Avropa İttifaqına (Aİ) üzv 27 dövlətin nağıl və əfsanələri Azərbaycan dilinə tərcümə edilib.
Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən APA-ya verilən xəbərə görə, rəngarəng kitab formasında nəşr olunan nağıllar toplusu ölkənin müxtəlif uşaq evlərində, sığınacaqlarında və uşaq kitabxanalarına paylanacaq.
Bildirilib ki, bu kitab Azərbaycandakı uşaqlara Avropanın müxtəlif xalqları haqqında məlumat əldə etməyə, köklərini və ənənələrini və Avropa dəyərlərini kəşf etməyə kömək edəcək.
“Saysız-hesabsız müharibələrdən alovlanan bugünkü Avropa sülhə can atır. Bu sülh bir-birini başa düşməkdən, fərqlərə hörmət etməkdən, oxşarlıqlar tapmaqdan və əməkdaşlığı inkişaf etdirməkdən başlayır. Qoy bu kitab parlaq və dinc gələcəyə doğru nəcib bir yolda kömək olsun. Daha geniş ictimaiyyəti Avropa nağıllarının sehrli dünyası ilə tanış etmək üçün çap versiyası ilə yanaşı, Aİ Nümayəndəliyi Aİ-yə üzv dövlətlərin Səfirlikləri ilə birlikdə, Səfirlər və səfirliklərin digər əməkdaşları tərəfindən danışılan nağılların video versiyalarını hazırlayıb və onlar peşəkar aktyorlar tərəfindən Azərbaycan dilində dublyaj edilib. Video-nağıllar 25 Avqust 2021-ci ildən etibarən Nümayəndəliyin https://www.facebook.com/EUDelegationtoAzerbaijan/ facebook səhifəsində hər gün yayımlanacaq. Kitabın Azərbaycan dilində elektron versiyası Aİ Nümayəndəliyinin İnternet səhifəsində mövcuddur”, – deyə qeyd olunub.