- Dil

Azərbaycan dilini onu sevənlər yaşadacaqlar

Feysbuk sosial şəbəkəsində Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi adlandırılmış səhifə ilə Pərvanə Bayramqızının sayəsində tanış oldum. Səhifəni izlədikcə xeyli rahatlıq tapdım. Mərkəzin üzvlərinin ana dilinin qorunması uğrunda apardıqları mübarizəni alqışladım və bununla qürur  duydum.

Son zamanlar hər addımbaşı Bakının küçələrində rast gəldiyimiz elan və reklam lövhələrinin, Veb səhifələrdə, radio və televiziya kanallarında eşitdiyimiz yad sözlərin, savadsızcasına  doğma dilimə sırımaq istədikləri ifadələrin nə vaxt yığışdırlacağı, buna qarşı mübarizə aparacaq ziyalılarımızın nə zaman hərəkətə keçəcəkləri məni narahat etdiyi bir vaxtda  belə bir mərkəzin yaradılması, buna təşəbbüs göstərilməsi məni məmnun etdi. Orfoqrafik baxımdan olduqca eybəcər şəkildə yazılmış lövhələrlə qarşılaşarkən şəklini çəkib Mərkəzə göndərib təsisçi Vasif Sadıqlının və digər üzvlərin münasibətini öyrənməyi vacib bildim.

Ana dilinə ögey münasibət bəslənilən bu zamanda dilinə sevgiylə yanaşıb, onun qeydinə qalan könüllü insanları alqışlamaqla yanaşı, onlara həm də dəstək olmaq lazımdır. Azərbaycan dilini onu sevənlər yaşadacaqlar. Dil millətimizindir, onu korlamağa heç kəsin haqqı yoxdur. FADMM-ın gördüyü işlərin, araşdırdıqları sahələrin haqqında dərc edilən yazıları oxuduqca adamda ümid hissi güclənir. Əmin oluruq ki, layiqli vətəndaşlar çoxdur, onlar Vətənlərini, ana dillərini qoruyub nəsildən-nəsilə ötürəcəklər.

Mərkəzin fəaliyyətinə hər bir Azərbaycan vətəndaşı dəstək olmalı, öz töhfəsini verməlidir.

FADMM-a uğurlar diləyirəm!

Yeganə MƏMMƏDOVA

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, AR ƏƏSM Nazirliyi tabeliyində  DSMF nun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının Hüquq departamentinin müdiri