- Ədəbiyyat

Natəvan BAĞIROVA. Şuşanın ürəyi şeir istəyir

Vaqifin qələmi, Zakirin təbi,
Şuşanın ürəyi şeir istəyir.
Növrəsin qəzəli, Nəvvab məktəbi,
Şuşanın ürəyi şeir istəyir.

Üzeyir Cəngisi, Bülbülün səsi,
Sürəyya Qacarla Xan zümzüməsi,
Sadıqcan “Segah”ı, “Mahur Hindi”si,
Şuşanın ürəyi şeir istəyir.

Cəhənnəm zənn edən cənnət qürbəti
Fətəli şaha da qoyan minnəti
Ağabəyim ağa,öz səltənəti
Şuşanın ürəyi şeir istəyir.

Əli qədəmgahı olan Düldülün,
İntizarda qalan Xarıbülbülün,
Aşiqi şeydası “Qərənfil” gülün,
Şuşanın ürəyi şeir istəyir.

İgidlər əzmilə boğulub yağı,
İndi şadlıq edir Bağrıqan dağı,
İnləmə,sızlama,söyləmə ağı,
Şuşanın ürəyi şeir istəyir.

Əsirdin, azadsan,qurtuldun, Şuşa,
Qol-boyun sarılaq, sarmaşaq qoşa,
Qırxqız yaylağını çəkək ağuşa,
Şuşanın ürəyi şeir istəyir.

Xoş sədan yayılsın Məşədi İsi,
Avazla gurlasın qoy Hacı Hüsü,
Xan qızı çağırsın “ Məclisi-Üns”ü,
Şuşanın ürəyi şeir istəyir.

Ayrılıq həsrəti könlümü dəlib,
Tanrı xoş çağını yenidən verib,
Görüşə Ali Baş Komandan gəlib,
Şuşanın ürəyi şeir istəyir.