- Dil

FADMM-in 1 yaşı

Nəriman QASIMOĞLU

Hansısa qeyri-hökumət təşkilatını bircə illik fəaıiyyəti dövründə həyata keçirdiyi işlərin miqyasına görə dəyərləndirməli olanda ən yaxşı halda adətən 1-2 layihədən, özü də maliyyələşən layihədən söz salırlar.

Bu mənada Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi – FADMM çoxsaylı qeyri-hökumət təşkilatları içində istisnadır. Özü də hər mənada:

  • 1 il ərzində maliyyə qrantlarından istifadə etmədən çalışdı;
  • 1 ildə gördüyü işlər FADMM-i ölkədə ictimai fikrin dövlət dilinin qarşılaşdığı problemlərin həllinə yönəldilməsində, demək olar, əsas intellektual mərkəzə çevrilə bildi.
  • 1 illik fəaliyyəti nəticəsiz qalmadı, Azərbaycan dilinin dövlət dili statusuna uyğun işləkliyinin təmin olunmasında ölkə ziyalılarının səylərini birləşdirdi, onları mətbuat orqanlarında çıxışlara sövq etdi və, nəhayət, göstərdiyi təşəbbüslər dövlət orqanlarında (AMEA-da, Bakı Şəhər İcra Hakimiyyətində) müzakirələrə səbəb oldu.
  • 1 il boyunca reklam və ticarət obyektlərinin adlarında Azərbaycan dilinin sıxışdırılmasının qarşısının alınması, “Dövlət dili haqqında” qanuna riayət edilməsi tələbləri səpkisində apardığı yorulmaz mübarizə qardaş Türkiyədə də əks-səda yaratdı, orada da müvafiq qanunun qəbuluna təkan verdi.

Son olaraq qeyd edim ki, FADMM bir yaşına qədərki fəaliyyəti ilə millətə təmənnasız xidmətin əvəzsiz nümunəsini sərgilədi. Bundan gözəl nə ola bilər?

FADMM-ə uğurlar arzulamaqla bu istəyimi də, yeri gəlmişkən, ifadə edim ki, müvafiq sahədə dövlət dəstəyi ilə fəaliyyət göstərənlər ondan ibrət götürsünlər. Səlahiyyətli şəxslər isə bu fəaliyyəti dəyərləndirsinlər. Maddi mənada demirəm, sadəcə FADMM-in qaldırdığı təşəbbüsləri həyata keçirsinlər, üzərinə götürdüyü ağır yükdən onu azad etsinlər, vəssəlam.