Bəlkə də danışacaqlar, söyləniləcəklər eynidir. Amma hərə özünə bir hücrə qurur, dua edirmiş kimi. Sonra da hərə bir cür içi boyu hayqırmaq istəyir. İnsanların yox, dağın, dərənin, çayın, meşənin eşdəcəyı qədər. Necə ki, Gülər haray çəkirdi: “Sevgimi neylədin, Daşaltı dərəsi?”

Çəkdiyimiz iztirabı, işgəncələri əsərlərində əks etdirən sevimli yazıçımız, müharibə ağrılarını tarixləşdirən, tarixi yaşadan dəyərli Zemfira xanım Məhərrəmliyə yaddaşlara hopan bu əsərlərə görə “Çox sağ olun!” deməklə yanaşı, uğurlar diləmək düşür bizə.

Ağrını yazmağın əzabını onu yazanlar bilir.

Rəfail Tağızadə

şair-publisist

 

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova