Pərvanə O-nurlu
FADMM. Çoxları, yəqin ki, bu adın açmasını bilmir. Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi 1 il öncə – 2020-ci il mart ayının 11-də hazırda Mərkəzin sədri olan Vasif Sadıqlının təşəbbüsü və rəhbərliyi ilə yarandı. Məqsəd isə ana dilimizin qorunması idi.
Paytaxtımızın prospekt və küçələrində əksər obyektlərin adlarına baxanda əcnəbi dillərin ana dilimizi üstələdiyini, ana dilimizi təhlükəyə atdığını görməmək “gözlü ikən torpağına kor baxmaq” və danışan dili varkən lal olmaq deməkdir. Bu təhlükəni görən bir qrup ziyalı 1 il öncə mübarizəyə başlamağa qərar verdi. Edilən kinayələrə baxmayaraq, ana dilimizin qorunması uğrunda mübarizəyə çox sayda ziyalı qoşuldu, müvafiq strukturlara ünvanlanan müraciətimizə mindən artıq insan öz imzasını atdı. Doğrudur, rəqəm bu işin müqabilində böyük deyil, lakin ümidsizlik də vermir.
Hərf tanıyıb oxumağı və oxuduğumuzun mənasını anlayandan görkəmli ziyalılarımızın dil haqqında, dilin qorunması haqqında nəsihətamiz fikirləri ilə rastlaşmış və bu nəsihətləri sırğa etməyə çalışmışıq. Lakin zaman-zaman özünü göstərən bu problemlər onu deməyə əsas verir ki, bu nəsihətləri yaxşı sırğa etməmişik. Yoxsa bu mübarizəyə də gərək qalmazdı.
Hələ orta məktəbdə oxuyarkən Azərbaycan dili müəllimimiz ana dili haqqında deyilmiş bir sıra qiymətli fikirləri bizə öyrətmişdi:
“Ananın südü bədənin mayası olduğu kimi, ana dili də ruhun qidasıdır”.
“Bir millətin, xalqın varını, dövlətini əlindən alsan, o millət ölməz, yaşayar. Ancaq ana dilini əlindən alsan, həmin millət məhv olar, ondan əsər-əlamət qalmaz”.
Bunların içərisində ən çox sevdiyim isə dilimizin taleyini hər zaman düşünən və bunun üçün narahatlıq keçirən, öz əsərlərində bu problemləri müxtəlif şəkildə əks etdirən böyük dramaturqumuz Cəlil Məmmədquluzadənin AZƏRBAYCANçılıq idealının manifesti hesab olunan “Azərbaycan” məqaləsidir:
“Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cumuram, özümdən soruşuram:
– Mənim anam kimdir?
Öz-özümə də cavab verirəm:
– Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi.
– Dilim nə dildi?
– Azərbaycan dili!
– Yəni Vətənim haradır?
– Azərbaycan vilayətidir. Demək, çünki dilimin adı türk-Azərbaycan dilidir, belə məlum olur ki, Vətənim də Azərbaycan vilayətidir…”
Bunun ardıyca bizə vacib olan “özgə mətləblər” də var ki, biz onlara toxunmuruq, çünki indi mövzu və problem ana dili məsələsidir. Bu gün bu problemlə mübarizə aparmaq üçün hər birimiz istər ailədə, istərsə də cəmiyyətdə dilimizin qoruyucusu olmalıyıq, onu təbliğ etməliyik.
Bu istiqamətdə yola çıxan və mübarizəyə başlayan FADMM-in 1 yaşı bu gün tamam olur. Hər birimizə və ən əsası Ana dilimizə bu yolda uğurlar arzulayıram .
Azərbaycan – Ana – Vətən – Dil – varlığımız , mənəviyyatımız , özümüz , sözümüz.
“Azərbaycan – mənim elim,
Azərbaycan – mənim dilim,
Doğransa da, dilim dilim.
Başqa dilə çönən deyil…”