- Dil, Ədəbiyyat

Ana dili

Cəlil MƏMMƏDQULUZADƏ 

Hərdən mənim xəyalıma bir belə şey gəlir:
Mən universitet, yəni darülfunundan təzə qurtarıb vətənimizə gələn günü şəhərimizin qazısı Axund Molla Səbzəli gəldi bizim evə mənim görüşümə. Evimizdə heç kəs yox idi, anamdan savayı. Bu övrət də çıxdı o biri otağa və qazı ilə biz başladıq söhbəti. Deməyinən yazıq anam da qapının dalında durub qulaq asırdı. Qazı içəri girən kimi mən yeridim və dedim: “Salam məleyk”. Cənab qazı mənə cavab verdi: “Ay əssalamü əleyküm, ay xudahafiz, əhvali-şərif, ənasiri-lətif, maşaallah, maşaallah, Əxəvizadə, neçə müddətdi müntəziri-vücud i-zicudunuz və müştaqi-didarın ız idim, inşaallah zati-alinizin məzacı-mübarəkl əri salimdir”.
Mən bir şey başa düşməyib dedim: “Da”. Cənab qazı bir qədər baxdı mənim üzümə və genə başladı: “Əxəvizadə, təhsili-fünunuz u əncama yetiribsiniz, ya dübarə təkmili-nöqsan üçün darülelmə əvdət etməlisiniz?”
Mən genə bir şey başa düşməyib dedim ki, “Cənab axund, yaxşı panimat eləmirəm ki, nə ərz edirsiniz”.
Axund soruşdu: “Necə?”
Mən dedim: “Çto?”
Söhbətimiz elə bu cür qurtardı və axund başmaqlarını geyib çıxdı getdi. Anam girdi içəri və mənə dedi: “Balam, mollaynan nə dil danışırdınız ki, mən heç başa düşmədim”. Dedim: “Ana, mollaynan biz ana dili danışırdıq”.
Anam başını saldı aşağı və bir qədər fikrə gedib dedi: “Yazıq ana dili!”
Hərdəmxəyal
“Molla Nəsrəddin”, 27 yanvar, 1907, N 4.