(felyeton)
Bu yaxınlarda üç rəfiqəmlə şəhərin münasib yerində görüşdük. Çoxdan idi ki, bir-birimizdən xəbər tutmurduq. Elə əsasən telefonla, vatsapla aradabir səsli hal-əhval tutub hamımızın sağ-salamat olduğunu bilib arxayınlaşırdıq. Axırda xalq arasında deyildiyi kimi, şeytanın qıçını (niyə qıçını və niyə yazıq şeytanın, bunu sonra təhlil edərik, ancaq şeytanın bizim görüşümüzə mane olmasına nə desəniz də, inanmayacam, çün belə mənasız söhbətlərdən uzağam) sındırıb bir yerə yığışa bildik. Dördümüz də ixtisasca xarici dil müəllimiyik. Amma rəfiqələrimdən biri məktəbin rus bölməsində, bir başqası liseydə, üçüncüsü universitetdə ingilis dilini tədris edir. Bəndəniz də vaxtilə müəllim işləmiş olsa da, indi bu peşədən uzaqlaşıb.
Nə isə, başınızı ağrıtmayım, Mustafaya gələk. Soruşmayın da, Mustafa kimdir, gərək hər şeyin xırdalığına gedəm? Yəni sözümün canına, əlqərəz, mətləbə. Aramızda olan söhbəti elə bir məxfilik daşımadığına görə sizinlə bölüşmək istəyirəm, o səbəbdən ki, sizlərdən niyə pünhan qalsın axı. Xüsusən də məsələ milli xüsusiyyət daşıyan dildən gedirsə.
Xülasə, bir kafe manşırlayıb, üz tutduq ora. Ofisiant bizə menyunu verib getdi. Qızlar girişdilər adamın ağzının suyunu axıdan təamların rəngbərəng şəkilləri olan menyunun sürüşkən səhifələrinə. Menyu da nə menyu… İngilis və türk dilində adlar, içinə qatılan inqrediyentlər də o dillərdə.
– Nə “zakaz” edək?
– Mən “dieta”dayam. Keçən ildən “kilo almışam”. Ona görə indi bir az “relax” ([riləks]). “Stoliçnı” götürəcəm.
– Biz də “pervıy” mərci supu, “vtoroy” da “derevenski” kartofla langet deyək.
Mən də menyuya göz atıb şəkli diqqətimi çəkən bir salat seçdim, amma tərkibini oxuyanda çaşdım: “lahana”, “mantar”, “susam”, “karides”… Lənət sənə, kor şeytan. Lüğətə baxası oldum. Rəfiqələrim də altdan-altdan mənə gülürdülər:
- “Dizi”lərə-“falan”a baxmırsan sən? Bilmirsən bu sözləri?
Dinmədim. Qızlar da çoxdandır bir-birlərini görmürdülər deyə, tezliklə məni unudub hər şeyi bir-birinə qataraq min cür şeylərdən gap eləməyə başladılar. Rus bölməsində dərs deyən rəfiqəmin dərdi açılmışdı:
– İndiki uşaqlar da, valideynləri də elə “naqlı”dırlar. “Zvonok”da da rahatlıq yoxdur. “Prosto nenaviju”, onsuz da “zarplata” da heç nəyə çatmır, ara yerdə “nervinni” olmuşam. “Kocişim” (“ərim” yəni) də deyir ki, birtəhər döz.
– Oy, “canım”, “ne qovori”, hər dəfə əsəbiləşəndə özüm özümü sakitləşdirirəm, deyirəm “kəndinə gəl” – türklər demiş.
Bir az da bu minvalla ordan-burdan söhbət edib gördük neçə saat keçib. Rəfiqələrimin yekdil təklifi ilə “nemetski şot” eləyib dağılışmağa qərar verdik.
Taksiyə minəndə rəfiqələrimdən biri böyüklük ədasıyla:
– Az, sən “tupoy” şeysən, çatanda “şofer”dən “zdaça”nı almaq yadından çıxmasın, – dedi.
Əlqərəz, taksiyə əyləşən kimi sürücü başını arxaya çevirib mənə sual verdi:
– Hara gedirik, xanım? “Adres” haradır?
– Sifariş verəndə yazılır da sizdə, – dedim.
– Hə, “prosto” telefonum “güncəllənir” deyə naviqatora baxammıram.
Evə çatana yaxın sürücü mənə tərəf dönüb:
– “Kruq”dan girim məhləyə?, – deyə bir sual da verdi.
Nə isə, rəfiqəmin “önərdiyi” kimi düşəndə “zdaça”nı aldım. Bloka girmişdim ki, rəfiqələrimdən biri zəng elədi.
– Az, çatmadın? Nə gec oldu?
– Sürücünün telefonu “güncəllənirdi” deyə naviqatora baxa bilmirdi, yolu mən izah etmişəm, şəhərdə də dəhşət tıxac vardı.
– “Güncəllənirdi” nədir az?
– “Update” ([apdeyt]) olurdu yəni.
– Həə, sən də belə de də. “Güncəllənirdi”, yox bir…
Sağollaşıb “otboy” etdim, yamanca yorulmuşdum.