- Köşə

Ayağın sayalı olsun, Bahar

Həcər Paşayeva

Deyirlər, Loğman söylərmiş, yaz havasında ki bu qədər qüdrət var, təəccüblüdür, qəbirdə yatanlar nə üçün dirilib ayağa qalxmırlar?!. Tarixini hələ də dəqiqliklə bilmədiyimiz Novruz bayramının xalqımızın həyatında, məişətində rolu heç nə ilə müqayisə olunmaz.
Şumerlərdən üzü bəri adlayıb gələn, tarixin heç bir dönəmində bizə heç bir tiranın unutdura bilmədiyi Novruz- bahar bayramı! Nə islam dini, nə rus imperiyası ilk inancımızın yaddaşımızda, qanımızda özünə möhkəm yer edən bu bayramı bizə unutdura bilmədi. Novruz bayramı 2009-cu ildən YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında 21 Mart tarixi “Beynəlxalq Novruz günü” elan edilmişdir.
Otuz ildən çoxdur ki, hər il Novruz arzularımız Qarabağla bağlı olub : “Arzu edirik ki, gələn il Novruz bayramını Qarabağda qarşılayaq!” Arzularımız çin oldu, gül açdı. Xalqın və dövlətin birliyinin ehtişamını, böyüklüyünü, gücünü gördü dünya. Dünya bizim oğullarımızın döyüş ruhunun böyüklüyünün, azadlıq uğrunda döyüşlərinin şahidi oldu. Bir daha sübut etdik: “Bizimlə işiniz olmasın, işiniz yaxşı olmaz!” Şükürlər olsun ki, bu gün Şuşada bayram tonqallarına od vurduq. Bu gün Qarabağda bizim əsgərlər Novruz bayramı keçirir. Bundan böyük sevinc, şəhidlərimiz sarı təskinlik olmaz.
Novruz bayramı təmizlik, yenilənmə, sevinc, gözəl günlərə ümid və inam bayramıdır. Bu günlərə əvvəlcədən hazırlaşar, bütün evləri dibdən-dəhnədən yığışdırar, xalça-gəbələri töküb təmizlərdik. Novruz evi töküb yığışdırmağın ayrıca bir hikməti vardı. Ev həmişə təmiz olsa da, həmin günün təmizliyiy xüsusi ləzzət verirdi. Bayrama bir neçə gün qalmış bütün işləri bitirir, döşənmiş xalçaların üstündə sərilib qalardıq. Bu adət bilmirəm, tək bizdə idi, yoxsa hamıda vardı, ancaq bütün işlər bitəndən sonra yun xalçaların üzərində düşüb qalmağın sanki bir hikməti vardı: yorğunluğumuz çıxar, ağırlığımız bitərdi. Bundan sonra bircə şirniyyat bişirməyin qayğısı qalırdı. Həmin gün- martın iyirmisi gəlirdi. Uşaqlar günortadan kiçik damların üstündə kənarlara ya taxta parçasını, ya da toğlubaşı böyüklükdə kərmələri neftə batırıb düzər, axşama hazır saxlardılar. Köhnə paltarları büküb məftillə bərk-bərk sarıyar, məftildən qulp qoyardılar. Onları da neftə batırıb hazır saxlayardılar. Qalırdı tonqala od vurmaq. Gözümüz Arazdan o tayda qalardı ki, görək onlar nə vaxt bayram tonqalı yandıracaqlar. Bəzən onlar yubananda bu tayda nigarançılıqlar başlardı:
-Bir də baxın görək, onlar niyə yandırmadılar tonqalı? Bəlkə, Iraq olsun, bir ölüm-itim, hadisə var? – deyərdilər.
Bir də görərdik budur, o tayda təpəliklərdə tonqalların alovunu göyə qalxızıblar. Hamı sevincək tonqalını yandırar, uşaqlar dama düzdükləri kərmələrə, əskidən düzəltdikləri neftli şarlara od vurar, odlu şarları başları üzərində hərlərdilər. O odlu günlərin sevinci, nəşəsi ürəyimizi də eləcə isidər, bir ömür boyu yadımızdan çıxmayan şirin xatirələrə dönərdi.
Kimin ki yaxınında, qohum-qonşusunda yas düşmüş olardı, yığışıb həmin evə gedər, hərə əlində bir pay aparar, onun da tonqalını yandırar, ocağının üstünə qazan asardılar. Bundan sonra gəlib hərə öz evində bayramını keçirərdi.
Gecə düşəndə aş qazanlarının ağzı açılar, sinilərdə bayram xonçaları ortalığa gətirilərdi. İndi o bayram xonçasının ətrafına yığışıb seinə-sevinə yeməyimizin dadı-duzu nə üçün yoxdur? Niyə o qədər sevinə bilmirik? Bəlkə, illər, yaşadıqlarımız o günlərin nəşəsini aparıb zamanla?.
Yeməkdən sonra qız-gəlinin qulaq falına çıxmaları, üzük , su üstündə iynə falına baxmaları başlardı. İlahi, nə qədər ümidlə, sevinclə, həsrətlə o ritualları edərdilər. Evdə qulaq falına çıxanları nəzərə alıb heç kim pis , neqativ söz danışmazdı. Gecə yarısınacan papaq atanların səs-küyü kəsilməzdi.
Səhəri günü məhlədəki meydança yumurta döyüşdürən, müxtəlif oyunlar oynayan uşaqlarla dolub daşardı. Yeni ilin səhəri günü hava necə idisə , o baharı, ikinci günü yayı, üçüncü günü payızı, dördüncü günü qışı təmsil edərdi. Fikir verər, danışardılar: “Yay, deyəsən, yağışlı olacaq. Qışda qar az yağacaq. Payız bərəkətli olacaq” – deyərdilər. Aprelin ortalarınacan yağan yağışa isə əbri-neysan – canın, ruhun dərmanı deyər, başı açıq yağış altında dayanmağın necə böyük hikməti olduğunu deyərdilər.
İlimiz bərəkətli, ellərimiz azad, övladlarımız sağ-salamat, günlərimiz gözəl olsun!. Novruz bayramınız- yeni iliniz kutlu olsun!