- Ədəbiyyat

Ayaz İMRANOĞLU. Leyləklər fotosunun xatirəsi

                        (hekayə)

Bizim Zərnəli kəndi Həkəri çayının sahilindəki silsilə yallarda yerləşir. Bu yalların donqar dəvə belini xatırladan kiçik-kiçik təpələri kənardan baxanda bir topa dəvənin baş-başa dayanıb kövşək vurmağına bənzəyir. O təpələrdə evlər tikilib, 45-50 ev ola, ya olmaya. Hər təpə bir məhəllə idi, camaat məhlə deyirdi – yal məhlə, aşağı məhlə, yuxarı məhlə, Mollağa yalı. Bu məhlələr genişlənib birləşərək kənd olmuşdu. Evimiz yal məhlədəydi. Bomboz təpədə daşlı-çınqıllı həyətimizin bir tərəfi kəpirliyə dirənirdi ki, oradan yay aylarında tez-tez ilanlar çıxıb həyət-bacaya, evə doluşardı. Su çatışmazlığına görə həyətimiz səhranı xatırladırdı, yaşıllıqdan əsər-əlamət yox idi…

Bir gün atam həyətdə akasiya ağacı əkdi. İllər keçdikcə akasiya ağacının altında və ətrafında bitən pöhrələr böyüyüb həyət-bacanı başına götürdü. Əvvəllər yayda kölgəsinə sığınmağa bir yaşıllıq tapa bilməzdik, indi akasiya ağaclarının sayı-hesabı bilinmirdi. Akasiyaların  arasında sonradan bir qovaq ağacı da peyda oldu. Balaca qovaq illəri yola sala-sala böyüdü, əlçatmaz ucalığa qalxdı, yalan olmasın, hündürlüyü 15-20 metr olardı.

Bir yaz günü köçəri quşlar vətənə dönəndə bir leylək gəlib bizim qovaq acının budağının şiş ucunda  yuva qurdu. Sacaoxşar yuvaya ikinci leylək də gəldi, ailə oldular. Biz qardaşlar hər səhər uzunboğaz, nazik və uzunqıç, ağ tükləri pərpər parıldayan leyləklərin uzun, enli, yastı dimdiklərinin şaqqıltısına oyanırdıq. Qıçları üstə qar topası kimi ağaran, Günəş şüasının altında lələkləri işım-işım işıldayan, biri yatanda o birisi “sevgili”sinin, balalarının və yuvanın keşiyini çəkən leyləklərin tamaşasına durmaq qardaşım Bəylərin vərdişinə çevrilmişdi, leyləklər də ona isinişmişdilər. Bəylərin onlarla təmas qurmaq istəyini anlayırdılar elə bil, əli ilə onlara işarələr göndərməsindən hənir alırdılar, onlara sevgimizi baxışlarımızdan duyurdular. Bəylərin hərəkətlərini ilk vaxtlar gizli-gizli gözaltı izləyər, xəlbirdə gətirib çəpər boyunca qovağın dibinə səpdiyi buğda dənələrinə tamarzı-tamarzı yuxarıdan baxar, aşağı enib qızılı buğda dənələrini dənləməz, həyət-bacaya qonmazdılar. Çəpər-çalıdan ancaq kölgələri ötüb keçərdi. Səbəbini soruşanda atam deyərdi ki, insan nəfəsi dəyən yerlərdə yaşamalarına baxmayaraq leyləklər həyət quşu deyil, oğul bala, ələ öyrəşməzlər, zibilliklərdə, küllüklərdə eşələnməzlər, dümələnməzlər, dən dənləməzlər. Həcc quşlarıdı, ona görə də müqəddəs sayılır, yuvalarını dağıtmaq, onlara güllə, daş atmaq olmaz, günahdı. Leyləklər bağ-bostana ziyan vurmazlar, əksinə, xeyirləri dəyər, bədxah deyillər, xeyirxahdılar, tarlaları ziyanverici cücülərdən, qurd-quşdan təmizləyər, həşəratlarla qidalanarlar, zəhərli ilanların da qənimidirlər.

Yay yenicə girmişdi. Bir səhər leyləklərin yuvasından körpə quş civiltiləri eşitdik. Evdəkilərin hamısı başını qaldırıb gözlərini yuvaya dikdilər. Sevincimizi sözlə demək mümkün deyildi, hətta qonşu uşaqlar da leylək balalarının civiltisinə qulaq asmaqdan ötrü həyətimizə yığışmışdılar. Bizim hələ görmədiyimiz leylək balalarına anası yem daşıyırdı. Hər dəfə ana leylək balalarına yem gətirib yuvaya qonanda balaların civiltisi ətrafı başına götürürdü. Bəylər evimizin çardağına çıxdı ki, bəlkə yuvadakı balaları görə. Çardağa çıxan kimi sevinib qışqırdı, – dörd balası var!…

Həmin gün axşamüstü leyləklərin ikisi də qəribə səslər çıxaranda, budaqdan-budağa atlananda, qeyri-adi hərəkətlər edəndə balaların civiltisi də bir-birinə qarışmışdı. Birdən gördük ki, ana leylək sürətlə şığıyıb dimdiyi ilə nəyisə götürdü, göyə qalxdı. Dimdiyindən sallanan uzun ilan yerdən görünürdü. Leylək göyün ənginliyində bir neçə dəfə dövrə vurub ilanı dimdiyindən yerə buraxdı, ilan iri qaya parçasının üstünə düşüb parça-parça oldu. Hamımız “ura!” qışqırıb sevinirdik, sən demə ilan leylək balalarını yemək üçün yuvaya girirmiş…

Artıq balalar pərvazlanmışdı. Anaları balalarını uçmağa, yem tapıb qidalanmağa, düşməndən qorunmağa öyrədirdi. Payız düşəndə leyləklər balaları ilə birlikdə uçub getdilər. Bəylər leyləklərdən ötrü yaman darıxırdı. Atam onun başını sığallayıb başa saldı ki, darıxma, oğlum, onlar yazda qayıdıb gələcəklər.

Bəylər yazın gəlməsini elə səbirsizliklə gözləyirdi ki… Yazda leyləklər qayıdıb gəldilər, İki leylək bizimlə salamlaşırmış kimi evimizin üstündə bir neçə dəfə dövrə vurduqdan sonra yuvaya qondular. Bir gün gördük ki, leyləklərdən biri həyətimizə düşüb. Təəccübləndik, qanadının biri sallanıb yerə dəyirdi, ona görə də yuvasına qalxa bilməyib, dar ayaqda özünə doğma bildiyi bizə pənah gətirmişdi. Bəylər leyləyi tutdu və gördü ki, yaralanıb. Qardaşım bizə tərəf qəmli-qəmli baxanda atam dilləndi:

-Görəsən bunu hansı qansız edib, qanadı qırılıb.

Bəylər ağlayırdı. Atam yaralı leyləyi torbaya qoyub harasa apardı, axşamüstü qayıtdı:

-Məmmədbəyliyə, sıniqçı Hüseyxan kişinin yanına aparmışdım, unla yumurtanın sarsını qarışdırıb sarıdı, dedi ki, muğayat olun, tərpənməsin, qanadı bitişənəcən evdə saxlayın, sağalacaq.

Bir müddətdən sonra leyləyin qanadı bitişib sağaldı, yavaş-yavaş həyətimizdə gəzməyə başladı.  Bir neçə gün də keçdi, yavaş-yavaş qanad çaldl, bir gün də gördük ki, uçub yuvasına qondu. Yuvada yenə qoşa yaşadılar, payızın ortalarında yenə köç edib getdilər…

… Artıq böyümüş, hərəmiz kəndin bir tərəfində ev tikib, ailə qurub yaşayırdıq. Harda olsaq da mütləq leyləklərdən xəbər tuturduq. Bəylər şəhərdə oxuyurdu. Şəhərdən tətilə gələndə fotoaparat alıb gətirmişdi. Leyləklər yuvasında olanda bir neçə dəfə şəklini çəkmişdi. Həmin şəkillərdən birini böyüdüb yaşadığı otağın divarından asmışdı. Şəkil o qədər gözəl idi ki, baxanlar heyran qalırdı…

Aylar, illər dolandı. Leyləklər hər yaz gələr, payızda isti ölkələrə qayıdardılar, kəndimizin, həyətimizin sakinləri köçəri leyləklər hamımız üçün doğmalaşmışdı. Qarabağ müharibəsi başlayan il onlar çox tez getdilər və bir daha qayıtmadılar. Hamımız məyus olmuşduq…

Atam bir gün bizi başına yığıb narahatlıqla sanki  sabahkı günümüzdən xəbər verirdi:

-Balalarim, leyləklər qayıtmadı, belə çıxır ki, bizi təhlükə gözləyir. Onlar qayıtmamağı ilə bəlkə başımıza gələcək müsibətlərlərdən bizə xəbər verirlər. Leyləklər sülh quşlarıdır, qan-qada, ölüm-itim olan yerlərdə yaşamırlar. Bu müharibə bizə bəlalar gətirəcəyini hiss etmişdim. Elə də oldu, görün leyləklər necə həssasmış…

… Məskunlaşdığımız paytaxt şəhərində bir gün hamımız atamın başına yığışmışdıq, o, elə bil ki, o vaxtkı söhbətinin ardını danışırdı:

– Ermənilərin oynadığı Qarabağ “oyun”u müharibəyə çevrildi, biz də elimizdən-obamızdan didərgin düşüb məcburi köçkün taleyi yaşadıq. O  yerlərin həsrəti ürəyimizə köz basıb. O vaxt mən deyəndə ki, leyləklər bizi başımıza gələcək müsibətlərdən xəbərdar edir, hamınız dodaqaltı gülümsədiniz ki, deyəsən kişi qocalıb. Yox, mənim ağlım, fəhmim yerindəydi…

… Bəylər qardaşımgilə getmişdim, ordan-burdan, kəndimizdəki xatirələrdən, düşmən caynağında qalan həyətimizdən, evimizdən, qovaq ağacında qalan leylək yuvasından, uşaqlığımızdan danışırdıq. Xatirələrimiz nisgilli olsa da ömrümüzün bir hissəsiydi, yaddaqalan idi. Söhbətin şirin yerində qardaşımın oğlu Elvinin yadına nəsə düşüb cəld ayağa qalxdı, gedib hardansa bir şəkil tapıb gətirdi. Aman Tanrı, həmən şəkil idi – o vaxt Bəylərin çəkdiyi leyləklərin fotosu.

Bəylərin fotoya baxıb gözləri doldu, az qalırdı hönkürüb ağlasın:

-Görəsən leyləklər qayıdacaqmı? – deyib başını yana çevirdi ki, duyğulandığını heç kəs görməsin.

Ortaya dərin sükut çökmüşdü, şəkil əvvəlki ovqatımızı dəyişmişdi. Gözlərimizin önünə kəndimiz gəldi. Kəndimizdən qalan bu tək foto bizi Zərnəliyə, evimizə aparmışdı, oranın hər yerini – daşını, torpağını, leyləyin göyün bir qatından ilanı üstünə buraxıb param-parça etdiyi qayanı, sacaoxşar leylək yuvasını, ilanların məskəni kəpirliyi görmək istəyirdik…

 

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova