- Dil

Ana dilimin pərvanələri

… Deyirlər, hər işdə birinci özündən başla, bu səbəbdən ana dilimdən danışmaq istəyimdə də özümdən başladım. Ana dilimi çox sevirəm. Bu sevgi nəslimdən, nəcabətimdən, atamdan, anamdan mənə miras qalıb. Onların vəsiyyəti, necə deyərlər, “sırğa kimi qulaqlarımdan asılıb” və bu sevgini gələcək nəsllərə ötürməyi özümə borc bilmişəm. Övladlarım başqa mühitdə böyüyüb başa çatsalar da, xarici dillərdə təhsil alsalar da, doğma ana dillərini sevmiş,  onu dərindən öyrənmişlər.  Buna görə özümə minnətdaram, övladlarım isə mənə… Əslində ana dilini bilmək, bu dildə yazıb oxumaq, onun inkişaf mərhələlərinə diqqət etmək, doğma dilə sahib çıxmaq, hər bir vətəndaşın borcu və ümdə vəzifəsidir. Çünki dediyim kimi, dilimiz laylalarımızın dilidir, nənələrin, babaların, anaların dilidir, ümumilikdə xalqımızın dilidir.

Görkəmli türkoloq alim, dünyaşöhrətli doktor Cavad Heyət “Dil nədir? Ana dili nədir?” özünün  verdiyi  suala cavabında “Dil mədəniyyətin aynası, onun təməl rüknüdür”. İnsanın  düşüncə və duyğularını, xəyal və istəklərini bütün incəlikləri ilə açıqlayan və yaşamasına imkan yaradan, cəmiyyəti millət halına gətirən  bağların ən güclüsü dildir” deyirdi. Çünki doğma vətənində doğma dilinə həsrət qalanlar bunu daha yaxşı dərk edir və dəyər verir. Vətən, ana, dil anlayışları bir-birilə üzvi surətdə bağlı, insanın həyatını təşkil edən ən əsas amildir. Vətənimiz doğma Qarabağı itirdik, 30 ilə yaxın əsarətdə qalan torpağımızı qüdrətli xalqın güclü iradəsi ilə yenidən əldə edə bildik. Fəqət, dilini  itirən xalq üçün onu yenidən bərpa etmək mümkün deyil, dili olmayan xalq da mövcud ola bilməz, deyiblər. Azərbaycan xalqının dili işləndikcə zaman-zaman formalaşmış, şairlərin, yazıçıların dilindən süzülərək yazıya hopmuş, ədəbiyyatımızda cilalanmış, alimlərin tədqiqatlarında dil qanunauyğunluqlarına əsaslanaraq ədəbi dilimiz yaranmışdır. Əslində, ədəbi dilimizin tarixi kökləri çox qədimdir. Xalqımızın mənəvi aləminin təzahürü olan ”Dədə Qorqud” dastanlarından başlayan ədəbi dilimizin  ən azı 1300 illlik tarixi vardır. XIX əsrin əvvəllərində dilimiz bütün Qafqazda beynəlmiləl dil nüfuzuna malik olmuşdur. Sovet dönəmində rus dilinin güclü təzyiqinə rəğmən, ayrı-ayrı fərdlərin münasibətini nəzərə almasaq, deyə bilərik ki, ədəbi dilimizin sürətli inkişafı geniş vüsət almış, dövlətin adı ilə adlanan Azərbaycan dili formalaşaraq ədəbi dil qaydalarına əsaslanmış həm güclü dövlət dili, həm də Azərbaycan xalqının işlək dili kimi qorunmuşdur.

Dil əsasən iki istiqamətdə – daxili və xarici amillərin təsiri ilə təşəkkül tapır. Daxili amil dedikdə, dilin qrammatik qanunları əsasında  xalq arasında inkişafı, xarici amil isə başqa dillərin təsir gücü ilə inkişafı nəzərdə tutulur. Xarici təsir güclü olduqda dilin saflığını qorumaq mümkün olmur, dilə daxil olan alınma sözlər doğmalaşır və beləliklə,  ədəbi dil qaydaları tamamilə pozulur. Doğma dilimizin  saflığını qoruyan, onu yad təsirlərdən uzaqlaşdıran, ona qayğı göstərən, xələl dəyəndə narahat olan, ilk növbədə, vətənpərvər dövlət başçıları, ziyalılar və ədəbi nümunələr yaradan söz ustadlarıdır. Tarixə nəzər yetirdikdə, dilimizin saflığı uğrunda zaman-zaman mübarizə aparan mütəfəkkirlərimizi xatırlamadan keçmək olmur. Ədəbi dili, onun dil qanunauğunluqlarını, qrammatikasını yazıçı, şair yaratdığı əsərin üzərində qurur və bu əsərlərin dili gənc nəslə ana dilini öyrədir. Ana dilinin qorunması uğrunda mübarizə aparan ziyalılarımız istər bədii, istərsə də elmi əsərlərdə bunu əks etdirmişlər. Ana dilimizin dəyərini unudulmaz Mirzə Cəlil vaxtı ilə belə ifadə etmişdir: “Ananın südü, bədənin mayası olduğu kimi, ananın dili də ruhun qidasıdır. Hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini də sevir”. Sevimli şairimiz Bəxtiyar Vahabzadə “Ana dili” şeiri ilə gələcək nəsillərə dilin qorunması ilə bağlı nəsihətamiz mesajını göndərir: “Mənim mətinliyimin füsunkarlığı, danışan kamalı, ağlıdır, dilim. Millətin varlığı, yurdun varlığı, sənin varlığına bağlıdır, dilim”. Bu  məzmunlu şeirə  vətənpərvər şairimiz əbəs yerə müraciət etmir. Ədəbi dilimizin tarixinə dərindən bələd olan B.Vahabzadə tarixi mərhələlərdən keçən ədəbi dil nümunələrimizi, yad dillərin təsir gücü ilə saflığından uzaqlaşan ana dilimizi bundan sonra əcnəbi dillərin təsirindən  qorunmasını, dilin saflığı uğrunda mübarizə aparmağı gəncliyə tövsiyə edir.

Ədəbi dilimizin qorunması və saflığı istiqamətində yazı və çıxışlarında ciddi işləri ilə diqqətimizi çəkən mərhum akademik Ağamusa Axundov  “Dil və Dövlət dili”, “Azərbaycan dili: problemlər, vəzifələr”, “Ana dili: sosiolinqvistik düşüncələr” adlı məqalələrində, ədəbi dilin böyük inkişaf dövrü keçirdiyini, onun müvəffəqiyyət və qələbəsini göstərməklə yanaşı, dövlət dili, eləcə də ədəbi dilimizin xarici fəaliyyət sferasında nöqsanlı, problemli olmasını da təəssüflə qeyd etmiş, dövlət  dilimizin, hətta  ədəbi dilimizin xarici dillərin təzyiqinə məruz qalması, şəhərlərin elan, lövhə və reklamlarında, istehlak mallarının etiketlərində, radio və televiziya dilində dilimizin mövqeyinin müəyyən mənada məhdudlaşdırılması barədə şikayətlərin olması məsələlərinə də toxunmuşdur. Akademik Ağamusa Axundov illər öncə küçə və prospektlərdə əcnəbi dildə obyekt – mağaza, restoran və kafe adlarının, yeni yaranan şirkət və müəsissə adlarının xarici adlarla verilməsinin, dövlət qəzetlərində əksəriyyəti  ingilis sözlərindən ibarət  olan cümlələrin işlənməsinin yolverilməz olduğunu yazmış və dövlət dil pozuntularına qəti etiraz səsini ucaltmışdır.

Mərhum türkoloq, akademik Tofiq Hacıyev dəfələrlə ədəbi dilimizin təhrif olunmuş məqamlarını müsahibələrində xatırladırdı. Tofiq müəllim  əcnəbi dillərə məxsus terminlərin dilimizdə olan doğma sözlərlə əvəz olunması, televiziya və radio verilişlərində ədəbi dil normalarına xələl gətirən ifadələrin işlənməsi, ticarət obyektlərinin, hotellərin xarici adlarla adlandırılması və onların dilimizə uyğun şəkildə  dəyişdirilməsi barədəki çıxışları ilə  bir növ həyəcan təbili çalırdı. “Bilmirəm, nədəndir, bizim xalqımızda əcnəbiçiliyə böyük həvəs, meyl? Bunun qarşısını necə alaq? Dilimizin saflığı uğrunda necə mübarizə aparaq? suallarını verən alim, “Bu, təkcə  dövlət qurumlarının işi deyil, bu işə həm də xalq  qoşulmalıdır” deyirdi. 2018-ci ildə   Dövlət dilinin saflığının qorunması, təkmilləşdirilməsi və həyata keçirilməsi ilə bağlı fərmana imza atıldı. AMEA-nın Dilçilik İnstitutunda “proqram” tərtib olundu, “Monitorinq şöbəsi” yaradıldı. Fəqət, bunların mənası oldumu? Əsla yox, qərarlar hələ də kağız üzərində qalır, bu sahə ilə məşğul olan strukturlar işlərini lazımi qədər yerinə yetirə bilmirlər. Bu qərarlar şübhəsiz ki, nəzəri baxımdan dəyərlidir, lakin artıq praktik işə keçməyin zamanı çoxdan gəlmişdir. Ana dilimizə olan  münasibəti görən bir neçə cəfakeş ziyalılarımız alternativ yollar axtarır, könüllülər qrupu ilə, yeni ictimai qurum altında Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi yaratmağa təşəbbüs göstərirlər. 2020-ci ilin mart ayından etibarən FADMM ictimai qurumunun könüllü ziyalılar qrupu həqiqət bayrağına bürünərək heç bir təmənna güdmədən, ana dilimizin saflığı uğrunda sözün əsl mənasında mübarizəyə qalxırlar. Vətənpərvər  ziyalımız, mübariz xarakterli Vasif Sadiqlinin təşəbbüsü, şəxsi təşkilatçılığı və gərgin əməyi hesabına, soyuq, isti bilmədən  Bakının küçə və prospektlərində monitorinqlər  keçirilir, əcnəbi dildən istifadə edən bir sıra obyekt və müəsissələr, reklam və idarə adları nəzarətə götürülür və ədəbi dil pozuntularına qarşı  mühüm addımlar atılır. Bu addımlar bir çağırış, əks-səda idi ki, tez bir zamanda FADMM-nin çırağına elmimizin pərvanələri məmnunluqla toplanır.

Bu istiqamətdə FADMM-nin icraçı direktoru Gülyaz Əliyevanın təqdirəlayiq işləri xüsusi qeyd olunmalıdır. Onun bir il ərzində gördüyü işləri sadalamaqla bitməz. Bütün bu işlər ictimai əsaslarla görülür. Dərin ədəbiyyat bilicisi, məsuliyyətli müəllim, gözəl qələmli jurnalist Gülyaz xanım öz məntiqli sualları ilə hörmətli ziyalarımız Nəriman  Qasımoğlu, Səadət Şıxıyeva, İradə Musayeva, Şəhla Əhmədova, Sabir Rüstəmxanlı, Fəxrəddin Veysəlli, Sima Cəfərova, Pərvanə  Bayramqızı, Mahirə Hüseynova, Seyran Səxavət, Buludxan Xəlilov kimi ana dili cəfakeşlərindən, millətpərvər alimlərimizdən  müsahibələr alır və yüksək səviyyədə təşkil edilmiş müsahibə mətnləri oxucu kütləsinin nəzərinə çatdırılır. Bu faydalı çıxışlarda hədəf bəlli, mövqe dönməz, məqsəd, məram eynidir. Gücümüz birlikdəymiş.

FADMM-nin 1 il ərzində gördüyü işlər dolanbaclı yollardan keçsə də, səmərəli nəticələri ilə ürəklərə su səpir. Hətta 44 günlük  müharibə dövründə də FADMM, eləcə də Din və Demokratiya Mərkəzi İctimai Biriyinin sədri Vasif Sadiqli ilə bərabər  fədakar işçi qrupu fasilə vermədən azad olunmuş Qarabağ torpaqlarımızda erməni vandalizminin qurbanı olan şəhər və kəndlərimiz, o ərazilərdə dağıdılan tarixi abidələr, məsçidlər, mədəniyyət ocaqları siyahıya alınaraq gərgin, sürətli və səmərəli işləri ilə yaddaşlara hopur. FADMM-nin 1 il müddətində əzmkarlıqla gördüyü işlər illərlə yazılanları, deyilənləri üstələyir və aidiyyəti qurumları, Mill Məclisi canlandırır. Artıq etiraz səsləri dinlənilir və qaldırılan məsələyə cavab reaksiyaları verilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Dövlət Dil Komissiyası yanında Monitorinq mərkəzinin yaradılması barədə sərəncama imza atır. Budur VƏTƏNPƏRVƏRLİK, budur ANA DİLİNƏ SEVGİ, budur EL GÜCÜ… Elə buradaca Vaqif Kəhrizlinin misraları yada düşür: “Həm Arazam, həm də Kürəm, axıb Xəzərə tökülləm, Dilim ölsə, mən də ölləm, Ana dilim ölən deyil, özgə dilə dönən deyil”. FADMM-nin 1 yaşı tamam olur. Bu 1 ildə gördüyü əvəzolunmaz səmərəli işləri, uğurlu nəticələri düşündükcə, həm heyrətlənir, həm də qürurlanıram. FADMM-nə uğurları ilə bərabər uzun ömürlü olmağını arzulayır və onu yaşadanlara daim var olun, deyirəm! “Dastan”ımızın növbəti bəndi ilə FADMM-ə alqışla bitirirəm.

FADMM-im, görüm üzün ağ olsun,
Hər tərəfin doğru olsun, düz olsun,
Biz gedərik, sənin başın sağ olsun,
Bu dünyada əyri də var, düz də var,
Əyriləri iti kəsən düz də var!

FADMM,  yaşın mübarəkdir!!!

Aybəniz RƏHİMOVA

dosent, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova