- Mədəniyyət

Azərbaycanlı dirijor Vyana orkestri ilə Fikrət Əmirovun əsərlərini ifa edib

Vyana şəhərində azərbaycanlı dirijor, bəstəkar və pianoçu Abuzər Manafzadənin diplom konserti keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, Vyana Musiqi Cəmiyyətinin Mədəniyyət Evinin “Qızıl zalı”nda baş tutan təntənəli konsertdə həmyerlimizin dirijorluğu ilə Vyana Radio Simfonik Orkestri dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Kürd Ovşarı” simfonik muğamı və “Azərbaycan kapriççiosu” əsərlərini ifa edib.

Vyanada Azərbaycan klassik musiqisini təbliğ etmək kimi nəcib missiyanı həyata keçirən soydaşımız bu əsər seçimi ilə dahi bəstəkarın dünyada qeyd olunan 100 illik yubileyinə də öz töhfəsini verib.

Avstriyalı tamaşaçılar hər iki əsəri böyük maraq və alqışlarla qarşılayıblar.

Qeyd edək ki, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə dünyada böyük nüfuza malik olan Vyana Musiqi və Səhnə Sənətləri Universitetinin dirijorluq fakültəsinin məzunu olub. O, Bakı Musiqi Akademiyasının və Türkiyənin Yedditəpə Universitetinin dosenti, Azərbaycanın əməkdar artisti İslam Manafovun oğlu, Azərbaycanın əməkdar artisti, pianoçu və dirijor Turan Manafzadənin qardaşıdır.

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən Diaspor Gənclərinin I Yay Düşərgəsində və Dünya Azərbaycanlılarının V Qurultayında iştirak edib. “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalına layiq görülüb.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova