- Maraqlı

Ginnesin Rekordlar Kitabı

Hansı heyvan daha sürətli qaçır? Dünyanın ən soyuq yeri haradır? Bəs ən hündürə tullanan insan kimdir? Bu və başqa suallara cavab tapmaq üçün insanlar daim canlıları və təbiət hadisələrini müşahidə ediblər və bəzi göstəriciləri yaxşılaşdırmağa cəhd göstəriblər.

Bu maraqlı göstəricilərin hamısının bir yerə toplandığı kitab “Ginnesin Rekordlar Kitabı” adlanır. Bəs bu kitabı yazmaq kimin ağlına gəlib? Bunun da maraqlı bir tarixçəsi var.

1951-ci il mayın 4-də “Ginness” pivə zavodunun direktoru Hyu Biver tanışı ilə birlikdə ova çıxır. Ovda onların arasında qızılı cüllütün, yoxsa şotland tetra quşunun daha sürətlə uçduğu barədə mübahisə yaranır. Həmin vaxt bu barədə məlumat kitabının olmaması səbəbindən, kimin haqlı olduğunu müəyyənləşdirmək mümkün olmur. Bu hadisədən sonra ser Hyu belə bir məlumat kitabı tərtib etmək qərarına gəlir və bu işi Londondakı bir məlumat agentliyinin sahibi Norris və Ross Makuirter qardaşlarına tapşırır.

1954-cü ildə Hyu Biver kitabın ilk nəşri üçün “Guinness World Records Limited” şirkətini yaradır. Həmin ilin avqustunda kitabın ilkin variantı hazırlanır və onun 1000 nüsxəsı pulsuz paylanır.

Çox keçmədən 197 səhifəlik kitab populyarlıq qazanır və pulla satılmağa başlayır. Milad bayramı ərəfəsində İngiltərədə ən çox satılan kitablar siyahısında ilk sıralarda yer alır.

Uzun illər kitabın hazırlanması ilə qeyri-adi biliyə və yaddaşa sahib olan Makuirterlər məşğul olur. 1975-ci ildə Ross irlandiyalı terrorçu tərəfindən öldürülür və bundan sonra 1995-ci ilədək nəşriyyata onun qardaşı Norris rəhbərlik edir.

1995-ci ildə kitabın konsepsiyası dəyişir. Əvvəllər yalnız mətndən ibarət olan kitab şəkilli alboma çevrilir. Hazırda “Ginnessin rekordlar kitabı” dünyanın 100-dən çox ölkəsində, 24 dildə çap olunur və kitab ticarəti tarixində ən uğurlu kommersiya nəşri statusu qazanır.

2003-cü ildə Ginnesin Rekordlar Kitabı 100 milyon tirajla satılır və təsisçilərin iddiasına görə, müəlliflik hüququ ilə qorunan ən çox satılan kitab olur. Əgər siz də qeyri-adi bacarığa sahibsinizsə və bu kitabda yer almaq istəyirsinizsə www.guinnessworldrecords.com saytına müraciət edə bilərsiniz.

Gəlin indi də bu kitabda yer alan ən maraqlı faktlardan bir neçəsi ilə tanış olaq:

Dünyada doğulan ən kiçik küçüyün çəkisi cəmi 45 qram olub? O, üç aylığında çəkisi 92 qrama çatıb və bundan sonra bir daha artmayıb. İtin sahibi polşalı qadın Anna Pohl onu xüsusi qəfəsdə saxlayır ki, təsadüfən kimsə onu tapdalamasın.

68 yaşlı Cənubi Koreya vətəndaşı olan qadın Çxa Sa Sunn sürücülük vəsiqəsini yalnız 950-ci cəhddən sonra ala bilib.

Hazırda dünyada yaşayan insanlar içində ən kiçik boylusu 72 yaşlı nepallı kişi Çandra Bahadur Danqidir. Boyu cəmi 56 santimetr olan cırtdanın eyni zamanda həm də yaşına görə də rekord qazanmaq şansı var. Axı cırtdanların ömrü elə də uzun olmur.

Kren adlı öküzün buynuzlarının uzunluğu 92,25 santimetr, ağırlığı isə 45 kiloqramdan artıqdır.

Dünyada qeydə alınan ən bahalı oyuncaq “Hello Kitty” adlı kukladır? Onun qiyməti düz 167 000 dollardır.

Bu kitabda Azərbaycanla bağlı rekordlar da yer alıb.

Cəbrayıl rayonunda anadan olmuş, hazırda Belçikada yaşayan Fəxrəddin Vəliyev 2004-cü ildə “Ginnesin Rekordlar Kitabı”na düşmüş ilk azərbaycanlıdır. O, 5 dəqiqə ərzində 20 nəfərin siluetini çəkməyə nail olub.

Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini 7 yaşlı Ələsgər Rəhim oğlu Həsənzadə “Ginnesin Rekordlar Kitabı”na düşən ən azyaşlı şəxsdir. O, 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmadan 3 000 dəfə qalxıb-enə bilib.

2010-cu ilin sentyabrın 1-də Bakı şəhərinin “Bayraq meydanı”nda ucaldılan dirək “Ginnesin Rekordlar Kitabı”nda dünyanın ən uca bayraq dirəyi kimi qeyd edilib.

Təəssüf ki, ölkəmizdə baş verən metro qəzası “Ginnesin Rekordlar Kitabı”na ən faciəli metro qəzası kimi düşüb. 1995-ci il oktyabrın 28-də “Ulduz” və “Nəriman Nərimanov” stansiyaları arasındakı tuneldə metro vaqonunun yanması nəticəsində 300 nəfərə yaxın insan həlak olmuş, 400 nəfər isə yaralanmışdı.

portal.azertag.az