- Manşet

Aşiqəm

Molla Pənah VAQİF

Bir əndamı nəsrin, dodağı qönçə,
Bir qaməti gülbün yara aşiqəm.
Olsa yüz üzü gül, girməz eynimə,
Mən ancaq bir gülüzara aşiqəm.

Gecələr sübhədək eylərəm nalə,
Hərgiz düşməz könlüm özgə xəyalə.
Bir gərdəni mina, ağzı piyalə,
Bir ləhcəsi şirinkara aşiqəm.

Bir buxağı turunc, sinəsi meydan,
Bir sözü cəvahir, mirvari dəndan,
Bir maral baxışlı, kirpiyi peykan,
Bir qaşları zülfuqara aşiqəm.

Bir güləndə ləblərindən bal axan,
Bir bəzənib sərxoş tovus tək çıxan,
Bir niqab altından pünhani baxan,
Bir əcayib xoşgöftara aşiqəm.

Vaqifəm, bedəndən canım dağılır,
Məcnun kimi xanimanım dağllır,
Görməyəndə din-imanım dağılır,
Gecə-gündüz mən didara aşiqəm.