- Köşə

Ağsaqqallığın intiharı

(Etnoqrafik düşüncələr)

Hələ eldə ağsaqqallıq təsisatı qalırdı. Hər ailə və ya hər nəsil, tayfa öz ağsaqqalının olmasına çalışır, öz içərisindən öz ağsaqqalını çıxarmağa, yetişdirməyə cəhd edirdi. Düzdür kəndin rəsmi ağsaqqallar şurası-filanı yox idi. Amma kəndi təşkil edən nəsillərin hər birinin öz ağsaqqalına malikliyi əslində qeyri-rəsmi də olsa belə bir təsisatın varlığından danışmağa imkan verir.

İstənilən bir məsələnin – xeyir və ya şər –.həlli zamanı son qərar ağsaqqala məxsus olurdu. Ailə üzvlərinin fikir və təkliflərini dinləyən ağsaqqal yekun qərar çıxarır və ailə də bu qərara uyğun hərəkət edirdi. Ağsaqqalın çıxardığı qərardan imtina etmək və ya onu icra etməyə qarşı getmək mümkün deyildi. Nədən ki, hamının onun ağızından çıxan sözə inandığı, onun ağızına baxdığı zamanlar idi. Bəy dediyin nə, bəyənmədiyin nə? Ağsaqqalın çıxardığı qərar müzakirə edilə bilməzdi. Ailənin başbiləni, ağılbəndi sayılan ağsaqqal da müzakirəyə çıxarılacaq qərar verməməyə çalışır, duruma görə hərəkət edirdi.

Ağsaqqal korrekt adam idi. Oturuşuna, duruşuna fikir verən, ağızından çıxan sözə yiyəlik edənlər ağsaqqal ola bilirdi. Öz nəfsinə özü ölüm hökmü çıxaranların, tamah dişini dişəyənlərin ağsaqqallığı təbii və uzun ömürlü olurdu. O, elə söz deməli idi ki, sözü yerə düşməsin. Onun sözünün yerə düşməsi nüfuzunun itirilməsi anlamına gələ bilər, ağsaqqallığının zədələnməsi kimi anlaşılardı. O üzdən də ağsaqqal hər şeyi yüz ölçüb, bir biçməyə məcbur idi. Sözün gücünə inanılırdı, söz bir çox dəyərlərin mizan-tərəzisi, ölçü vahidi sayılırdı. Hər kişinin öz sözünün arxasında durduğu, sözünün arxasından qaçanların kişi sayılmadığı zaman idi.

Ağsaqqal olmaq üçün şəxsi maraqlarını bir kənara qoymaq gərəkirdi. Hətta lazım gələndə  bu statusu daşıyanlar öz şəxsi həyatlarından imtina etməli idilər. Yağları ocaqda daşsa da, ümumi işin həlli birinci sayılırdı.

Ağsaqqallıq yaşla bağlı bir məsələ deyildi. Onu özünün başbiləni hesab edən nəslin bütün üzvləri, böyüklü-kiçikli onun dediyi ilə oturub durmağa borclu idilər. Ağsaqqal olmaq üçün saqqallı olmağa, saqqalın ağ olmasına da gərək yox idi. Ağlın itiliyi, düzgün qərar qəbul etmək bacarığı, haqqı nahaqqa qurban verməmək vərdişi ağsaqqal üçün yetərli sayılırdı. Əski dönəmlərdə sözün keçərliliyi, nəslin digərlərindən üstünlüyü saqqalın uzunluğu və ağlığı ilə, tayfadakı ağ saqqallı adamların çoxluğu ilə ölçülürdüsə, artıq bunlara gərək qalmamış, zaman ağsaqqallığı saqqalsız da yola verməyi öyrətmişdi. “Saqqalım yoxdur, sözüm ötmür” düşüncəsi artıq tarixə çevrilmişdi.

Ağsaqqal ailənin, soyun böyüyü idi. Oğul evləndirən, qız köçürən ata-ana ilk öncə ağsaqqalla məsləhətləşir, ondan sonra xeyir işə başlayırdı. Bəzən nəslin ərgən oğuluna kimin ailəsindən qız alınması və ya elçiləri ayaq açan qızın hansı ailəyə verilməsi məsələsi də ağsaqqalın qərarı ilə müəyyən edilirdi.

Ağsaqqal ailənin, soyun, elə elin də canlı tarixi idi. Ağsaqqal sinədəftər olmalı idi. Ailənin keçib gəldiyi tarixi anlatmalı, özünü əvəz edəcək gələcək varisinə bildiklərini miras buraxmalı, ən azından ailənin, soyun yeddi arxadan dönənlərini tanıtmalı idi. Sıravi ailə, soy nümayəndələri də keçilmiş şərəfli yolu bilməli, yeri gələndə öz keçmişinə baş vurmalı,  babalarının tarixindən müəyyən örnəkləri sözünün-gapının gözünə qatmalı olurdular. Düzdür, bəzən bu örnəklərin şişirdilməsinə də yol verilirdi, özünün tülküdən qorxan babasını qəhraman kimi təqdim edənlər, acından günorta qalxan dədəsini bəy-xan kimi tanıdanlar, şərəfsizini şərəfli kimi gözə soxanlar da var idi.

Bəzən ağsaqqal və qarasaqqal sözləri birlikdə işlədilir. Uzun bir mürəkkəb söz yaranır. Bu iki sözün birləşməsi ailənin, soyun və hətta elin kişi cinsindən olanlarının cəmini özündə ehtiva edirdi. Məsələn, “ağsaqqalımız-qarasaqqalımız var” deyimində olduğu kimi. Ağbirçək-qarabirçək qoşa sözümüz də bu mənada bütün qadınları ifadə etmək üçün işə yarayır. Ağsaqqal-qarasaqqal deyimi ailənin, nəslin və ya elin sinonimi olur.

Elatın tarixin dərinliklərindən özüylə yaşatdığı ağsaqqallığın ömrü də bir yerə qədərmiş. Hər uzun yolun bir sonu olduğu kimi, ağsaqqallığın da sonu gəldi. Ağsaqqal sözü ilə oturub-durmaq adəti də xatirəyə çevrildi. Bunun necə baş verdiyinə də növbəti abzaslarda aydınlıq gətirək.

Ailənin, soyun, elin ağıllsı da var idi, dəlisi də. Elə bu gün də elədir. Bunun dalaşanı da olurdu, qız qaçıranı da, oğrusu-əyrisi də bir artıq. Əvvəllər bütün baş verənlər elin öz içərisində həll olunur, ört-basdır edilirdi. Baş verən hadisənin dərəcəsindən asılı olmayaraq,  haqq-hesab elin daxili məsələsi kimi, elin öz içərisində həllini tapırdı. Əlbəttə ki, bütün bunlar elin ağsaqqallarının birbaşa təşkilatçılığı və iştirakı ilə baş tuturdu. Çox vaxt dövlətin qanunlarının tətbiqinə də gərək qalmırdı. Nədən ki, elin sözüylə, davranışıyla dürüstlük simvolu olan, haqqı nahaqqın ayağına verməyən, qan yatıran ağsaqqalları var idi.

Elin özü kimi ağsaqqallarının da saf, sözüylə əməli üst-üstə düşən, bir az sadəlövh-tünəkə vaxtları idi. Hökumətin də elin daxili problemlərini bir az başlı-başına buraxdğı görüntüsü olsa da, eli idarə edən, elə hökumətlə hökumətlik etməyin mümkünsüzlüyünü aşılayan ağsaqqalların varlığından hökumətin də xəbəri var idi. Elin yaddaşı 30-cu illərin dəhşətlərini, müharibənin qanlı-qadalı qorxularını yaşadırdı. Elə deyəsən, ağsaqqallığın belinin qırılması, incəsinin üzülməsi oradan başlamışdı.

Buna rəğmən qaşığın çömçədən böyük olmasına hələ varıydı. Hələ zamanın əqrəbləri elin hər şeyini – sevincini, kədərini birgə yaşadığı, birgə bölüşdüyü vaxtı göstərirdi, el az-çox xoşbəxt saydığı günlərini yaşayırdı. Elin sirri elin içində tutulur, el öz oğrusunu, yolunu azanını öz içərisində əridib süzür, öz içərisində də dəfn edirdi.

Neçə ki, süfrələri şərab bəzəmirdi, ağsaqqallar  əllərini “ceyran südü”nə, istəsələr belə uzatmırdılar ağsaqqallığa ölüm yox idi.

Neçə ki, ağsaqqallar harama əl vurmağı ağıllarından keçirmirdilər, ağsaqqallıq varlığını sürdürürdü.

Neçə ki, ağsaqqallar müdrikliklərini işbazlığa, diribaşlığa dəyişməmişdilər, ağsaqqallıq işləyirdi.

Neçə ki, ağsaqqallar qalustukdan uzaq idilər, ağsaqqallıq da var idi.

Elə ki, ağsaqqalar iştah üçün “yüz-yüz” vurmağa başladı, ağsaqqallıq sağalmaz dərdə düşdü.

Elə ki, ağsaqqallar hökmətlə el arasında ara adamına çevrildilər, öz ailəsinin, soyunun, elinin hesabına harınladılar, ağsaqqallıq can verməyə başladı.

Sosial bərabərliyi az-çox qorumaq təsisatı kimi düşünülmüş ağsaqqallıq bərabərsizliyin nişanına çevrilərək, özü öz qəbrini qazaraq, özü öz vayına oturdu.

Elə ki, bütün bunlar baş verdi, ağsaqqallıq da bir sosial institut kimi tarixə qovuşdu, son ilişiyi də vuruldu. Mistikasını, sehrini itirən hər şey kimi ağsaqqallıq da xatirələrə qarışaraq, öz tarixi funksiyasını yekunlaşdırdı. Ağsaqqallıq bununla da öz intiharını, suisidini gerçəkləşdirdi.

S.A. İbtidai icma quruluşunun dağılması da aşağı-yuxarı ağsaqqallığın mənəvi dəyərləri itirməsinin nəticəsi olaraq ortaya çıxmışdı. Bu da xatırlama olsun.

Afiq MUXTAROĞLU, Niderland Krallığı

26 may 2021-ci il