- Köşə

At muraddır

 

Gülyaz ƏLİYEVA

Mən at ilində doğulmuşam – çılğın at ilində. Atlara sevgim bu üzdəndir, bəlkə…. At muraddır, deyirlər. Atlara sevgim bu üzdəndir, bəlkə. Mən Qarabağda doğulmuşam. Qarabağ dünyada məşhur olan atların da vətənidir, atlara sevgim bu üzdəndir, bəlkə. Uşaq vaxtı ən çox sevdiyim nağıl qəhrəmanı “Ağ atlı oğlan”dakı Nərbala olub. O öz ağ atı ilə gəlib xalqı zalım padşah Döşgüvardan xilas edir. Ağ atlı oğlan xalqın nicatı kimi hopub yaddaşıma. Atlara qarşı sevgim bu üzdəndir, bəlkə də … Uşaq vaxtı, nağıl kimi yadıma gəlir, qonşumuzun oğlunun atı var idi. O vaxtlar Novruzqabağı Şuşada – Cıdlr düzündə keçirilən cıdırda onun atı bütün atları keçərək 1-ci yerə çıxmışdı. O vaxt biz çox sevinmişdik!.. İgidlər öz atları ilə tanınıb, sayılıb-seçilib vaxtilə, dünyanın düz vaxtlarında.
At igidin qardaşıdır deyib, müdrik atalarımız. Oğuz igidləri öz atları ilə tanınırdı. Boz at Bamsı Beyrəyin, Al ayğır Bəkilin, Qonur at Qazan xanın, Göy bədəsöyün at Qaragünənin, Ağ bədəsöyün Şirşəmsəddinin döyüş yoldaşı, dar gündə qardaşı idi… Koroğlu qəhrəmanlığının dillərə dastan olmasında Qıratın da böyük rolu vardı. Bədöy atlar igidlərin döyüş yoldaşı, can sirdaşı, fikrini gözlərindən oxuyan ağıllı və sadiq dostları olub həmişə… Yuxumlarımda tez-tez at görürəm – qonşumuzun o məşhur atını… Şahə qalxmış, möhtəşəm, qızılı rəngli bir at. Məcrasına sığmayan coşğun çay kimi kükrəyib-coşan, kişnərtisi dağı-daşı lərzəyə gətirən bir Qarabağ atı… Zəncirlənmiş at dırnağı ilə yeri eşə-eşə kişnəyir, burun dəliklərindən buxar qalxır. Buxovunu qırmaq, geniş düzənləri olan Qarabağ boyu hey çapmaq, çapmaq, Cıdır düzünə çatmaq ustəyir. Amma onu gəlib azad edən, ipini çözən yoxdur! Buxovlarını qıra bilməyən bu at bağlandığı dar yerdə o yan-bu yana vurnuxur, azad olmaq üçün can atır, özünü sağa-sola çırpır… Gözləri yol çəkir, öz yiyəsini axtarır, gəlib onu buralardan qurtarmasını, birlikdə yenə cıdıra çıxmasını çox arzulayır o at! …
At muraddır. Bir at istəyirəm,
Od rəngli Qarabağ atı.
Od rəngli qanadları olsun,
Od kimi kükrəsin-çoşsun.
Yandırsın düşmənləri.
Burnundan köpük fınxıra- fınxıra alsın məni tərkinə.
Düşüm qabağa, gedim Qarabağa!
Ardımca gəlsin Böyük bir ordu,
Xilas edək yurdu!
Bir at istəyirəm,
Qapqara bir at – Qarabağ atı…
Qaranlıqdan qorxmasın
Alsın məni tərkinə, aparsın Qarabağa!
Əzsin dırnaqlarında nankorları,
Erməniləri,
Qanadlarında aparsın məni yurduma,
Güvənərək orduma
Düşüm qabağa,
Gedim Qarabağa!
Bir at istəyirəm, apağ bir at- Qarabağ atı!
Səhər kimi qəfil gəlsin,
Aydınlatsın cahanı,
Əzsin dırnaqlarıyla Döşgüvarları,
Zalım dərvişləri, mənfur ərmənləri,
Xilas etsin yurdu,
Qalib olsun ordu!
Sevinsin Qarabağım,
Ölsün mənfur yağım,
Ötsün bülbüllər torpağımda,
Sarı bülbüllü, xarıbülbüllü Qarabağımda!
… Xəyallarım qanadlı atdır,
At – muraddır!

Heyf sənə, Qarabağım!….

Şükür, hələ ölməmişəm,
Daşıyıram ürəyimdə
Qarabağdan qara torpaq,
Yaşıl yamac,
Sərin bulaq.
Daşıyıram Xanın səsin öz içimdə,
Oxuyuram həzin-həzin
mən şikəstə –
Qarabağın şikəstəsi!
Şükür, hələ ölməmişəm, daşıyıram öz içimdə torpağımı, öz yurdumu,
öz obamı …
Təndirimi, isti-isti sarı buğda çörəyimi,
Ona görə qoruyuram ürəyimi…
qəlbi-qəlbi dağlarımı,
geniş-geniş düzlərimi
Qırxqızımı, “Ərimgəldi” təpəsini,
Qəlbi açıq nənələrin ənənəsin,
Qarabağlı qlz-gəlinin adətini ,
Ağır-ağır qarabağlı kişilərin qeyrətini,
Cıdır düzü –
At oylağı, gözəl Şuşam, Ağdamımı – Qarabağı…
Ölsəm, o da ölər tamam,
İtər tamam,
Çatar sonu Qarabağın
Kim tanıyar, kim tanıdar
onda onu?!
Şükür, hələ ölməmişəm…
Yaşadıram öz içimdə Qarabağı!…
Ürəyimdə yara bağım,
Sinə dağım
Qəlbi dağım,
Sənə qurban,
Heyf sənə,
Qarabağım!….