- Dil

“Füsunkar Ana Dilimizin Müdafiə və Mühafizəsi” təşkilatı

Dil, eləcə də milli hesab olunan digər maddi, mənəvi dəyərlər haqqında çox fikirlər, aforizmlər deyilib. Ancaq yerli-yersiz yad dilə, yad təsirlərə meyl etmək məsələsi ortaya çıxanda qeyri-ixtiyari olaraq yapon yazıçısı R. Akutaqavanın əsərlərindən birində söylənən bu fikri xatırlayıram: “Siz avropalı kimi geyinib özünüzü avropalı hiss edirsiniz. Lakin bir avropalı üçün siz, sadəcə, öz dəyərlərinə tüpürmüş yaponsunuz”. Məncə, hər şey aydındır. Bəli, öz milli dəyərlərini görməzdən gəlmək ən azı özünə qarşı hörmətsizlikdir. Bir ölkədə dövlət dilinin sıxışdırılması, ədəbi dil normalarının pozulması, həm də bunun başqaları tərəfindən deyil, həmin ölkənin vətəndaşı sayılan fərdlər tərəfindən edilməsi anlaşılmazdır. Bu hallara yol verib şərait yaradanlar milli dəyər və dövlət simvolu sayılan ədəbi dili ikinci dərəcəli hesab etməyin, heç bir əsas və zərurət olmadan əcnəbi dilləri “yuxarı başa” çıxarmağın, ədəbi dil normalarına məhəl qoymamağın bizə, yəni, xalqımıza və dövlətimizə başucalığı gətirmədiyini anlamırlarmı?! Xoşbəxtlikdən, ədəbi dilimizlə bağlı mövcud gedişatın yaxşı sonluqla nəticələnməyəcəyini anlayan, vəziyyətin ciddiliyini dərk edib dövlət dilimizə qarşı yönələn bu hücumu dəf etməyə hazır olan, ziyalı fədailər var.

FADMM – “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”… Bu abreviaturanı rahatlıqla Fədakar Azərbaycanlıların Dilə Mehrü Məhəbbəti, Füsunkar Ana Dilimizin Müdafiə və  Mühafizəsi kimi də izah etmək olar. Belə ki, bu mərkəz qısa müddətdə, yəni bir il ərzində böyük məhəbbətlə, fədakarlıqla, əzm və qətiyyətlə çalışaraq ciddi və genişmiqyaslı işlər görmüşdür. FADMM Azərbaycan ədəbi dilinin ləyaqətli daşıyıcıları, təmmənnasız təəssübkeşləri sayəsində yaradılmışdır. Məhz bu səbəbdəndir ki, mərkəz öz ətrafına dərin biliyi, zəngin mütaliəsi, geniş dünyagörüşü, ən əsası isə, böyük və sarsılmaz dil sevgisi olan vətənpərvər ziyalıları toplayıb. Mərkəzin yaranma zərurəti də öncədən bir-birini tanımayan, lakin ortaq bir qayəni rəhbər tutaraq rəsmi dövlət dilimizin təmizliyinin, toxunulmazlığının keşiyində dayanan, bütün qəlbi, ruhu, zehni ilə bu dilə gələn yad təsirləri və ögey münasibətləri dəf etməyə çalışan dil fədailərinin uzunmüddətli müşahidə və təhlillərindən irəli gəlmişdi.

Onları vahid bir amal birləşdirirdi – Azərbaycan ədəbi dilini işğaldan qorumaq! Ölkəmizi, ən başlıcası isə Bakımızı əcnəbi dillərin yəğmalayıcı hücumlarından qurtarmaq! Bu həyatyüklü qayənin təşəbbüskarı öz obyektivliyi, əzmkarlığı, dil və ədəbiyyat sahəsindəki dərin bilgisi ilə seçilən, olduqca maraqlı paylaşımları ilə ziyalılarımızı dilimizə və ədəbiyyatımıza hər dəfə yeni, fərqli aspektdən yanaşmağa səsləyən, araşdırıcı, təhlil edici, öyrədici fəaliyyəti ilə filologiyada diqqətdən yayınmış bir çox məqamları önə çıxaran Vasif Sadıqlı, dil və ədəbiyyatımızı sonsuz məhəbbətlə, bir Vətən təəssübkeşliyi ilə sevərək gənc nəslə tədris edən, Azərbaycan dilinin qayda və qanunlarını elmin beşiyindəcə, “çeşməsindən” Vətən övladlarının zehninə yeridən, ruhuna hopduran, səbrli, təmkinli izahları, əsl ziyalı xanıma məxsus mövqeyi, maarifləndirici fikir və şərhləri, tədqiqatçı-jurnalist kimi etdiyi araşdırmaları, qələmə aldığı məlumatlandırıcı yazıları ilə rəğbət qazanmış dəyərli Gülyaz müəllimə, müasir Azərbaycan şərqşünaslığının sütunlarından saya biləcəyimiz, yurdsevər, millətpərvər alim, ədəbi dilimizlə bağlı qiymətli fikirlərindən, məntiqi qənaətlərindən faydalandığımız, dili qorumağın ən gözəl örnəyini öz fəaliyyəti ilə şəxsi timsalında nümayiş etdirən Nəriman Qasımoğlu, orta təhsilini rus dilində almasına baxmayaraq ədəbi dilimizi layiqincə sevən, ana dilində düşünən, yazıb-yaradan beş illik tələbə yoldaşım, savadına, alimliyinə hörmət etdiyim, “qadın filosof yoxdur” deyimini çoxşaxəli elmi fəaliyyəti ilə alt-üst edən Könül Bünyadzadə və neçə-neçə aydın insanlar oldular.

Mərkəzin ətrafına bir millət olaraq mövcudluğumuzun göstəricisi olan ana dilimizi qiymətləndirən, ədəbi dilimizə qayğı ilə yanaşan əsl ziyalıları topladılar. Birlikdə ədəbi dil normalarımızın müdafiəsi üçün həyəcan təbili çaldılar. İctimai yerlərdə göz görə-görə dövlət dilimizin təhrifinə, radio və televiziyada, internet səhifələrində, xəbər saytlarında ədəbi dil normalarına riayət olunmamasına, reklam səciyyəli lövhələrdə, elan başlıqlarında yad dillərdə olan yazıların üstünlük təşkil etməsinə, dil qaydalarının görməzdən gəlinməsinə edilən bu etiraz dalğası müvafiq instansiyalara rəsmi müraciətlərlə müşayiət olundu. BŞİH-dən, Milli Məclisdən gələn cavab reaksiyalar, aidiyyəti idarələrin qaldırılan məsələni diqqət mərkəzində saxlaması, dövlət başçımızın xalqımızın varlığının, dövlətimizin simvolu olan dilin hazırki işlənmə vəziyyəti ilə ciddi şəkildə maraqlanması, məsələnin tam olaraq nəzarət altına götürüldüyündən xəbər verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması haqqında sərəncam imzaladı. Artıq dövlət dilinin elə dövlət səviyyəsindəcə arzuolunmaz təsirlərdən, sıxışdırmalardan, təhriflərdən qorunmasını təmin edəcək, dilimizin mükəmməl və səlis şəkildə işləkliyinə nəzarəti ələ alacaq bir qurumun mövcudluğu böyük ümidlər doğurur. Doğan ümidlərin doğrulması (həm də təxirə salınmadan, tezliklə) diləyi ilə bütün bu işlərdə öncülük edən FADMM-ə isə öz haqq işinə inamla davam etməyi, hər zaman sərgiləmiş olduğu təəssübkeş, ayıq-sayıq və həssas mövqeyini qoruyub saxlamağı, gördüyü müqəddəs və faydalı işlərdə daha çox nailiyyətlərə çatmağı arzulayıram.

Çoxillik təcrübəsi olan dil-ədəbiyyat müəllimlərinin, obyektiv mövqeyi, iti qələmi, öz sahəsində məhsuldar fəaliyyəti ilə cəmiyyətimizdə böyük nüfuz qazanmış şair, alim və jurnalistlərin təmsil olunduğu böyük ziyalı ordusunun bu “cəbhə”dəki fəal iştirakı FADMM-in işinin necə bir ulu amala xidmət etdiyini göstərdi. Ana dilimizi sevən, ədəbi dilimizi hər vəchlə qorumağı lazım və vacib hesab edən bir fərd olaraq bütün bunları təqdirlə qarşılayır, 1 ildə az qala bir dövlətin işini görən FADMM-ni atdığı addımlar, qazanmış olduğu uğurlar münasibətilə təbrik edirəm. Bu qənaətdəyəm ki, dövlət dilimizə hörmət edən hər bir Azərbaycan vətəndaşı, xüsusilə də aydın insanlarımız vəzifəsindən asılı olmayaraq hər zaman, hər yerdə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun müddəlarının yerinə yetirilməsinə çalışmalı, buna riayət və nəzarət etməlidirlər. Əgər belə olarsa, qeyd edilən xoşagəlməz hallar da tezliklə aradan qalxar. FADMM-ni Dədə Qorqud alqışı ilə uğurlasaq, yəqin ki, belə deyərik: Üç otuz on yaşınız dolsun!  Haqq yandıran çırağınız yana dursun! Amin deyənlər didar görsün!

Yolun açıq olsun, “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”!

Könül HACIYEVA

Filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi