- Maraqlı

Avgi tövləsi

Biz “Avgi tövləsi” ifadəsini baxımsız, həddən artıq çirklənmiş bir yeri bildirmək istəyəndə işlədirik. Bu ifadə bizə yunan əsatirindən gəlib. Bir zamanlar Qədim Yunanıstanda Avgi adında Ellada çarı yaşayırdı. Atları həddən artıq sevən çarın tövləsində üç min at saxlanılırdı. Lakin otuz il ərzində tövlə təmizlənmədiyindən tavana qədər peyinlə dolmuşdu.
Xoşbəxtlikdən əfsanəvi pəhləvan Herakl (romalılar onu Herkules adlandırırlar) çar Avgiyə xidmət etmək üçün onun yanına gəlir. Çar Avgi ona heç kimin öhdəsindən gələ bilməyəcəyi işi – tövləni təmizləməyi tapşırır.
Herakl nəinki gücü, qüvvəti, hətta hamıdan ağıllı olması ilə də fərqlənirdi. O bu işin öhdəsindən insanların fikirləşdiyi kimi qol gücündən yox, ağlının gücündən istifadə edərək gəlir. Herakl əvvəlcə bənd ilə Alfeya və Peneya çaylarının qabağını kəsir, sonra suyu tövləyə doğru yönəldir. Güclü axın tövlədəki bütün çirkabı yuyub aparır və Herakl işin öhdəsindən cəmi bir günə gəlir.
Bu Heraklın 7-ci qəhrəmanlığı olur. Bu əsatirə ilk dəfə eramızdan əvvəl I əsrdə yunan tarixçisi Siciliyalı Diodoranın qeydlərində rast gəlinir.
Əfsanədən yaranan “Avgi tövləsi” deyimi hələ qədimlərdən bəri həddən artıq çirklənmiş, dağınıq, səliqəsiz bir yeri bildirmək, həmçinin bu nöqsanları aradan qaldırmaq üçün daha çox səy tələb edən işlərə nişan vermək üçün istifadə edilir.

portal.azertag.az