Dövlət Tərcümə Mərkəzi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (Nəsimi adına Dilçilik İnstitutu; 2013-cü və 2021-ci il nəşrləri) kitabından çıxarılan orfoqrafik, qrammatik qüsurların, milli mentallığımıza kölgə salan əcaib mənalı söz quramaları və səs təqlidlərinin, qeyri-işlək ərəb, fars, monqol, hind, çin, rus, ingilis, fransız və s. xarici söz və ifadələrin, əcnəbi mağaza, maşınyuma məntəqəsi, sayt, portal, təmir, istehsal, ticarət şirkətləri, xarici adam adları və soyadları və s.-nin toplandığı irihəcmli (ixtisarla 453 səh.) “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılan sözlərin Təsnifatı” kitabını nəşr edib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, kitab “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə yer almış qüsurlu söz və ifadələrin illər və nəşrlər üzrə artım statistikası” adlı giriş bölümü ilə açılır və “Söz quramaları”, “Səs təqlidləri”, “Yazılışı, yaxud mənası qüsurlu sözlər”, “Yazılışı müxtəlif qaydada verilmiş sözlər”, “Qeyri-işlək ərəb, fars, rus və digər əcnəbi sözlər”, “Şifahi danışıq elementləri, loru ifadələr”, “Sözlərə dair lüzumsuz hallandırmalar”, “Məhdud sahəvi terminlər” kimi bölümlərlə davam etdirilir.
Dil və lüğətçilik sahəsinin tədqiqi üçün nəzərdə tutulmuş vəsaitin tərtibçisi Xalq yazıçısı Afaq Məsud, texniki redaktorları Bəhlul Abbasov, Fərrux Rzayev və Selcan Abbasovadır.