- Mədəniyyət

Azərbaycanlı dirijor İtaliyada beynəlxalq müsabiqənin münsiflər heyətində yer alıb

İtaliyanın Apuliya regionunun Molfetta və Bişelye şəhərlərində ilk Aralıq dənizi Beynəlxalq Dirijorluq Müsabiqəsi- “Mediterranean International Conducting Competition 2026” keçirilib. Müsabiqə görkəmli italyan dirijoru və musiqi pedaqoqu maestro Mariano Pattinin xatirəsinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, bu mötəbər beynəlxalq müsabiqədə dünyanın 30-dan çox ölkəsindən 100-ə yaxın gənc dirijor iştirak edib. Yarışmanın münsiflər heyətində Azərbaycanı ilk dəfə Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və Dövlət Kamera Orkestrinin dirijoru, Əməkdar artist Əyyub Quliyev təmsil edib. O, tanınmış dirijorları, musiqiçiləri və aparıcı musiqi təşkilatlarının nümayəndələrini bir araya gətirən bu nüfuzlu komissiyanın üzvü olub.

Müsabiqənin seçim turları və yarımfinal mərhələsi Molfetta şəhərində yerləşən Auditorium Madonna della Rosa konsert zalında keçirilib. Final mərhələsi isə Bişelye şəhərinin tarixi Teatro Garibaldi teatrının səhnəsində baş tutub.

Müsabiqənin təntənəli bağlanış mərasimi Orchestra Sinfonica Federiciana simfonik orkestrinin iştirakı ilə keçirilib. Finalçılar orkestrin müşayiəti ilə öz dirijorluq məharətlərini nümayiş etdiriblər.

İlk dəfə keçirilən “Mediterranean International Conducting Competition” gənc dirijorların dəstəklənməsi, peşəkar əməkdaşlığın inkişaf etdirilməsi və müxtəlif ölkələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətli beynəlxalq musiqi hadisəsi kimi yadda qalıb.